Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:46

İranda bəzi mollalar camaat arasında əba geyinmir


Qum şəhərində mollalar, arxiv fotosu
Qum şəhərində mollalar, arxiv fotosu

Son bir neçə ayda İranda mollalara qarşı bir neçə fiziki hücum qeydə alınıb

Şiələrin müqəddəs Qum şəhərində bir qadın mollaya hücum çəkib, çalmasını qaparaq ayağının altına salıb. Buna mollanın qadına hicabla bağlı xəbərdarlıq etməsi səbəb olub.

Bu video ötən il internetdə sürətlə yayılıb. Çoxları qadını tərifləyirdi, heç mollaya ürəyi yanan yox idi. Hətta bəziləri onun belə rəftara layiq olduğunu deyirdilər.

Artan qəzəb

Qadının həbsiylə nəticələnən bu insident 1979-cu il İslam inqilabından sonra hakimiyyətə gələn ruhanilərə qarşı xalqın qəzəbini göstərirdi.

AzadlıqRadiosunun müxbirləri İranda mollalara qəzəbin, fiziki hücumların artdığını xəbər verir. Hətta din xadimlərindən bəziləri deyiblər ki, hədəfə alınmamaq üçün camaat arasına çıxanda əba, əmmamə geyinmirlər. Bəzi din xadimləri özlərinə qarşı ictimai hiddətin artması, xalqın gözündə dəyər və nüfuzdan düşmələri ilə bağlı xəbərdarlıq səsləndirirlər.

Tehranda yaşayan dissident ruhani Əbülfəzl Nəcəfi-Tehrani AzadlıqRadiosuna deyib ki, ruhanilərlə əhali arasında uçuruma İranda dini isteblişmentin zəif perfomansı, onun iranlıların gündəlik həyatına müdaxiləsi, ruhanilərin müasir tələblərlə ayaqlaşa bilməməsi səbəb olub. Bu uçurum inqilabdan, İslam respublikası yaradılandan sonra genişlənib.

“Son illər xalqın dövlət siyasətinin ardınca gedən ruhanilərə nifrətinin və qəzəbinin artmasını müşahidə edirik”, – Nəcəfi-Tehrani deyib.

Son ayların hücumları

Son bir neçə ayda İranda mollalara qarşı bir neçə fiziki hücum qeydə alınıb. İyunun əvvəlində Ali dini lider Ayətulla Əli Xameneyinin təmsilçisinin mərkəzi İsfahan vilayətində bir kişinin hücumuna məruz qaldığı bildirilir. Həmin kişi onu bıçaqlamaq istəyib.

Hücumda xəsarət almayan Ayətulla Yusif Tabataeynejad müsahibəsində deyib ki, ona hücum edən gənc adamın “yəqin ki, problem olub”, onun motivləri araşdırılır.

İyulun əvvəlində bir ruhani İsfahanda sui-qəsd cəhdi nəticəsində xəsarət alıb. Bir neçə həftə sonra, iyulun 28-də isə gənc ruhani İran paytaxtı yaxınlığındakı Kərəcdə məbəddə moizə oxuyarkən bir neçə bıçaq hücumuna məruz qalıb.

Apreldə Məşhəddəki İmam Rza türbəsində iki iranlı ruhani bıçaqlanaraq öldürülüb, biri yaralanıb. Rəsmilər bunu terror hücumu adlandırıblar.

Hücum edənin Əfqanıstandan, radikal sünni baxışlı 21 yaşlı etnik özbək olduğu açıqlanıb, o, edam edilib.

Son illər əsasən ictimaiyyət arasında şəriət qaydalarını, o cümlədən hicabı tətbiq etməyə çalışan mollalar hədəfə alınır.

Apreldə sərt-xətt tərəfdarı Fars xəbər agentliyi son on ildə zorakı hücuma məruz qalmış 20-dən çox ruhaninin adını açıqlayıb. Onlardan üçü öldürülüb, ikisi gözünü itirib.

Xalqın dinə meyli güclənir?

İslam inqilabından sonrakı ilk illərdə Mücahidini Xalq Təşkilatı aparıcı ruhanilərə bir neçə sui-qəsd təşkil edib. Ancaq son hücumlar əsasən aşağı rütbəli ruhaniləri hədəfə alıb və təşkil olunmuş kimi görünmür. Dövlət mediası hücum edənləri bəzən “başkəsən” kimi təqdim edib. Aparıcı rəsmilər isə hücumlarla bağlı şərh verməyiblər.

Xameneyi isə iyunda çıxışında inqilabdan bəri xalqın dinə “meyl”inin gücləndiyini iddia edib. O, 2020-ci ildə ABŞ-ın dron zərbəsində öldürülmüş general Qasım Süleymani üçün “milyonlar”la insanın yas saxlamasını misal çəkib.

Hücumlar ölkədə isteblişmentə qarşı əhvalın yüksəlməsi, iqtisadi problemlər fonunda baş verir. ABŞ-ın sanksiyaları nəticəsində xeyli insan yoxsulluğa sürüklənib.

Elə Nəcəfi-Tehrani də deyir ki, əhali problemlərə görə ruhaniləri günahlandırır.

“Onlar ruhanilərin geri çəkilməsini, dinin və din xadimlərinin dövlətə müdaxilə etməməsini tələb edirlər. İnqilabdan 43 il sonra idarəçilik sisteminin səmərəsizliyi, dinə əsaslanan struktur sınanıb”, – o vurğulayıb.

“Çox sərt” uçurum

Digər tərəfdən, çoxları dövlət büdcəsinin mədrəsələrə xərclənməsindən narazıdır. Bu ayın əvvəlində Höccətülislam Məhəmməd Hurelahyan xalqla ruhanilər arasında “çox sərt” uçurumla bağlı xəbərdarlıq edib, buna görə ruhaniləri suçlayıb.

2019-cu ilin noyabrında benzinin qəfil bahalanması zorakı etirazlara səbəb oldu. O zaman doqquz mədrəsə və cümə moizəsi liderlərinin ofisləri etirazçıların hücumlarına məruz qaldı. Onlar Ayətulla Xameneyi daxil olmaqla iranlı liderlərə qarşı şüarlar səsləndirdilər.

Nəcəfi-Tehrani qəzəbin əsasən hökumətyönlü ruhanilərə yönəldiyini deyir. Ancaq o da gərəkmədiyi halda əbasını geyməməyə çalışır. Axı, adamlar rejim tərəfdarı olanlarla olmayanlara fərqləndirə bilməz.

“Əbamın üstündə yaza bilmərəm ki, mövcud durumun tənqidçisiyəm”, – o söyləyir.

XS
SM
MD
LG