Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:32

Hərbi təhlilçi: Rusiyanın işğalı ‘üzücü müharibə’yə çevrilib


HIMARS sistemləri Zaporojyedə
HIMARS sistemləri Zaporojyedə

Prezident Volodimir Zelenski iyulun 22-də “The Wall Street Journal”a müsahibəsində deyib ki, may-iyunda ordusu 100-200 hərbçi itirirdi, indi bu rəqəm 30-a düşüb, günə 250 nəfərsə yaralanır

Rusiyanın Ukraynaya qarşı işğalı üzücü müharibəyə çevrilib, döyüş itkiləri irəliləməkdən daha vacib məsələyə çevrilib. Bunu hərbi təhlilçi Maykl Kofman AzadlıqRadiosunun Gürcüstan xidmətinə müsahibəsində deyib.

Artıq Rusiyanın işğalı altıncı aya girib. Hər iki tərəf maddi və canlı itki verir, yerdə irəliləyiş əldə olunmur. Bu itkilər Rusiya və Ukrayna qüvvələrinin “hərbi cəhdlərinin uzunmüddətli davamlılığını müəyyənləşdirəcək”, – Virciniyada yerləşən CNA təhlil mərkəzində Rusiya Araşdırmaları Proqramının direktoru Kofman vurğulayıb.

Təhlilçi deyir ki, hazırda münaqişə “daha çox artilleriya və atəşdən istifadə ilə xarakterizə olunur”, tərəflərin heç biri “üstünlüyü qazana bilmir”.

Rusiyanın gücü qalmayıbsa...

Kreml apreldən Ukraynanın şərqi Donbas regionunu tam tutmağa hədəflənib.

Kanada Qüvvələri Kəşfiyyat Komandanlığının iyulun 22-də yaydığı dəyərləndirməyə görə, “ciddi heyət və avadanlıq itkisi verən Rusiyanın daha Ukraynada ambisiyalarını reallaşdırması üçün hərbi gücü qalmayıb”.

Ancaq Rusiyanın Xarici işlər naziri Sergey Lavrov iyulun 20-də deyirdi ki, Rusiyanın Ukraynadakı hədəfləri Donbasla məhdudlaşmır.

Ukrayna hakimiyyəti iyulun 23-dək Rusiyanın 39 mindən çox əsgər və zabitini itirdiyini desə də, bu iddianı təsdiqlətmək mümkün olmayıb. Britaniya hərbi kəşfiyyatı Rusiyanın qüvvələrini artırmaq üçün Vagner özəl hərbi şirkətindən istifadə etdiyini deyirdi.

İtkilər necə doldurulur

Kofman bildirir ki, Rusiya ordusu Vagner muzdlularından savayı, könüllü və rezerv batalyonlardan da istifadə edir. Bu əsgərlərsə gedirlər daha az öldürücü, sovet istehsalı “köhnə T-80BV tankları” ilə döyüşə.

“Rusiyanın hələ də anbarda avadanlığı var. Bu doğrudur. Ancaq müharibəni nəylə başlamaları ilə müqayisədə, keyfiyyət və texnologiya səviyyəsində geriyə ciddi addımdır. Əldən salma ciddi məsələdir. Əsas kateqoriyalar üzrə onlar aktiv silahlı qüvvənin 30 faizini itiriblər”, – Kofman vurğulayıb.

Təhlilçi Ukraynanın hərbi itkilərinin də “çətinlik” yaratdığını sözlərinə əlavə edib.

“Eyni çətinlik deyil. Ancaq yenə də, Ukrayna qüvvələrinin deqradasiyasını önləmək üçün oxşar uzunmüddətli çətinliklə üzləşib. Müharibə başlayandan Ukrayna bir neçə ən yaxşı bölümünü itirib, onları səfərbər olunmuş, məhdud təlim görmüş heyət, fərdlərlə əvəzləməli olurlar”, – Kofman vurğulayıb.

Prezident Volodimir Zelenski iyulun 22-də “The Wall Street Journal”a müsahibəsində deyib ki, may-iyunda ordusu 100-200 hərbçi itirirdi, indi bu rəqəm 30-a düşüb, günə 250 nəfərsə yaralanır.

HIMARS-ın yaratdığı fərq

Zelenski Qərb silahlarının, özəlliklə ABŞ-ın verdiyi, uzaq hədəfləri vuran HIMARS raket sistemlərinin son həftələr Donbasda vəziyyətdə sabitlik yaratdığını söyləyib.

ABŞ iyulun 20-də Ukraynaya daha dörd HIMARS göndəriləcəyini açıqlayıb. Bununla da Ukraynadakı bu sistemlərin sayı 16-ya çatacaq.

Kofman deyir ki, Ukrayna Rusiya sursat anbarlarını vurmaq üçün HIMARS-lardan istifadəni artırsa, bu, Rusiya ordusunu çətinə salacaq. Onun sözlərinə görə, Rusiyanın HIMARS-ın qarşısını almaq imkanları məhduddur.

HIMARS-dan buraxılan, GPS-lə müşayiət olunan raketlər 80 km-dək məsafədə hədəfləri vura bilir.

Kofman qeyd edir ki, Rusiyanın artilleriya sistemlərinin havada üstünlük əldə etmək qabiliyyəti ən yaxşı halda lokallaşdırılıb, onların əks zərbə imkanları məhduddur. “Onların HIMARS-ı hədəfə almaq qabiliyyəti heç yaxşı deyil”, – təhlilçi söyləyir.

XS
SM
MD
LG