Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:15

Əliyev deyir ki, ərazi bütövlüyü qarşılıqlı tanınmalıdır…


Dünya Azərbaycanlılarının V Qurultayı. Şuşa. 22 aprel 2022
Dünya Azərbaycanlılarının V Qurultayı. Şuşa. 22 aprel 2022

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanla aparılan danışıqlara da toxunub. O deyib ki, hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır: "Hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq".

Onun fikrincə, müqavilənin mətni tezliklə hazırlana, imzalana bilər: "Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik".

5 prinsip

Azərbaycan bir müddət öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlayıb: dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat əlaqələrinin bərpası.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Paşinyanın dedikləri…

Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə öncə-aprelin 13-də ölkəsinin parlamentində çıxışında Azərbaycanla münasibətlərə dair danışarkən bunları demişdi: "Bu gün beynəlxalq ictimaiyyət bizə aydın şəkildə deyir ki, dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə Artsaxa (Qarabağ) deyil, Ermənistana da böyük təhlükədir".

N.Paşinyan çıxışında iki ölkənin xarici işlər nazirinin sülh sazişi üzrə hazırlıqlara başlamasına razılıq verdiyini də söyləmişdi: "Bu praktikada nə deməkdir, qrafiki, formatı necə olacaq - bunu müzakirə edib qərarlaşdırmaq lazımdır. Amma Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması bizim planlarımıza daxildir".

Paşinyan Dağlıq Qarabağın statusu məsələsində Ermənistanın mövqeyinin beynəlxalq legitimliyini möhkəmləndirməyin vacibliyini vurğulayıb. Ermənistan tərəfdən bir sıra hallarda vurğulanıb ki, Qarabağın statusu da müzakirə olunmalıdır.

Brüsseldə

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Dünya Azərbaycanlılarının V Qurultayıdır

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev tədbirdə çıxış edib. Prezident deyib ki, tədbirin adı Zəfər qurultayıdır. Onun vurğulamasına görə, tədbir azad Qarabağda, azad Şuşada keçirilir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdi ki, bu tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənir.

Qurultayın rəsmi açılış mərasimindən sonra Komitənin fəaliyyətinə dair hesabat verilməlidir. Habelə, "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" və başqa mövzuda müzakirələrin təşkili planlaşdırılır. Tədbirin iki gün çəkəcəyi bildirilib.

Bundan əvvəl Dünya Azərbaycanlılarının IV qurultayı Bakıda 2016-cı ilin iyunun 3-4-də gerçəkləşib. İlk qurultay 2001-ci ildə, ikinci 2006-cı ildə, üçüncü qurultay isə 2011-ci ildə keçirilib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG