Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:56

'İdarəyə gedənə qədər silah narkotikə çevrilib'


Pünhan Kərimli
Pünhan Kərimli

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs edilən AXCP üzvü Pünhan Kərimli mayın 25-də məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Narkotik ittihamıyla həbs edilən AXCP-çi məhkəmədə bildirib ki, saxlanılarkən onun üzərində narkotik olmayıb. Onun sözlərinə görə, siyasi baxışlarına, Almaniyada mühacirətdə olarkən Azərbaycanda baş verənlərə qarşı etiraz aksiyasında iştirakına görə şərlənərək həbs olunub.

"İstəmirlər ki, insanlar həqiqəti eşitsin"

Kərimlinin vəkili də onun haqqında cinayət işinin əsassız olduğunu vurğulayıb və işə xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil deyib ki, cinayət işinə xitam verilməsə belə, o, məhkəmənin hökmü çıxarılana qədər ev dustaqlığına buraxılsın. Müdafiəçi kamera görüntülərinin alınıb araşdırılması, əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırıb. Lakin bu vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmə prosesi hüquqi baxımdan açıq olsa da, Kərimlinin məhkəməsini izləməyə gələnlər (qohumları, jurnalistlər, hüquq müdafiəçiləri) zala buraxılmayıb. Hakim Samir Əliyev heç bir əsas göstərmədən yalnız atası Vahid Kərimovun iştirakına icazə verib.

"Bu nə özbaşınalıqdır? Şərləyib tutmaqları azdır, istəmirlər ki, insanlar həqiqəti eşitsin. Çünki sifarişli işdir. Oğlumu saxlayanda deyiblər ki, üstündə silah var, əllərini qaldır. İdarəyə gedənə qədər silah narkotikə çevrilib", – atası AzadlıqRadiosuna belə deyib.

32-yaşlı Pünhan Kərimli CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

O, 2018-ci ildə Almaniyaya gedib, 2021-ci il noyabrın 25-də geri qaytarılıb. Bundan ay yarım sonra isə həbs edilib.

Altı aya altı nəfər həbs edilib

Son altı ay ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər həbs edilib. Onların dördü narkotik, biri bədənə xəsarət yetirmə ittihamıyla həbsdədir. Kərimli istisna olmaqla, digərlərinin məhkəməsi hələ başlamayıb. Bugünlərdə deportasiya edilən daha bir nəfər – Ziya İbrahimliyə isə 30 sutka inzibati həbs cəzası kəsilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil".

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını deyir.

XS
SM
MD
LG