Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:14

Erdoğan Qərbdən nə qoparsa...


R.T.Ərdoğan
R.T.Ərdoğan

“AP” qeyd edir ki, Türkiyənin veto təhdidi özünün Vaşinqtonda və NATO-da statusuna zərbə vura bilər

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İsveçlə Finlandiyanın NATO üzvlüyünə qarşı olduğunu deyib, bu ölkələrin kürd yaraqlıları, Ankaranın təhlükəsizliyinə hədə yaradan digər qrupları dəstəklədiyini iddia edib.

NATO bu iki ölkənin üzvlük prosesini sürətləndirmək istəyir, amma bunun üçün Türkiyənin təsdiqi də vacibdir. Alyansın 30 üzvündən istənilən biri yeni üzvə qarşı veto qoya bilər.

“Associated Press” agentliyi NATO-da ordusuna görə ikinci yerdə gələn Türkiyənin adətən alyansın genişlənməsinə qarşı çıxmadığını, Ukrayna və Gürcüstanın mümkün üzvlüyünə dəstək verdiyini yazır.

İttihamlar

İsveç və Finlandiyaya gəlincə, Ankara bu iki ölkənin qadağan olunmuş PKK-ya, DHKP-C solçu ekstremist qrupuna və ABŞ-da yaşayan müsəlman ilahiyyatçı Fətulla Gülən tərəfdarlarına dəstək verdiyini deyir. Gülen 2016-cı ildə Türkiyədə uğursuz dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham olunur.

Son onillər ərzində xeyli sayda kürd, son vaxtlar Gülen tərəfdarı İsveçdə sığınacaq alıb. Türkiyə dövlət mediası yazır ki, İsveç və Finlandiya Türkiyənin istədiyi 33 nəfəri ekstradisiya etməyib.

Ankara həmçinin Türkiyəyə hərbi avadanlıq satışına məhdudiyyətlərdən qəzəblənib. Bu qadağaları Aİ üzvləri, eləcə də İsveç və Finlandiya, Türkiyənin 2019-cu ildə Suriyanın şimalına hərbi müdaxiləsindən sonra tətbiq edib.

Ərdoğan deyir ki, Ankara 1980-ci ildə Yunanıstanın NATO-ya yenidən qəbuluna razılıq verməklə etdiyi “səhvi” təkrarlamaq istəmir. Onun iddiasına görə, bundan sonra Yunanıstan NATO-nun dəstəyilə “Türkiyəyə qarşı mövqe tutub”.

Mümkün tələb siyahısı

Agentlik yazır ki, Türkiyə kompromis sazişi əldə etməyə çalışa bilər, yəni iki ölkə PKK və digər qruplara təzyiqi artırsın, əvəzində Ankara onların NATO-ya üzvlüyünü dəstəkləsin. Əsas tələb isə Suriyadakı kürd qruplaşması olan YPG-yə dəstəyi dayandırmaq ola bilər. Bu qrup Suriyanın şimalında İslam dövləti qruplaşmasına qarşı Qərbin müttəfiqidir, amma Türkiyə ona PKK-nın törəməsi kimi baxır.

Ərdoğan həmçinin Birləşmiş Ştatlar və digər müttəfiqlərdən güzəştlər qoparmağa çalışa bilər. Türkiyə ABŞ-ın F-35 qırıcıları proqramına qayıtmaq istəyir. Ankara Rusiyadan S-400 zenit raket kompleksləri almasının ardınca bu layihədən çıxarılıb. Türkiyə həmçinin F-16 qırıcılarından yeni partiya almaq, eləcə də mövcud təyyarələrini yeniləmək istəyir.

Digər mümkün tələblər isə müttəfiqlərin Türkiyəyə hərbi avadanlıq satışına qeyri-rəsmi embarqosuna son qoyulması; Aİ üzvlərindən Türkiyənin bloka qəbul edilməsi yönündə güzəştlər; ölkədəki 3.7 milyon suriyalı qaçqına dəstək üçün əlavə yardımla bağlı ola bilər.

Putinin adamı

“AP” qeyd edir ki, Türkiyənin veto təhdidi özünün Vaşinqtonda və NATO-da statusuna zərbə vura bilər. Türkiyənin Ukraynaya Bayraktar TB2 silahlı dronları verməklə qazandığı imici də zədələnər. Bu dronlar Rusiya qüvvələrinə qarşı effektli silaha çevrilib.

Vaşinqton İnstitutunda Türkiyə üzrə ekspert Soner Cağaptay deyir ki, bu halda Türkiyə NATO-da Rusiya Prezidenti Vladimir Putinin adamı kimi görünəcək. Onun sözlərinə görə, Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü əngəlləməsi Vaşinqtonun ona F-16 satması yönündə “müsbət dəyişikliyin” üstündən xətt çəkə bilər.

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə sıx münasibətlər qurub, bu əlaqələri balanslaşdırmağa çalışır. O, Ukraynanı dəstəkləyir, amma eyni zamanda Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.

“Ərdoğanın NATO-da prosesi məqsədli şəkildə pozması faktı belə deməyə əsas verir ki, ola bilsin, Kiyevə göstərdiyi güclü hərbi dəstəyi Rusiyaya siyasi dəstəklə balanslaşdırmaq istəyir”, – Cağaptay vurğulayır.

Vaşinqton görüşü

Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu bu gün – mayın 18-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşməlidir. “Financial Times” onun NATO-nun genişlənməsinə dəstək qarşılığında ABŞ-la sövdələşməyə cəhd edə biləcəyini yazır.

Avrasiya konsultasiya qrupunun Avropa üzrə direktoru Emre Peker də düşünür ki, NATO-nun etibarsız müttəfiqi kimi görünən Ərdoğan Kapitolidə özünə “tərəfkeş qazana bilməyəcək”.

FT qeyd edir ki, bəzi təhlilçilər Ərdoğanın təhdidini ciddiyə almağın tərəfdarıdırlar. Filadelfiyada yerləşən Xarici Siyasət Tədqiqat İnstitutundan Aaron Şteynin fikrincə, qərb rəsmiləri daima Türkiyə prezidentinin hədəsini düzgün qiymətləndirməyiblər.

“Hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Belə bir arqument irəli sürə bilərəm ki, o, Madrid sammitindən öncə sülhə gələ bilər. Amma ‘hamınız lənətə gələsiz’ də deyə bilər”, – təhlilçi söyləyir.

XS
SM
MD
LG