Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:18

SOCAR-ın borcu hökumətin borcundan çoxdur


 2021-ci il ərzində şirkətin iki istiqraz buraxılışını məhz Dövlət Neft Fondu qarşılayıb.
2021-ci il ərzində şirkətin iki istiqraz buraxılışını məhz Dövlət Neft Fondu qarşılayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ötənilki fəaliyyəti haqqında maliyyə hesabatını açıqlayıb. Hesabatda qeyd edilir ki, şirkət 2021-ci ili 2 milyard 120 milyon manat xalis mənfəətlə başa vurub. SOCAR-ın yayımladığı hesabatda şirkətin mənfəət əldə etməsi ilə yanaşı, diqqətçəkən bir məqam daha var. Belə ki, ötən il boyunca şirkətin borcları 4 milyard manatdan çox artıb. 2020-ci ilin sonunda SOCAR-ın toplam 17 milyard 129 milyon manat borcu vardı. Həmin ilin sonunda bu rəqəm daha 4 milyard 237 milyon manat artaraq 21 milyard 366 milyon manata çatıb. Bu o deməkdir ki, şirkətin borc portfeli 2021-ci ildə 25 faiz artıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin əvvəlinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 136 milyon dollardır. Eyni tarixdə daxili dövlət borcu 3 milyard 68 milyon manatdır. Deməli, hökumətin toplam borcu manat ifadəsində 17 milyard manata yaxındır. Bu o deməkdir ki, hazırda SOCAR-ın toplam borcu hökumətin borcundan daha çoxdur. Əslində, bu məqam Azərbaycan rəsmilərinin tez-tez dövlət borcunun az olması ilə bağlı öyünməsini də sual altına alır. Belə ki, müstəqil ekspertlər hər zaman qeyd edir ki, Azərbaycanda dövlət borcunun hesablanmasındakı bəzi metodologiyalar beynəlxalq praktika ilə üst-üstə düşmür.

Hesablama Palatasının ötənilki büdcənin icrası ilə bağlı rəyindən məlum olur ki, SOCAR 2021-ci ili mənfəətlə başa vursa da, ötən il dövlət ən çox SOCAR-ın borclarını ödəyib. Belə ki, 2021-ci ildə "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" SOCAR-ın 215 milyon manat məbləğində borcunu ödəyib.

SOCAR-ın Dövlət Neft Fonduna olan borcları da artıb

Ötən il ərzində SOCAR-ın Dövlət Neft Fonduna olan borcları da artıb. 2020-ci ilin sonunda SOCAR-ın Dövlət Neft Fonduna satdığı istiqrazların qalıq dəyəri 2 milyard 960 milyon manat idi. 2021-ci ilin sonunda bu rəqəm 4 milyard 39 milyon manata yüksəlib, başqa deyimlə, bir il içində SOCAR Neft Fondundan daha 1 milyard manatdan çox borc alıb. SOCAR-ın hesabatından məlum olur ki, 2021-ci il ərzində şirkətin iki istiqraz buraxılışını məhz Dövlət Neft Fondu qarşılayıb. Bu istiqraz buraxılışlarından birinin müddəti 2030-cu ilədəkdir. SOCAR illik 3.2 faiz dərəcəsi ilə 860 milyon manat vəsait cəlb edib. Dövlət Neft Fondunun qarşıladığı ikinci istiqraz buraxılışının həcmi 340 milyon manatdır. SOCAR bu vəsaiti illik 3.4 faiz dərəcəsi ilə 2030-cu ilin sonunadək ödəməlidir.

SOCAR-ın daxili borclanması təkcə Dövlət Neft Fonduna borclanma ilə bitmir. Azərbaycan İnvestisiya Holdinqi də SOCAR-ın borc cəlb etdiyi qurumlar arasındadır. Şirkət SOCAR-ın illik 4 faiz dərəcəsi ilə 2027-ci ilin sonunadək ödənilməli istiqrazlarına sahibdir. Bu istiqrazların 2021-ci ilin sonuna qalıq dəyəri 167 milyon manat olub.

SOCAR-ın daxili borclanmasını təmin edən digər bir dövlət qurumu Azərbaycan Beynəlxalq Bankıdır. SOCAR-ın Beynəlxalq Banka borcu 531 milyon manatdır. Beynəlxalq Bankla yanaşı, SOCAR Maliyyə Nazirliyinə və "Aqrarkredit" QSC-ə də borcludur. SOCAR-ın həmin qurumlara olan toplam borcu, uyğun olaraq, 492 milyon manat və 84 milyon manatdır. Ötən il boyunca SOCAR-ın Beynəlxalq Banka olan borcu 28 milyon manat azalıb. Əvəzində, şirkətin Maliyyə Nazirliyi qarşısındakı borcları 138 milyon manat artıb.

Bu ilin birinci yarısı ilə bağlı məlumatlardan aydın olur ki, SOCAR beynəlxalq banklardan 2.8 milyard manat həcmində borc cəlb edib. Eyni müddət ərzində SOCAR xarici və yerli banklara toplam 4 milyard 134 milyon manatlıq borc ödəyib.

Dövlət şirkətlərinin səmərəliliyini necə artırmalı?

Xatırladaq ki, SOCAR həm də Azərbaycanın ən böyük şirkəti və vergiödəyicisidir. Şirkət 2021-ci ildə dövlət büdcəsinə 1 milyard 450 milyon manata yaxın vergi ödəyib. Büdcə daxilolmalarının, bir qayda olaraq, 6-8 faizi, vergi gəlirlərinin 15-17 faizi bu şirkətin payına düşür. Dövlət mülkiyyətində olan vergi ödəyicilərindən toplanan vergilərin yarıdan çoxunu SOCAR ödəyir. Şirkət həm də ölkədə ən çox işçisi olan qurumlardan biridir. Hazırda SOCAR-ın 50 min nəfərə yaxın əməkdaşı var. Ancaq hökumət də SOCAR-ın xeyrinə bir çox addım atır, onun sərmayəsinin artımına maliyyə dəstəyi göstərir, subsidiya ayırır, investisiya yatırır, kreditlə təmin edir, vergi güzəşti verir. Bəzi hallarda SOCAR-ın dövlət büdcəsindən aldığı vəsait şirkətin büdcəyə ödədiyi məbləği üstələyib. Məsələn, 2018-ci ildə şirkət dövlət büdcəsinə 1 milyard 425 milyon manat ödəyib, amma həmin il SOCAR-ın dövlətdən aldığı vəsaitin həcmi 1 milyard 486 milyon manat olub.

Azərbaycanda dövlətə məxsus şirkətlərin fəaliyyətinin səmərəliliyinin artırılması tez-tez dartışılır. Ölkənin ən böyük şirkəti SOCAR-ın borclarındakı artımı müstəqil ekspertlər narahatlıqla qarşılayır. Onlar SOCAR-ı şirkətin fəaliyyəti ilə bağlı şəffaflıq və hesabatlılığı tam təmin etməməkdə də günahlandırırlar. Bugünlərdə Asiya İnkişaf Bankı (ADB) da Azərbaycan hökumətini iri dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş islahatların genişləndirilməsini davam etdirməyə və özəlləşdirməyə çıxarılan müəssisələrin maliyyə baxımından sağlamlaşdırılmasına diqqəti artırmağa çağırıb. Qurum analitiklərinin fikrincə, Azərbaycanda dövlət şirkətlərinin səmərəli fəaliyyəti üçün dövlət satınalmaları prosedurlarının təkmilləşdirilməsi, yüksək keyfiyyətli dividend siyasətinin yaradılması, dövlət müəssisələri rəhbərlərinin təyinat sisteminin dəyişdirilməsi, yeni mükafatlandırma sisteminin qurulması və s. qaçılmazdır. Bundan başqa, dövlət müəssisələrinin rüblük maliyyə hesabatlarının, strategiyalarının, onların iş nəticələrinin, kənar auditorların rəylərinin dərcinin şəffaflığını artırmaq lazımdır.

XS
SM
MD
LG