Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:49

ABŞ: Rusiya onlarla ölkədə seçkiyə müdaxiləyə 300 milyon dollar xərcləyib


Vaşinqtondakı Rusiya səfirliyi
Vaşinqtondakı Rusiya səfirliyi

Rusiya 2014-cü ildən bəri 20-dən çox ölkədə siyasətçilərə və digər rəsmilərə təsir göstərmək üçün gizlicə 300 milyon dollardan çox pul xərcləyib. Belə bir iddiayla sentyabrın 13-də Dövlət Departamenti çıxış edib.

Pulun ifrat-sağçı millətçi siyasi partiyaların dəstəklədiyi təhlil mərkəzlərinə, eləcə də prioritet sayılan kurs və siyasətçilərə çatması üçün saxta qurumlara xərcləndiyi bildirilir.

ABŞ kəşfiyyatı inanır ki, 300 milyon dollar “minimum” rəqəmdir, Rusiya bundan əlavə vəsaitlər də köçürüb.

Aysberqin ucu

“Bunun aysberqin ucu olduğuna inanırıq, bu təhdid haqda əlavə informasiya yığmaq üçün müttəfiq və tərəfdaşlarımızla işləyirik”, – jurnalistlərə açıqlama verən rəsmi deyib.

ABŞ diplomatları 100-dən çox ölkələrin hökumətləri ilə öz tapıntılarını paylaşıblar.

Rəsminin sözlərinə görə, ABŞ kəşfiyyat cameəsi Rusiyanın digər ölkələrdə siyasətə təsir göstərmək cəhdləri haqda icmal yayıb. Dövlət Departamenti isə həmin icmaldan bəzi məlumatları açıqlayır, çünki gələn aylarda Rusiyanın “gizli təsir alətlərinə getdikcə daha çox bel bağlayacağı” gözlənir, rəsmi belə deyib..

Hesabatda Rusiyanın hədəfləri konkret açıqlanmır. Amma qeyd olunur ki, Moskva Ukraynada apardığı müharibəyə görə beynəlxalq sanksiyalara zərbə vurmaq üçün getdikcə gizli siyasi maliyyəni artıracaq.

Hədəf ölkələr açıqlanmır

Rəsminin sözlərinə görə, Prezident Co Bayden seçkilərə xarici müdaxilə təhdidinin qalmasıyla əlaqədar fövqəladə vəziyyətin müddətini uzadıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi AzadlıqRadosunun sorğusunu cavablandırmayıb.

Jurnalistlərə anonim açıqlama verən rəsmi iddia olunan gizli maliyyələşdirməyə konkret sübut göstərməyib. Daha öncə ABŞ rəsmiləri Rusiyanın birbaşa maliyyə müdaxiləsi etdiyi ölkələr kimi Bosniya-Herseqovina və Ekvadorun adlarını çəkib.

Kəşfiyyatın dəyərləndirməsinə görə, Rusiyanın dövlətə məxsus şirkətləri Mərkəzi Amerika, Asiya, Yaxın Şərq və Şimali Afrikaya birbaşa gizli maliyyə yönəldib. Rusiyanın bundan ötrü nağd puldan, kriptovalyuta ilə ödənişlərdən, “bahalı” hədiyyələrdən istifadə etdiyi bildirilir.

Ukraynada nə qədər pul xərclənib

Bayden administrasiyası belə bir dəyərləndirmənin aparılmasını Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra xahiş edib. İşğal Moskvaya beynəlxalq sanksiyalarla nəticələnib.

Rəsmi Rusiyanın Ukraynada nə qədər pul xərclədiyini açıqlamayıb. Prezident Volodimir Zelenski və köməkçiləri uzun müddət Rusiya Prezidenti Vladimir Putini ölkənin daxili siyasətinə müdaxilədə ittiham edib.

Rəsmi Rusiyanın fəaliyyəti ilə ABŞ-ın media və siyasi təşəbbüslərini müqayisə etməkdən imtina edib. Onun sözlərinə görə, Putin “demokratiyaları daxildən manipulyasiya etmək məqsədilə” nəhəng pullar xərcləyib.

XS
SM
MD
LG