Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:17

Bakı şəhər Prokurorluğunun keçmiş müstəntiqi: 'Bu işi Abbas Abbasovun oğlu qurub'


Abbas Abbasov
Abbas Abbasov

Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə keçmiş müstəntiqi Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu (uzun illər baş nazirin birinci müavini olmuş Abbas Abbasovun oğlu-red.) günahlandırır. O iddia edir ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb.

Söhbət Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Abbasova məxsus idi.

300 min dollar tələb olunub, 20 min alınıb

Keçmiş müstəntiq Yasamal rayonu, 28-ci polis bölməsinin sahə inspektoru işləmiş Ramin Talıbovla birlikdə mühakimə olunur. Cinayət işinin materiallarında iddia olunur ki, Bakı şəhər Prokurorluğunun müstəntiqi ilə birlikdə sahə inspektoru Talıbov da Yasamalda hindistanlılardan 300 min dollar pul tələb olunması, son nəticədə 20 min alınması prosesində iştirak edib.

Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı iddia edilir.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü "ASAN Xidmət"ə gedib, ertəsi gün isə saxlanılıb.

İşin hakimdən alınması tələbi

Təqsirləndirilən şəxslərdən Kərimov həbsdədir, Talıbov haqqında isə istintaq dövründə başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Onların işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılır.

Talıbovun vəkili məhkəmədə vəsatət qaldırıb ki, bu iş Həsənzadədən alınsın, çünki o, obyektiv araşdırma aparmayacaq. Talıbov özü də bildirib ki, hələ məhkəmənin hazırlıq iclasından bir neçə gün öncə bu hakimin Zülfiyyə adlı katibi onu məhkəməyə çağırtdırıb, Həsənzadənin adından mesaj çatdırıb. Onun sözlərinə görə, katib deyib ki, əgər məhkəmənin hazırlıq iclasında həbs olunmaq, məhkəmə gedən dövrdə həbsdə qalmaq istəmirsə, fikirləşsin, əks halda, gec olacaq və hazırlıq iclasında zalda həbs olunacaq.

"Məhkəmə araşdırması başlamamış, araşdırma aparılmamış artıq həbs olunmasından danışılır. Bu məhkəmənin obyektiv araşdırma aparması sual altındadır. Bu cür hərəkətlərinə görə hakim İradə Həsənzadənin bu işə baxmasına etiraz edirik", – vəkil vəsatətini belə əsaslandırıb. Amma etiraz təmin edilməyib.

Talıbovun cinayətə aidiyyəti olmadığını deyir

Vəkil deyir ki, Talıbovun bu cinayətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, Talıbov bölmədə işçi olub, rəhbərliyin göstərişi əsasında həmin əməliyyatda iştirak edib: "İllər əvvəl Hindistan vətəndaşları deyiblər ki, Samir Kərimovun yanında bir cavan polis əməkdaşı vardı, amma kənarda dayanmışdı, heç nəyə müdaxilə etmirdi. Ramin Talıbovun hindistanlılara qarşı hansısa cinayətdə iştirakı barədə heç bir sübut yoxdur".

Müdafiəçi Talıbov haqqında cinayət işinə xitam verilməsini istəsə də, onun vəsatəti təmin edilməyib. Deyilib ki, sonda bu məsələyə qiymət veriləcək.

Həm Kərimovun, həm də Talıbovun vəkilləri bir sıra şəxslərin məhkəmədə şahid kimi dindirilməsini istəyib. Onların arasında həmin dövrdə polis rəisi olmuş Ülvi Allahyarov da var. Allahyarov həm də Bakı şəhər Baş Polis İdarəsinin ovaxtkı rəisi Məhərrəm Əliyevin (hazırda Prezidentin hərbi məsələlər üzrə köməkçisi-red.) kürəkəni idi. Çünki Talıbov deyir ki, Yasamalda hindistanlılara qarşı əməliyyata bölmə rəhbərliyinin tapşırığı əsasında gedib.

Allahyarovun çağırılıb dindirilməsi haqda vəsatət təmin edilib.

Heç kimlə üzləşdirilmədiyini deyir

"Keçmiş baş prokuror Zakir Qaralovla Samir Kərimovun yaxşı münasibətləri olub. Abbas Abbasovun oğlu Aydın Abbasovun şikayətindən sonra Samir Kərimovla bağlı araşdırma başlayıb. Şikayətçi Hindistan vətəndaşları Abbasovun himayədarlığı altında olublar. Abbasovun müraciətindən sonra Zakir Qaralov məsələyə qarışıb. Amma Samir Kərimovla bağlı heç bir araşdırma aparılmayıb. Biz müdafiə tərəfi olaraq, dəfələrlə bununla bağlı istintaqa müraciət etsək də, bu iş dondurulub", – bunu isə sabiq müstəntiqin vəkili Kamandar Nəsibov deyib.

Keçmiş müstəntiq Kərimov məhkəmədə ağlayıb, deyib ki, hazırda 62 yaşı var, ürək-damar xəstəliyindən, həmçinin böyrək çatışmazlığından əziyyət çəkir. Baş Prokurorluqda bir sıra yüksək vəzifələrdə çalışdığını deyən Kərimov gileylənir ki, onu ağır cinayətdə ittiham edirlər, amma heç kimlə üzləşdirməyiblər.

O, istintaqdan yayınması, qaçıb gizlənməsi haqda ittihamda yazılanları da qəbul etmir. Deyir ki, Rusiyada yaşadığı dövrdə dəfələrlə Azərbaycanın Moskvadakı səfirliyində olub, təşkil olunan tədbirlərdə iştirak edib.

Hindistanlılar məhkəməyə çağırılsın

"Məhkəmədə bu işə aydınlıq gətirilməsini istəyirəm. Bu işi Abbas Abbasovun oğlu Aydın Abbasov qurub", - Kərimov vurğulayıb. Aydın Abbasovun bu iddiaya münasibəti bəlli deyil.

Samir Kərimov bu işdə adı keçən 11 nəfər Hindistan vətəndaşının yerinin müəyyənləşdirilməsini və məhkəməyə çağırılıb dindirilməsini istəyib. Amma onun bu vəsatətinə də, ev dustaqlığına buraxılması haqda vəkilinin istəyinə də məhkəmə rədd cavabı verib.

Prokuror isə bildirib ki, keçmiş müstəntiq Rusiyaya gedəndən sonra orada ad-soyadını dəyişib. Orada Rusiya vətəndaşlığını alandan sonra Azərbaycana da həmin kimliklə gəlib-gedib.

Samir Kərimov və Ramin Talıbov CM-in 311.3.1 və 311.3.3 (bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG