Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Ukrayna və Rusiya niyə uzun müharibəyə hazırlaşır


Xersonda Rusiya hərbçiləri
Xersonda Rusiya hərbçiləri

“Onun gedişatına beynəlxalq diqqət məsələsi də təsir göstərəcək. Artıq neftin, qazın bahalanması, inflyasiya diqqəti daxili problemlərə yönəldir"

Rusiya qüvvələri Ukraynanın şərqi Luqansk vilayətində son müqavimət istehkamını tutmaq üzrədir, Severodonetsk və Lisiçansk şəhərlərində ağır döyüşlər gedir.

Təhlilçilər Rusiyanın müharibədə irəliləməsinin ağır itkilərə başa gəldiyini deyir, Britaniya kəşfiyyatı isə bir neçə aya Moskvanın tempinin yavaşıyacağını proqnozlaşdırır.

Bu arada Kiyev Qərbdən daha çox silah, həm də sürətlə çatdırılma istəyir. Donbasda döyüşlərin intensivləşməsi Ukrayna qüvvələrinin böyük itkilər verməsinə səbəb olub, sursat ehtiyatları azalıb.

Proqnozlaşdırmaq çətindir

Ancaq müharibə tezliklə bitənə oxşamır. NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 20-də deyirdi ki, müharibə illərlə çəkə bilər. Rusiya Prezidenti Vladimir Putin isə Moskvanın Ukraynanın şərqi Donbas regionunu tutmaq planından əl çəkməyəcəyini bildirib.

Corctaun Universitetinin Təhlükəsizlik və Yeni yaranan Texnologiya Mərkəzinin əməkdaşı Marqarita Konayev AzadlıqRadiosunun müxbiri Reyd Stendişə müsahibəsində deyir ki, hazırda bu müharibənin ortasında, ortasının başlanğıcında olmağımızı, yaxud ortasının sonuna yaxınlaşdığımızı dəyərləndirmək çox çətindir. O, müharibənin bitməsinin siyasi qərar olacağını söyləyir. “Aydındır ki, hərbi faktorlar da mühüm rol oynayacaq, ancaq günün sonunda bu, siyasi öhdəlik, bu və ya başqa yolla siyasi kompromis olacaq ki, bu da Putin və Ukraynadan asılıdır”, – o, sözlərinə əlavə edir.

Donbasda gedən döyüşlərə gəlincə, ekspert gündəlik əməliyyatların Luqanska cəmləşdiyini, buna görə də Rusiyanın irəliləyiş əldə etdiyini vurğulayır: “Görünür, Rusiya bəzi logistik elementləri təkmilləşdirib və rəhbərliyinə dəyişikliklər edib, ancaq komandanlıq və nəzarətə ciddi dəyişiklik etdiyi görünmür”.

Payızın sonuna, qışa doğru...

Konayev döyüşlərin bütün yayı davam edəcəyini, çünki havanın buna imkan verdiyini söyləyir.

“Payızın sonuna və yəqin ki, qışa doğru səngimə ola bilər. Azından indilik, Qərb Ukraynanı təchiz etmək öhdəliyi götürüb. Ağır silahlar yoldadır, yaxud çatır və Ukrayna heç də döyüşü dayandırmağa meylli görünmür. Rusiya da irəliməkdədir, artilleriya və sursat üstünlüyü var. Bütün bunları nəzərə alaraq, müharibənin tezliklə dayanacağını gözləmirəm”, – deyən təhlilçi Rusiyanın bu gün ələ keçirdiyi ərazini gələn həftə itirə biləcəyini, bu savaşın sürətinə müharibənin əvvəlindən xeyli fərqləndiyini vurğulayır.

“Onun gedişatına beynəlxalq diqqət məsələsi də təsir göstərəcək. Artıq neftin, qazın bahalanması, inflyasiya diqqəti daxili problemlərə yönəldir. Bütün bu dəyişikliklər müharibənin trayektoriyasına təsir göstərəcək. Bu həm iki ölkə arasında gedən, həm də beynəlxalq müharibədir”, - Konayev deyir.

Xerson geri alına bilərmi

Bəs, Ukrayna əkshücumlara keçdiyi Xersonda ərazilərini geri ala bilərmi? Konayev deyir ki, Rusiya amfibiya əməliyyatlar apara bilmir, Qara dəniz vasitəsilə qüvvələrini yenidən təchiz edə və yerləşdirə bilmir, çünki Ukrayna Qərbdən aldığı silahlardan çox yaxşı yararlanır.

“Ancaq ukraynalıların Xersonu yenidən ələ keçirə biləcəyini deməyə tərəddüd edirəm. Digər tərəfdən, Rusiya cənubda hər hansı əraziyə tam da nəzarət eləmir. Rusiyanın necə irəliləməsi məsələsi də var, yaşayış məskənlərini, şəhərləri elə dağıdırlar ki, əhalisiz qalır. Xersonda belə olmasa da, Mariupolda, Severodonetksə bunu görmüşük.

Ona görə də Ukrayna qüvvələri Xersonu geri almağa çalışsalar, döyüş güclənə bilər, çünki bir şəhərə istənilən hücum əməliyyatı aşırı zorakı olur, böyük itkiyə başa gəlir. Ukrayna tərəfin Rusiyanın əlində saxlamaq istədiyi şəhəri geri almağa çalışması ciddi məsələ olar”, – Konayev deyir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib və Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG