Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:57

Dünyanın iri maliyyə mərkəzləri reytinqində Bakı axırdan 4-cü yerdədir


Bakı
Bakı

"Z/Yen Group Ltd." maliyyə və konsaltinq şirkəti hər yarım ildən bir dünyanın ən böyük maliyyə mərkəzlərinin reytinqini açıqlayır. 2007-ci ildən bəri yayımlanan reytinq 11 min respondentin rəyi əsasında hesablanır. Respondentlər bankçılıq, maliyyə, idarəetmə, sığorta, investisiya idarəçiliyi, ticarət birlikləri və digər bu kimi sahələrin təmsilçiləridir.

Beynəlxalq maliyyə qurumlarının da söykəndiyi builki ikinci buraxılışı yayımlanıb. Reytinqə dünyanın 119 şəhərinin göstəriciləri daxil edilib. Bakı da bu reytinqə əksini tapıb, ancaq Azərbaycan paytaxtının reytinqdəki yerini heç də uğurlu saymaq olmaz. Nəticələrə görə, Bakı siyahıdakı şəhərlərdən cəmi üçünü qabaqlaya bilib və 119 şəhər arasında 116-cı yeri tutub. Bu, həm də o deməkdir ki, Bakı şəhərinin mövqeyi 2020-ci illə müqayisədə iki pillə geriləyib. Bakının qabaqlaya bildiyi üç şəhər Barbados və Çinin Sian və Uhan şəhərləridir. Bu nəticə ilə Bakı həm də Şərqi Avropa və Mərkəzi Asiya regionunda reytinqə daxil şəhərlər arasında sonuncu yeri tutub.

Dünyanın ən böyük maliyyə mərkəzləri hansılardır

Sözügedən reytinq siyahısına artıq dörd ildir ki, Nyu-York şəhəri (ABŞ) başçılıq edir. Siyahının ikinci pilləsində Böyük Britaniyanın paytaxtı London, üçüncü yerdə Sinqapur şəhəri dayanır. Honkonq və San-Fransisko şəhərləri də siyahıda ilk beş yerə çıxıb. Ən çox geriləmə yaşayan şəhər İndoneziyanın paytaxtı Cakarta olub. Bu şəhər 26 pillə geriləyərək 95-ci yerə düşüb.

Mövqeyini ən çox yaxşılaşdıran şəhərlər arasında 16 pillə irəliləyərək 26-cı yerə yüksələn Berlin və 10 pillə yüksələrək dünyada ən böyük 13-cü maliyyə mərkəzi olan Sidney diqqət çəkir.

Siyahıya Azərbaycanla qonşu ölkələrin də şəhərləri daxil edilib. Məsələn, İstanbul dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində 119 şəhər arasında 77-ci yerdə qərarlaşıb. Son dövrlər Türkiyə iqtisadiyyatının yaşadığı problemlər bu reytinqə də təsir göstərib, axı İstanbul biröncəki illə müqayisədə 13 pillə geriləyib. Sanksiyalar ucbatından çətin günlər yaşayan Rusiya şəhərlərinin də reytinqi aşağı düşüb. Paytaxt Moskva bir il öncə dünyanın ən böyük 51-ci maliyyə mərkəzi sayılırdısa, bu il siyahıda 73-cü olub. Ölkənin digər böyük şəhəri Sankt-Peterburqsa 17 pillə geriləyərək 114-cü yerdə qərarlaşıb. İranın paytaxtı Tehran son dönəmlər mövqeyini 6 pillə yaxşılaşdıraraq 112-ci pilləyə yüksəlib.

Siyahıda diqqətçəkən daha bir məqam Qazaxıstanla bağlıdır. Azərbaycanla nisbətən bənzər iqtisadi struktura sahib Qazaxıstanın iki şəhəri dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində yer alıb. Hər iki şəhərin – həm Almatı, həm də Nursultanın (artıq yenə Astana adlanır) göstəriciləri Bakı ilə müqayisədə daha yaxşıdır. Almatı 66-cı, Astana 89-cu pillədə yer ala bilib.

Azərbaycanın reytinqi niyə ürəkaçan deyil

Azərbaycanda maliyyə bazarlarının zəif inkişafı tez-tez dartışılır. Müstəqil ekspertlərin fikrincə, ölkənin maliyyə bazarlarının gəlişməsini əngəlləyən bir çox problem var. Bunlardan ən ciddilərindən biri ölkə iqtisadiyyatına özəlliklə xarici kapitalın giriş imkanlarının məhdudluğudur. Həmin problem ölkədə məmur sahibkarlığının geniş yayılmasından və bir çox sahədə rəqabət ortamının olmamasından qaynaqlanır. Bazara inzibati müdaxilə imkanlarının olması inkişafa ciddi maneədir, axı xarici investorların hər hansı bir ölkəyə yatırım etməsinə təsir göstərən ən vacib amillərdən biri həmin ölkədə rəqabət imkanlarının yaxşı səviyyədə olmasıdır.

Yatırım qərarlarına təsir edən digər bir amilsə ölkədə qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminə güvənlə bağlıdır. Azərbaycanda bu istiqamətdəki durumun da əcnəbi yatırımçıların gözləntilərini qarşıladığını demək mümkün deyil. Bu baxımdan, ölkədə iqtisadiyyatın liberallaşdırılması və hər kəsə eyni fürsət və rəqabət imkanlarının yaradılması çox önəmlidir.

Hüquq-məhkəmə sisteminə güvənin yaradılması və əlaqədar qurumların şəffaf fəaliyyəti də ölkə iqtisadiyyatı üçün çox vacib sayılmalıdır. Qiymətli kağızlar və investisiya bazarının gəlişməməsi maliyyə sektorunda yalnız bankları gözə çarpdırır. Azərbaycan banklarının əsas fəaliyyəti isə, əsasən, kreditləşmə ilə məhdudlaşır.

İrs Fondunun (Heritage Foundation) "İqtisadi Azadlıq İndeksi"nə görə, Azərbaycan bu il Avropa regionunda yerləşən 45 ölkə arasında 37-ci yerdədir, başqa sözlə, regionda cəmi səkkiz ölkəni qabaqlaya bilib. Azərbaycanın dünya üzrə göstəricisi isə 177 ölkə arasında 75-ci olub. Cənubi Qafqazda yerləşən digər iki ölkənin göstəricisi Azərbaycanla müqayisədə daha yaxşıdır. Azərbaycanın 75-ci olduğu siyahıda Gürcüstan iqtisadi azadlığa görə 26-cı, Ermənistansa 58-ci olmağı bacarıb.

XS
SM
MD
LG