Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:51

'ƏDV geri al'ın bilinən və bilinməyənləri


Nağdsız ödəniş üçün məhsulun ƏDV-sinin 15 faizi müştərilərə qaytarılır.
Nağdsız ödəniş üçün məhsulun ƏDV-sinin 15 faizi müştərilərə qaytarılır.

Bu platformanın hədəfləri

Azı, iki ildir ki, Azərbaycanda "ƏDV geri al" platforması fəaliyyət göstərir. Beləcə, vətəndaşlar əlavə gəlir vergisi tətbiq edilən məhsullara ödədikləri pulun bir hissəsini geri ala bilirlər. Hazırda qüvvədə olan şərtlərə görə, nağdsız ödəniş üçün məhsulun ƏDV-sinin 15 faizi, nağd ödənişə isə 10 faizi müştərilərə qaytarılır. Azərbaycanda ƏDV 18 faizdir.

Hökumət bu mexanizmi tətbiq etməklə vergidən yayınma hallarını azaltmağa çalışır. Axı müştərilərin çek istəməsi satıcıları həmin əməliyyatı rəsmiləşdirməyə məcbur edir. "ƏDV geri al" mexanizmi nağdsız ödənişləri artırmağa da yardımçı olur. Elə bu amil də hökumətə kölgə iqtisadiyyatının miqyasını azaltmağa şanslar yaradır. O da bilinməlidir ki, yeni nəsil kassa aparatlarında ƏDV-nin bir hissəsini dərhal geri qaytarmaq mümkündür.

Dövlət Vergi Xidmətinin sonuncu açıqlamasına görə, bu ilin səkkiz ayı ərzində 1 milyon 900 min nəfərə yaxın Azərbaycan vətəndaşı həmin platformada qeydiyyatdan keçib. Bu, Azərbaycanda 18 yaşı aşan əhalinin təxminən 25 faizi deməkdir. Bütövlükdə həmin platformaya 732 milyondan çox kassa çeki daxil edilib və vətəndaşlara toplam 306 milyon manat geri qaytarılıb. Təkcə 2022-ci ilin ilk səkkiz ayı ərzində platformaya 303 milyondan çox çek daxil edilib. Bu il vətəndaşlara qaytarılan ƏDV məbləği 134 milyon manata çatıb. Deməli, son dövrlər "ƏDV geri al"dan istifadə artır. Bu artıma daha çox şəxsin "ƏDV geri al"dan yararlanmasıyla yanaşı, bahalaşma da səbəb olur. Sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz bahalaşıb. Bu artımlar, təbii ki, ödənilən ƏDV-nin də məbləğini artırır.

Yeni qərarlar

Ötən ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklərdən sonra alkoqollu içki və tütün məmulatına ödənilən ƏDV-nin geri qaytarılmayacağı müəyyənləşdirilmişdi.

Maraqlıdır ki, qərar yanvarın 1-dən qüvvədə olsa da, hələ yeni icra edilib. Dövlət Vergi Xidmətinin bugünlərdəki açıqlamasında bildirilib ki, oktyabrın 1-dən alkoqollu içki və tütün məmulatına görə ƏDV geri qaytarılmır. Qurum bu qərarını adıçəkilən məhsulların sağlamlığa zərərli olması və sui-istifadə halları ilə əsaslandırıb. Ancaq belə halların nədən ibarət olduğu bildirilməyib.

Tütün və alkoqollu məhsullara xərclənən vəsait əhalinin toplam xərclərində çox yer tutur. Dövlət Statistika Komitəsinin (DSK-nın) hesabatına görə, bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanda pərakəndə ticarət (təkdənsatış) dövriyyəsi 30 milyard 875 milyon manat olub. Həmin vəsaitin 1 milyard 480 milyonu məhz alkoqollu içki və tütün məmulatına yönəldilib. Deməli, Azərbaycanda hər ay alkoqollu içki və tütün məmulatına 200 milyon manat xərclənir. Yeni qərarın tətbiqindən sonra vətəndaşlar həmin məhsullar üçün ödədikləri əlavə dəyər vergisinin bir hissəsini geri almaq imkanından məhrum olacaqlar. Əhalinin xərclərinin daha 51.6 faizi ərzaq məhsullarına, yerdə qalan 43.6 faizi isə qeyri-ərzaq məhsullarına sərf edilib.

Artım bunun hesabına təmin edilir?

Onu da qeyd edək ki, 2023-cü ildən etibarən "ƏDV geri al" mexanizminə dəyişikliklər gözlənilir. Yeni dəyişikliklərdə nağdsız ödənişlər üçün ƏDV-nin qaytarılan hissəsinin 15 faizdən 20 faizə artırılması nəzərdə tutulub. Nağd ödənişlərdə isə, əksinə, ƏDV-nin qaytarılan bölümü 10 faizdən 5 faizə endiriləcək. Hökumət rəsmiləri tez-tez bahalaşmanın əhaliyə təsirini azaltmaq üçün bu addımı atdıqlarını bildirir. Ancaq nəzərə almaq lazımdır ki, həm də ödənişlərdə yetərincə böyük yer tutan spirtli içki və siqaret satışından ƏDV qaytarılmayacaq. Bu baxımdan, yeni dəyişiklik hökumətə bir o qədər də baha başa gəlməyəcək.

Digər tərəfdən, nağdsız ödənişlər üçün qaytarılan ƏDV məbləği artsa da, nağd ödənişlər üçün azalacaq. Dövlət Vergi Xidməti "ƏDV geri al" mexanizmi ilə bağlı açıqlamalarında qaytarılan vəsaitin nə qədərinin nağd, nə qədərinin nağdsız ödənişlərə görə edildiyini açıqlamır. Məhz bu səbəbdən nağd ödənişlər üçün qaytarılan ödənişlərin azaldılmasının nə qədər insanı əhatə edəcəyini bilmək çətindir. Vergi Məcəlləsinə görə, tütün və alkoqollu içkilərlə yanaşı, neft və qaz məhsulları, eləcə də avtomobillər üçün də ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılmır.

XS
SM
MD
LG