Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:57

Rusiyanı ‘terror sponsoru’ elan edən layihə təqdim olunub, amma...


Ukraynada raket zərbəsindən dağılmış yaşayış binalarının yaxınlığında
Ukraynada raket zərbəsindən dağılmış yaşayış binalarının yaxınlığında

Senatorlar Riçard Blumental və Lindzi Qraham Rusiyanın “terrorun sponsoru” kimi tanınmasını ehtiva edən qanun layihəsini Konqresə təqdim ediblər

İki senatorun Rusiyanı “terrorun sponsoru” kimi tanıyan qanun layihəsini təqdim etməsinin ardınca ABŞ Dövlət Departamenti bildirib ki, prezident Co Bayden administrasiyası Rusiyaya qarşı yeni cəzalandırıcı tədbirləri müzakirə edir.

Dövlət Departamentinin sözçüsü Ned Prays sentyabrın 14-də departamentin də Rusiya üzərinə adətən terrora sponsorluq edən ölkələr üzərinə qoyulan sanksiyalara “analoji tədbirlərin” müzakirəsində olduğunu bəyan edib.

Prays bu bəyanatı senatorlar – demokrat Riçard Blumental və respublikaçı Lindzi Qraham Rusiyanın “terrorun sponsoru” kimi tanınmasını ehtiva edən qanun layihəsini Konqresə təqdim etməsindən sonra verib.

"Qeyri-ixtiyari nəticələr"

Bu iki senator Rusiyanın belə bir kateqoriyaya salınması üçün çoxdan bəridir ki, kampaniya aparırdılar.

Prays bununla yanaşı qeyd edib ki, ötən həftə prezident Co Bayden Rusiya ilə bağlı belə bir təyinatı təsdiqləməyəcəyini demişdi.

Ağ Ev bildirmişdi ki, Rusiyanın “terrorun sponsoru” elan edilməsi Ukrayna taxılının və başqa malların Qara dənizlə daşınmasını əngəlləyə bilər:

"Biz bunun ixtiyari və qeyri-ixtiyari nəticələrini nəzərə almalıyıq. Bu, bizi hazırdakı mövqeyimizi tutmağa vadar edib”.

Praysın sözlərinə görə Dövlət Departamenti hazırda Konqreslə Rusiya iqtisadiyyatına qarşı elə analoji tədbirləri müzakirə edir ki, “arzuolunmaz nəticələrə” gətirib çıxarmasın.

Zelenski çağırış etmişdi

Ukrayna prezidenti Volodimir Zelenski bu ilin əvvəllərində Rusiyanın “terrorçu dövlət” kimi tanınması üçün Qərbə çağırış etmişdi.

O bunu onunla əsaslandırırdı ki, Rusiya Ukraynaya qarşı müharibədə dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfləyir.

Blumental və Qraham sentyabr 14-də keçirdikləri mətbuat konfransında bildiriblər ki, onlar Konqresə Rusiyanın “terror sponsoru” kimi tanınmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Blumental Rusiyanın Ukraynada törətdiyi “qəddar hərəkətlərdən”, dinc əhalinin öldürülməsindən danışıb və deyib ki, sözü gedən qanunun qəbul edilməsi indi hər vaxt olduğundan daha mühümdür.

Qraham isə bildirib ki, belə bir qanunvericilik aktının qəbulu Ukraynaya və ABŞ-ın başqa müttəfiqlərinə güclü dəstəyin siqnalı olardı.

Bununla belə sözü gedən layihənin nə vaxt və ümumiyyətlə müzakirəyə çıxaırılıb-çıxarılmayacağı bilinmir.

XS
SM
MD
LG