Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:53

Astarada mağaza sahibi: 'Nisyə mal alanların sayı artır'


Manafovlar ailəsi sovet dövründə inşa edilmiş "sovxoz binaları" deyilən binada yaşayır.
Manafovlar ailəsi sovet dövründə inşa edilmiş "sovxoz binaları" deyilən binada yaşayır.

Astara rayonunun Şiyəkəran kənd sakini 38-yaşlı Tural Manafov həftədə üç-dörd dəfə rayon mərkəzinə baş çəkdiyini söyləyir.

Rayon mərkəzinə yol 18-20 kilometrdir. Deməsinə görə, bu yolun yarısını piyada, yarısını isə avtobusla gedir, hər dəfə yola, sənədlərin göndərilməsinə 5-6 manat xərclənir.

"Birinci dəfə imtina gəldi ki..."

Ünvanlı sosial yardım almaq üçün çalışdığını bildirən T.Manafov ümid edir ki, haçansa sənədləri qəbul olunacaq: "Sənədlər internet vasitəsi ilə Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Kəndlərin heç birində internet-klub yoxdur, məcburam mərkəzə gedirəm. Birinci dəfə imtina gəldi ki, payıbəlli torpağının reyestr nömrəsi düz deyil. Onların tələb etdiyi qaydada yenidən sənədləşdirdim...".

T.Manafovun vurğulamasına görə, sonradan da bir neçə dəfə imtina cavabı alıb. Onun sözlərinə görə, bu işləri görmək üçün hər dəfə dost-tanışlardan borc götürür: "Orta hesabla sənədləşməyə 150-200 manat xərcləmişəm. Eyni sənədlərlə ötən il ünvanlı sosial yardım verdilər, ancaq bu il ala bilmirəm...".

Tural Manafov
Tural Manafov

"İmkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm"

Manafovlar ailəsi sovet dövründə inşa edilmiş "sovxoz binaları" deyilən ikimərtəbəli, 7-mənzilli binada yaşayır. Ailənin də yeddi üzvü var. T.Manafov vurğulayır ki, uşaqları məktəbə göndərməyə imkanları yoxdur: "İşləyirdim, ailəmi saxlayırdım. Xəstələndim, əməliyyat olundum, indi ağır iş görə bilmirəm. Həyat yoldaşım da şəkər xəstəsidir. Doqquz sot payıbəlli torpağım var. Bu qədər torpaqla ailəni necə saxlayım? Torpaq kənddən uzaq bir yerdədir. Yüngülvarı iş olanda işləyirəm. Üç qızım, iki oğlum var. Böyüyün 15, kiçiyin isə 7 yaşı var. İmkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm. Qidalanma zəif olduğu üçün tez-tez xəstələnirlər. Qonşumun dükanına, tanışlara çoxlu borc yaranıb".

"Hamıya borcluyuq"

O, uşaqlara geyim almağa da çətinlik çəkdiklərini söyləyir. Əlavə edir ki, atası da Qarabağ müharibəsi veteranıdır. Onun həyat yoldaşı Elnarə Manafova da güzaranlarının ağır olduğunu bildirir: "Məktəbə getmək üçün uşaqların yaxşı paltarları yoxdur. Elə vaxtlar olur ki, səhər yeməklərinə bir şey tapa bilmirəm. Burdan da sosial yardımı kəsdilər. Həyətə düşməyə utanırıq, hamıya borcluyuq".

Vəsalət Əliyev
Vəsalət Əliyev

T.Manafovun qonşusu Vəsalət Əliyevin sözlərinə görə, "sovxoz binaları"nda yaşayanların eyni problemləri var. O isə deyir ki, evində 12-yaşlı ruhi xəstə lal-kar oğlunun da pensiyasını kəsiblər: "Kənddə beş-altı adam yaxşı yaşayır, qalanları pis gündədir. Mən də sosial ala bilmirəm. Sənədləri göndərməkdən yoruldum. Dükana 300 manat borcum var. İş istəyirəm, işləyim ailəmi saxlayım. İş yoxdur. Mənmi də uşaqlarım məktəbə getmir. Necə göndərim?!".

"Bir qonşum var, müəllim işləyir, 1000 manat..."

Yaxınlıqda yerləşən mağazanın sahibi qarşısındakı dəftəri göstərib deyir ki, nisyə mal alanların sayı gündən-günə artır: "Balaca dükanım var. Gəlirlər qənd, şəkər, çörək nisyə istəyirlər. Qonşudurlar, keçə bilmirəm. Manafovlar ailəsinin dükana 500 manat borcu var. Bir qonşum var, müəllim işləyir, onun 1000 manat borcu var. Borclar yığılıb 5 min manat olub. Mən də borc alıb mal gətirirəm. Bizim kənd yoxsul kənddir. Əhali sıxdır. Elə ailə var ki, göyərti əkməyə yerləri yoxdur. Qonşu kəndlər naringi ilə dolanırlar. Bizim kənddə o da yoxdur...".

Astara sakini: "Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Şikayətlərlə bağlı, hələlik, rəsmi qurumlarla danışmaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəzi şəxslərin ünvanlı sosial yardım və pensiyalarının kəsilməsini bu sahədə qanunsuzluqların aradan qaldırılması ilə izah edirlər. Azərbaycanda ünvanlı dövlət sosial yardımların (ÜDSY) verilməsinə 2006-cı il yanvarın 1-dən başlanılıb. Elə həmin tarixdən də ölkədə uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb.

Rəsmi açıqlamalara görə, 2022-ci ilin doqquz ayında ölkədə 138 milyon manat ünvanlı yardım ödənilib. Bir ailəyə ortalama 377 manat ünvanlı yardım düşüb.

XS
SM
MD
LG