Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Mariupoldan ‘ancaq tankla çıxmaq olar’


Mariupol, 10 aprel, 2022-ci il
Mariupol, 10 aprel, 2022-ci il

“Anlayıram. İşğal altında yaşamaq, yaxud ölməyi seçməlisənsə, işğal altında yaşamağı seçəcəksən”

“Şəhər tar mar edilib”. AzadlıqRadiosu-nun Ukrayna xidməti ilə əməkdaşlıq edən jurnalist Yuliya Harkuşa Azov dənizi sahilində mühasirədə olan Mariupol şəhəri haqda danışır. Jurnalist bu yaxınlarda şəhərdən çıxaraq Ukrayna ordusunun nəzarətində olan əraziyə keçə bilib.

“Rusiya üçün nəzarət etməyə heç nə qalmayıb. Bunun oxşarını 2-ci Dünya müharibəsində Drezdenin bombalanmasını göstərən fotolarda görmüşəm”, – jurnalist deyib.

430 minədək əhalisi olan şəhər

Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayanda Mariupol ölkənin 10-cu böyük şəhəri sayılırdı, 430 minədək əhalisi vardı. O həm də Donetsk regionunun ikinci böyük şəhəridir. Moskva Donetsk və qonşu Luqanskın müstəqilliyi tanıyıb, bu vilayətlər qismən Rusiya qüvvələrinin və Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

Separatçılar 2014-cü ildə Mariupolu ələ keçirə bilməyiblər. Həmin il Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib. İndi isə bu strateji liman şəhəri Rusiya üçün əsas hədəf kimi görünür. Kreml Krımla Ukraynanın şərqində tutduğu ərazilər arasında quru əlaqəsi qurmağa çalışır.

Rusiya ordusu aprelin 13-eə Mariupolda mindən çox ukraynalı dəniz piyadasının təslim olduğunu açıqlayıb. Təsdiqlənməmiş bu məlumatdan bir gün öncə Ukraynanın 36-cı dəniz piyadaları briqadası Facebook-da yazıb ki, sursatları bitib, əlbəyaxa döyüşə başlayırlar.

Mariupolun meri Vadim Boyçenko AP-yə deyib ki, müharibə başlayandan azı 10 min, hətta ola bilsin, 20 minədək dinc sakin öldürülüb. Onun iddiasına görə, Rusiya qüvvələri dinc sakinlərin ölümləri haqda dəlilləri məhv etmək üçün “mobil krematorilərdən” istifadə edirlər.

Evakuasiya alınmır

Rusiya dinc sakinləri hədəfə almadığını deyir. Amma yüzlərlə sakinin sığınacaq kimi istifadə etdiyi dram teatrı martın 16-da bombalanmışdı.

Qırmızı Xaç Rusiyanın nəzarətində olan ərazilərdən avtobusla evakuasiyalar təşkil etsə də, proses döyüşlərə görə təxirə salınır. Harkuşa kimi bəzi sakinlər Azov dənizi sahili boyunca, Rusiyanın nəzarətində olan ərazilərdən Qərbə piyada gedirlər. Yenə də Rusiyanın nəzarətində olan Melitopoldan Ukraynanın əlində olan əraziyə keçirlər.

Digərləri isə Rusiyanın ilhaq etdiyi Krıma yollanırlar.

“Anlayıram. İşğal altında yaşamaq, yaxud ölməyi seçməlisənsə, işğal altında yaşamağı seçəcəksən”, – Harkuşa deyir. Jurnalist Mariupoldan piyada çıxmağın təhlükəli və çətin olduğunu sözlərinə əlavə edir.

Mariupol merinin müşaviri Petro Andryuşenko deyir ki, rusiyalılar evakuasiyaya imkan versəydilər, hər şey sürətlə təşkil oluna bilərdi. “Bu məsələ bizdən, Ukrayna tərəfindən asılı deyil. İşğalçıların beynində nə olduğunu demək çox çətindir”, – o, AzadlıqRadiosu-na bildirib.

“Zorla deportasiya”

Andryuşenko Kiyevin səsləndirdiyi fikirləri bir daha dilə gətirir – Mariupol və ətraf ərazilərin sakinləri Rusiyaya, o cümlədən Sibirə “zorla deportasiya olunurlar”. O, həmin şəxslərin “qaçqınlar” kimi qeydə alınaraq Rusiyanın iqtisadi baxımdan vəziyyət yaxşı olmayan yerlərə köçürüldüyünü söyləyir.

Mariupol sakini Denis Minin sakinlərin evakuasiyasına kömək edir. Neçə nəfərin şəhərdən çıxa bildiyini soruşanda çiynini çəkir.

“Bacardığımız qədər adamı xilas edəndən sonra oturub sayacağıq. Mənim üçün hər bir şəxs belə ‘çox’ deməkdir”, – o deyir.

Minin sıravi sürücülərin qohumlarını Mariupoldan çıxararaq Zaporojyeyə aparmasına kömək edir.

“Sürücülərdən ikisi əsirlikdədir. Onlar maşınları ilə birlikdə qondarma Donetsk Xalq Respublikasına aparılıblar”, – o, aprelin 10-da radioya deyib.

Şəhərdən çıxmağa qorxanlar

Mariupola gedən könüllülər isə elektrik, telefon, İnterneti olmayan şəhərdə köçürməyə adam tapmalı olurlar. Minin deyir ki, onlarda 50-200 nəfərin gizləndiyi bomba sığınacaqlarının xəritəsi var, sürücüləri həmin ünvanlara yönəldirlər.

Amma şəhərdən çıxmağa qorxanlar da var. “Özünüzü Mariupolda təsəvvür edin. Tanımadığınız şəxs tanımadığınız maşında deyir ki, sizi pulsuz Ukraynaya (Ukraynanın nəzarətində olan əraziyə) çatdıracaq. Dərhal razılaşarsız?”, – Minin söyləyir.

Harkuşa isə indi avtomobillə şəhərdən çıxmağın mümkün olmadığını deyir, çünki yollar dağıntılar, qəlpələr, partlamamış sursatla doludur.

“Yalnız tankla gedib çıxa bilərsən”, – o vurğulayır.

Rusiya ordusu və separatçılar isə Mariupola humanitar yardımın çatdırılmasını əngəlləyir, yükü müsadirə edirlər. Bunu isə Zaporojye Könüllülər Assosiasiyası üçün işləyən Sergey Malışev deyir. İndi bu qrup yalnız döyüş zonalarından qaçmış köçkünlərə kömək edir.

XS
SM
MD
LG