Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:11

LUKoil-un keçmiş rəhbərlərindən biri müəmmalı şəkildə ölüb


Fevralın 24-də Moskvanın Ukraynaya qarşı müharibəsi başlanandan bir sıra Rusiya biznesmenlərinin dalbadal və müəmmalı ölümləri baş verib

LUKoil şirkətinin keçmiş rəhbərlərindən biri – Aleksandr Subbotin xəbər verildiyinə görə müəmmalı şəraitdə dünyasını dəyişib.

Fevralın 24-də Moskvanın Ukraynaya qarşı müharibəsi başlanandan bir sıra Rusiya biznesmenlərinin, əsasən də neft-qaz sahəsi ilə bağlı olanların dalbadal və müəmmalı ölümləri baş verib.

Mayın 9-da Moskva polisinə yaxın mənbələr bildirirlər ki, Subbotinin qanında hər hansı kiməvi maddələrin olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilib.

Subbotinin meyiti mayın 8-də Moskva yaxınlığında yerləşən Mıtışşi şəhərində bir evin zirzəmisində tapılıb.

Mənbələrin xəbərinə görə evin sahibi, həm də Şaman Maqua kimi tanınan Aleksey Pindyurin deyib ki, milyarder onun yanına içkinin və narkotik maddənin təsiri altında gəlib və şamandan meyxoşluqdan çıxmaq üçün ayinin icrasını xahiş edib.

Bundan üç ay əvvəl LUKoil şirkətinin təsisçisi və başçısı Vahid Ələkbərov Avstraliya və Britaniya ona və bir neçə başqa Rusiya maqnatlarına sanksiyalar qoyandan sonra istefa verib.

Silsilə ölümlər

Elə həmin gün İspaniyadan alınan xəbərlərdə deyilirdi ki, Rusiyanın qaz nəhəngi Novatekin rəhbəri Sergey Protosenya, onun arvadı və qızının meyitləri ailənin Barselona yaxınlığındakı Loret de Mar şəhərində kirayələdikləri villada aşkar olunub.

55 yaşlı milyarder asılmış, arvadı və qızı isə bıçaqlanmış vəziyyətdə tapılmışdılar.

Aprelin 18-də Gazprombankın vitse-prezidenti Vladislav Avayevin, onun arvadının vıə qızının meyitləri Moskva mənzilində tapılmışdı.

Polis bildirmişdi ki, mənzilin qapısı içəridən kilidli olub və Avdeyev əlində tapança ilə tapılıb. Müstəntiqlərin ilkin versiyası bu idi ki, biznesmen əvvəlcə arvadını və qızını, sonra isə özünü öldürüb.

Martın 24-də başqa Nijni Novqorod şəhərində bir Rusiya milyarderinin, MedStom tibbi təchizat şirkətinin sahibi Vasili Melnikovun, onun arvadının və iki oğlunun meyitləri tapılıb. Onlar bıçaqlanmışdılar.

Fevralın 28-də rusiyalı maqnat Mixail Uotford Britaniyadakı Sarrey şəhərində, öz evinin qarajında asılmış vəziyyətdə tapılıb.

Fevralın 25-də Rusiyanın Ukraynaya müdaxiləyə başlamasından bir gün sonra Gazprom şirkətinin rəhbərlərindən Aleksandr Tyulyakov Peterburq şəhərindəki evinin yaxınlığında asılmış vəziyyətdə aşkar olunub. Polis meyitin yanında intihar məktubunun olduğunu bildirmişdi.

Gazprom şirkətinin daha bir meneceri – Leonid Şulmanın meyiti Peterburq şəhərindəki koteclərdən birində tapılmışdı. Polis onun da intihar məktubu yazdığını bildirirdi.

XS
SM
MD
LG