Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:32

Radio Azattyk-ın vebsaytı bloklanır


Radio Azattyk-ın ofisi yaxınlığında aksiya, 13 oktyabr, 2022-ci il
Radio Azattyk-ın ofisi yaxınlığında aksiya, 13 oktyabr, 2022-ci il

“Balanslı reportajı saytlarımızdan çıxarmaq üçün təzyiqə boyun əyməyəcəyik, istər Kremldən olsun, istər Qırğızıstan hökumətindən”, – Flay vurğulayıb.

Qırğızıstan hökuməti AzadAvropa/AzadlıqRadiosunun qırğız xidmətinin, Radio Azattyk-ın vebsaytına girişi bloklayıb. Səbəb radionun Tacikistanla sərhəd toqquşmaları haqda videosunu silməkdən imtinasıdır.

İnformasiya Nazirliyi oktyabrın 26-da bildirib k, Radio Azattyk-ın vebsaytına giriş iki aylığa bloklanır. Qurum bu addımı ölkənin “milli maraqlarına zidd etibarsız materiallara cavab olaraq” atıldığını, 14-17 sentyabr hadisələri haqda informasiyanın dəqiq olmadığını bildirir.

AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly)qərardan şikayət veriləcəyini açıqlayıb.

Bu ayın əvvəlində AzadlıqRadiosunun Bişkek bürosunun qarşısında etiraz aksiyası keçirilib, etirazçılar hökuməti bu xidməti və digər müstəqil media orqanlarını bağlamağa çağırıblar.

“Bu hərəkətlər ölkədə media mühitinin pisləşməsinin əlamətləridir”, – AzadlıqRadiosunun bəyanatında vurğulanır.

+++

Qırğızıstan hökuməti AzadAvropa/AzadlıqRadiosundan tələb edib ki, Tacikistanla sərhəddə toqquşmalarla bağlı xəbər proqramında yayımlanmış videonu silsin.

İnformasiya Nazirliyi oktyabrın 24-də yolladığı məktubda yazır ki, radionun qırğız xidmətinin (Radio Azattyk) məqalələrinin monitorinqi aparılıb və aydın olub ki, video “Qırğızıstan-Tacikistan sərhədində baş verənləri qərəzli işıqlandırıb, əsasən Tacikistan tərəfin mövqeyini verib”.

Qırğızıstan Orta Asiyadakı digər qonşuları ilə müqayisədə dinamik və plüralist media mühitiylə fərqlənib. Ancaq insan haqları qrupları xəbərdarlıq edirlər ki, Prezident Sadır Japarov 2020-ci ilin oktyabrında vəzifəyə gələndən söz azadlığı mühiti pisləşib.

Sözügedən video AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə rusdilli “Current Time” layihəsi tərəfindən hazırlanıb.

Avtoritar taktika

AzadlıqRadiosunun Prezidenti və Baş icraçı direktoru Ceymi Flay məktuba cavabında deyib ki, yayımçı “balanslı xəbərçilik öhdəliyimizə ciddi yanaşır” və sözügedən kontent nəzərdən keçiriləndən sonra “standartlarımızın pozulmadığı” aşkarlanıb.

“Balanslı reportajı saytlarımızdan çıxarmaq üçün təzyiqə boyun əyməyəcəyik, istər Kremldən olsun, istər Qırğızıstan hökumətindən”, – Flay vurğulayıb.

“Jurnalistlərin təhdid olunması və müstəqil medianı susdurmaq cəhdləri avtoritar taktikadır, Qırğızıstan demokratiyasına zərbə vurmağa xidmət edir”, – o, sözlərinə əlavə edib.

Sentyabrın ortasında Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarda onlarla ölən olub. Tərəflər bir-birini gərginliyi qızışdırmaqda suçlayıb.

Özbəkistanla demarkasiya sazişi

Orta Asiyada sərhəd məsələləri sovet dövründən qaynaqlanır. Qırğızıstanın Özbəkistanla da sərhəd mübahisəsi var. Daşkəndlə əldə olunmuş demarkasiya sazişinə görə, Qırğızıstan 4 min 483 hektar ərazisi olan Kempir-Abad su rezervuarını 19 min hektar ərazi qarşılığında Özbəkistana verəcək.

Bu sazişə qarşı çıxan 20-dək siyasətçi və fəal oktyabrın 23-də saxlanıblar. Onlar barəsində sazişə qarşı üsyan planlaşdırmaq ittihamıyla iki aylıq həbs qətimkan tədbiri seçilib.

Oktyabrın 24-də paytaxt Bişkekdə və Oş şəhərində həmin fəalların buraxılması tələbiylə yürüş keçirilib. Etirazçılar hökuməti demarkasiya sazişinə yenidən baxmağa çağırıblar.

XS
SM
MD
LG