Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Paşinyan: 'Bir dəhliz var... o da Laçın dəhlizidir'


Nikol Paşinyan: "Bizim regionda üçtərəfli bəyanata əsasən yalnız bir dəhliz var, bu da Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizidir"

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Naxçıvanı bağlayacaq yolun “sadələşdirilmiş rejimdə” işləyəcəyi barədə bəyanatından beş gün keçsə də, bu “sadələşdirilmiş rejimin” konkret nədən ibarət olacağına aydınlıq gətirilməyib.

Lakin Azatutyunun yazdığına görə ona bu barədə danışıqların bəzi təfərrüatları məlum olub.

Bu məlumatlara görə Ermənistan ərazisinə daxil olacaq yük və sərnişinlər əvvəlcə Rusiyanın sərhəd xidməti tərəfindən yoxlanacaq, daha sonra isə yoxlanışı Ermənistanın gömrük xidməti həyata keçirəcək.

Məlumata görə bundan sonra yük və sərnişinlərin keçidini Ermənistan keşikçiləri mühafizə edəcək və onların arasında minimum bir Rusiya zabiti olacaq.

Eyni qaydalar Azərbaycan ərazisindən keçən Ermənistan yükləri və sərnişinlərinə də şamil ediləcəkmi? Azatutyun yazır ki, bu barədə danışıqlar hələ davam edir.

Bu barədə yazan erməni jurnalist Tatul Akopyan qeyd edir ki, keşikçilərin arasında Rusiya patrulunun olmasını Bakı istəyib.

Azatutyun yazır ki, bundan on gün əvvəl Moskvada baş nazir müavinləri arasında keçirilmiş görüşdən sonra Bakı və Yerevan bu barədə müxtəlif məlumatlar yayıb.

Rusiya hökumətinin məlumatına görə isə tərəflər sərhəd, gömrük və başqa nəzarət barədə mövqelərini “yaxınlaşdırıblar”.

Ermənistan tərəfi isə bildirir ki, bu görüşdə “yanaşmalar dəqiqləşdirilib”.

Yenə də söhbətin hansı “yanaşmalardan” getdiyi məlum olmur.

Lavrovdan sonra qalan suallar

Azatutyun yazır ki, Lavrovun Yerevanda verdiyi bəyanatdan sonra açıq qalan suallar daha da artıb.

Lavrov bildirmişdi ki, Ermənistandan keçən yol “sadələşdirilmiş rejimdə” işləyəcək, lakin Ermənistanın suveren haqlarının pozulmasından söhbət gedə bilməz:

“Bildiyiniz kimi dəmir yolu (Azərbaycan və Ermənistan arasında - red) razılaşdırılıb, indi avtomobil yolunun razılaşdırılması, bu yolun hansı rejimlə işləyəcəyi barədə razılaşdırma başa çatdırılır. Bu sadə rejim olacaq, amma mütləq şəkildə Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq. Burada heç bir ikili məna ola bilməz. Bunlar yer üstündə praktik hərəkətlərlə, uzun illər ərzində yaradılacaq infrastrukturla bağlıdır. Buna görə də bunu birdəfəlik yox, on dəfə ölçüb-biçib etmək lazımdır. Bizdə tam hissiyyat var ki, həm azərbaycanlılar, həm də erməni həmkarlar məhz bundan çıxış edirlər”.

Azatutyun yazır ki, Ermənistan XİN bu bəyanatı hələ də şərh etməyib və eyni rejimin Ermənistanı Azərbaycan ərazisindən keçməklə Rusiya və İranla birləşdirən yollara da şamil edilib-edilməyəcəyi bilinmir.

Paşinyan: Dəhliz Ermənistan üçün “qırmızı xətdir”

Azatutyun yazır ki, bu barədə suala baş nazir Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində də cavab verib:

“Bilirsinizmi, bizim üçün belə demək mümkündürsə, dəhliz istilahı qeyri-məqbuldur. Çünki bizim regionda üçtərəfli bəyanata əsasən yalnız bir dəhliz var, bu da Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizidir. Amma üçtərəfli bəyanatda bir müddəa da var ki, kommunikasiyaların açılmasına aiddir. Mən dəmir yollarını, avtomobil yollarını nəzərdə tuturam. Biz əslində regional kommunikasiyaların suverenliyin qarşılıqlı tanınması və sərhədlərin pozulmazlığı prinsipi əsasında açılmasını müzakirə ediirk”.

Azatuyun xatırladır ki, hazırda Gürcüstandan və İrandan gələn sərnişinlərin pasport və gömrük yoxlanışını Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ermənistanın Dövlət Gəlirləri Komitəsi həyata keçirir.

Azərbaycanla Ermənistan arasında sadələşdirilmiş rejim nəyi nəzərdə tutur?
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Bu elə mahiyyətcə dəhliz deməkdir

Lakin Ermənistan politoloqlarından Areq Koçinyan düşünür ki, Ermənistan-Azərbaycan yollarının Lavrovun dediyi şəkildə açılması Yerevanın suverenliyini pozmuş olacaq:

“Əgər burada Rusiya sərhədçiləri olsa, Rusiya müşayiətçiləri olsa və bütün bunlara xüsusi status verilsə, funksional mənada bu məhz dəhliz deməkdir. Xüsusilə də Azərbaycan ərazisindən keçən sərnişin və yüklərə analoji status verilməsə...”

Politoloqun fikrincə, onlar qarantiya verməsələr və orada ruslar iştirak etməsə, bu keyfiyyətcə iki yol rejiminin mövcudluğu olacaq.

Koçinyan bildirir ki, bu halda təhlükəsizlik qarantiyası olan azərbaycanlılar yoldan istifadə edə biləcəklər, belə bir qarantiyası olmayan ermənilər üçünsə bu, mümkün olmayacaq:

“Yəni başqa sözlərlə söhbət ərazi dəyişikliyi edilmədən praktikada məhz dəhlizdən gedir. Mən istisna etmirəm ki, məqsəd elə əvvəldən belə olub, sonradan sadəcə olaraq əlavə tələblər irəli sürülüb ki, güzəşt imitasiyası yaradılsın”.

Azatutyun yazır ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur.

Bəyanata görə Azərbaycan və Naxçıvan arasında əlaqəni Ermənistan təmin etməlidir, lakin nəqliyyatın hərəkətinə Rusiya FTX-nin sərhəd xidməti nəzarət edəcək.

Üçtərəfli bəyanatda Rusiya tərəfinin hansı marşrutlara nəzarət edəcəyi göstərilməyib.

XS
SM
MD
LG