Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:51

Azərbaycan prezidenti: 'Bu, Ermənistanın özü üçün təhlükəlidir'


İlham Əliyev
İlham Əliyev

"Biz Ermənistan tərəfindən "Dağlıq Qarabağ"ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir". APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq: "Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur".

"Azərbaycanın başqa seçimi olmayacaq"

İ.Əliyev deyib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq: "Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var".

Prezident əlavə edib ki, Brüssel bəyanatı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin nəzərə alınacağını aydın şəkildə göstərir: "Mən düşünürəm ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən bəyan edilmiş və Brüsseldə Prezident Mişel, mənim özüm və Baş nazir Paşinyan arasında üçtərəfli görüşün nəticəsi olan bəyanat aydın şəkildə deyir ki, Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi nəzərə alınacaq. Biz bunu tam dəstəkləyirik. Bütün Azərbaycan xalqının hüquq və təhlükəsizliyi bizim konstitusiyamız tərəfindən təmin edilir".

Prezident İ.Əliyev ərazi iddiaları ilə bağlı bundan əvvəl də fikirlər dilə gətirib və bu, Ermənistan tərəfindən tənqidi reaksiya ilə qarşılanıb. Ermənistan XİN İ.Əliyevin mayın 27-də oxşar açıqlamasına cavab olaraq bildirmişdi ki, "qonşu dövlətin suveren ərazisi ilə bağlı ambisiyalar, bu məqsədlərə çatması üçün gücün tətbiqi mövqeyindən çıxış Azərbaycanın bölgədə sülhə nail olmaq niyyətlərinin səmimiyyətini şübhə altına alır. Bu, beynəlxalq normalara saymazlıqdan başqa bir şey deyil". Üstəlik, Ermənistan tərəfi hesab edir ki, Dağlıq Qarabağın təhlükəsizliyi sülh danışıqlarından ayrıca götürülə bilməz.

Brüssel danışıqları…

Bu il aprelin 6-da Prezident İ.Əliyev Brüsseldə Ermənistanın Baş naziri N.Paşinyanla görüşmüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu. Görüşün yekununda da bəyanat yayılmışdı.

Son aylar bu formatda düz üç görüş keçirilib (sonuncu görüş mayın 22-də olub), tərəflər arasında sülh sazişi ilə bağlı məsələlər müzakirə edilib.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, İkinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk Qrupu (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir) vasitəçilik edib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG