Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

Pentaqon rəsmisi: Rusiya Ukraynada hər gün yüzlərlə əsgər itirir


Kiyev yaxınlığında vurulmuş Rusiya tankı
Kiyev yaxınlığında vurulmuş Rusiya tankı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns əmin olduğunu bildirib ki, Putin müharibəni uduzacaq

Birləşmiş Ştatların qənaətinə görə Rusiya hərbiyyəsi Ukrayna müharibəsində hər gün yüzlərlə hərbçisini itirir.

Reuters yazır ki, bunu iyulun 22-də Pentaqonun vəzifəli rəsmilərindən biri deyib.

Beş ay bundan əvvəl prezident Vladimir Putin Ukraynaya hücum əmri verəndən bəri Rusiya qoşunları Ukraynanın şərqində çox az irəliləyişə nail ola biliblər və indiyədək Ukrayna ərazisinin 5 faizinə nəzarəti ələ alıblar.

Birləşmiş Ştatların təxminlərinə görə Ukraynada ölən Rusiya hərbçilərinin sayı 15 min, yaralıların sayı isə 45 min nəfərə çatıb.

Adının çəkilməsini istəməyən Pentaqon rəsmisi deyib ki, Rusiya Ukraynada çox sayda zabit və generallarını itirib.

Rusiyada hərbçilərin ölümü hətta sülh zamanlarında da dövlət sirri sayılır.

Ukrayna hökuməti onun silahlı qüvvələrinin gündə 100-200 hərbçi itirdiyini bildirir.

Birləşmiş Ştatların məlumatına görə Ukrayna ölkə ərazisindəki Rusiya qüvvələrinin 100-dək “çox mühüm hərbi obyektlərini” məhv edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsün sözlərinə görə Putin uzun və üzücü müharibədə qalib gələcəyini güman edir.

MKİ direktoru deyib ki, bu müharibədə Kremlin məqsədi Ukrayna iqtisadiyyatını çökdürmək, Avropa liderlərini və ictimaiyyətini yormaqdır.

Börns əmin olduğunu bildirib ki, Putin müharibəni uduzacaq.

Zelenski Rusiyaya ağır zərbə endiriləcəyini deyir

Lakin buna baxmayaraq Rusiya geriyə çəkilmək niyyətində olduğunu göstərmir.

İyulun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kremlin Ukraynada zəbt etmək istədiyi ərazilər Donbasla məhdudlaşmır.

İyulun 21-də Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onun ölkəsinin hərbiyyəsi Rusiya qüvvələrinə ağır zərbələr vurmaq əzmindədir.

Özünün ənənəvi gecə müraciətində Ukrayna prezidenti bildirib ki, Rusiya qüvvələri üzərinə hücumları gücləndirmək lazımdır.

Kiyev ümid edir ki, Qərbdən gətirilən müasir silahlar, xüsusilə də ABŞ-ın HIMARS raket sistemləri ona əks-hücuma keçmək və itirilən torpaqları qaytarmaq imkanı verəcək.

Reuters Britaniya kəşfiyyatına istinadla yazır ki, Rusiya qüvvələri böyük bir ehtimalla əməliyyat fasiləsinə keçəcək və Ukrayna qüvvələrinin əks-hücumu üçün əlverişli şərait yaranacaq.

XS
SM
MD
LG