Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:47

Yerevanda etirazçılar Prezident sarayına girişi kəsiblər


Yerevan, 24 may, 2022-ci il
Yerevan, 24 may, 2022-ci il

Mayın 25-də səhər tezdən Yerevanda müxalifət tərəfdarları Prezident sarayına girişi kəsiblər. Onlar Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsində siyasətilə əlaqədar istefasını tələb edirlər.

Nümayişçilər Fransa meydanı yaxınlığında yerləşən prezident idarəsinin binasına gediblər. Bir neçə həftə öncə müxalifət tərəfdarları bu meydanda çadırlar qurmuşdular.

Prezident Vaaqn Xaçatryan mayın 21-dən Davosda Dünya İqtisadi Forumunda iştirak edir.

Ermənistanda istefa tələbi ilə etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

“Mübarizə dayanmayacaq”

Bu gün Prezident sarayına girişi bağlayan etirazçılarla polis arasında qarşıdurma yaranıb. Etirazçılar binaya daxil olmaq istəsələr də, onların yoluna polis kordonu düzülüb.

“Mübarizə dayanmayacaq, o, erməni xalqı, Artsax (Dağlıq Qarabağ), erməni xalqının rifahı uğrunda gedir”, – etiraz hərəkatının lideri, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.

Müxalifət aprelin sonundan Yerevanda etiraz aksiyaları keçirir, Paşinyanın istefasını tələb edir. Onlar baş naziri Dağlıq Qarabağın statusu məsələsində Azərbaycana birtərəfli güzəştlərə getmək niyyətində ittiham edirlər.

Hakimiyyət isə ittihamları rədd edərək bildirir ki, sülh danışıqlarında, yekun status məsələsində Dağlıq Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcək. Hakimiyyət təmsilçiləri həmçinin bildirirlər ki, etirazçıları əhalinin geniş təbəqəsi dəstəkləmir.

Danışıqlar gedən vaxt...

Etirazlar vaxtı müxalifət fəalları Yerevanda nəqliyyatın hərəkətini məhdudlaşdırıb, bir sıra administrativ binalara girişi əngəlləyib. Bu gün səhər onlar parlament binasına da yaxınlaşıblar, amma polis etirazçıları binanın yerləşdiyi Demirçyan küçəsinə buraxmayıb.

Dünən – mayın 24-də etirazçılar XİN-in binasına girişi bağlamışdılar.

Yerevanda etirazlar Ermənistan-Azərbaycan danışıqları fonunda baş verir. Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Aİ Şurasının başçısı Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər. Görüşdən bir gün sonra tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiya yaradıb, dünən isə komissiya sədrləri bir araya gəliblər.

Ermənistan müxalifəti bu prosesi Yerevanın Dağlıq Qarabağın Azərbaycandan kənar statusundan imtinası kimi yozur, Bakı ilə əldə olunan razılaşmaları “antierməni” hesab edir.

XS
SM
MD
LG