Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:27

Dövlət Departamenti: Sülh sazişini tərəflərin ixtiyarına buraxırıq


(Soldan sağa) C.Bayramov, E.Blinken, A.Mirzoyan
(Soldan sağa) C.Bayramov, E.Blinken, A.Mirzoyan

"Xarici işlər nazirləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər". Bunu noyabrın 8-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays (Ned Price) mətbuat konfransında "Turan"ın Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistandan olan həmkarı Ararat Mirzoyanla görüşü haqqında suallara cavabda bildirib. Onun sözlərinə görə, Vaşinqtonda nazirlərin görüşü müsbət keçib.

Dövlət katibi Entoni Blinken (Antony Blinken) "Bler Haus"da müzakirələrdə iştirak etsə də, Praysın vurğulamasına görə, gün ərzində hər iki tərəfin ayrılıqda görüşmək və bəzi hallarda Birləşmiş Ştatların fəal iştirakı olmadan fikir ayrılıqlarını aradan qaldırmaq imkanı olub.

"Bizim bundakı rolumuz yardımdan ibarət olub. Biz iki ölkənin görüşü üçün yer - indiki halda "Bler Haus"u təqdim etdik… Amma bu, Birləşmiş Ştatların bağlamağa çalışdığı və ya can atdığı, yaxud hətta hər iki tərəfə zorla qəbul etdirə biləcəyi bir saziş deyil", - Prays bildirib.

Praysın sözlərinə görə Birləşmiş Ştatlar inanır ki, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq onların məsələlərinin həllində və davamlı sülhə çatmalarında açardır.

Məkan və imkan

O bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazın dinc gələcəyi üçün səylər göstərməsini davam etdirəcək:

"Biz tərəflərin bir araya gəlməsi üçün məkan və imkan yaratmağa çalışırıq ki, onlar mövqelərindəki çoxsaylı fərqləri müəyyənləşdirə və onları aradan qaldırmağa cəhd göstərə bilsinlər”.

Prays noyabrın 8-də keçirdiyi brifinqdə deyib ki, iki ölkənin birgə bəyanatın təkcə mətni deyil, bunun arxasındakı məzmunda da razılığa gələ bilməsi “çox pozitiv əlamətdir”.

Sözçü bunu da əlavə edib ki, Vaşinqton danışıqları zamanı Ermənistan və Azərbaycanın görüşləri və birbaşa dialoqu və diplomatiyanı davam etdirməyə razılaşması “olduqca mühüm amildir”.

"Turan"ın müxbirinin dövlət katibinin tərəflərin ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazır olduğuna ümidi olub-olmadığı haqqında sualına Prays belə cavab verib: "Biz bunu tərəflərin ixtiyarına buraxacağıq".

Azərbaycan XİN-dən açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 7-də ABŞ paytaxtı Vaşinqtonda gerçəkləşən görüşlə bağlı məlumat yayıb.

Məlumatda vurğulanıb ki, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər: "Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq ediblər".

Açıqlamaya görə, onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.

Soçi və Praqa görüşləri

Bundan öncə, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi. Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin demişdi ki, görüş çox faydalı olub. Lakin vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub.

Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat (sayca dördüncü) qəbul ediblər, bundan əvvəlki üç bəyanatın (9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021) icrasına sadiq olduqlarını bildiriblər.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib.

2020-ci ildə tərəflər atəşkəs, bir il sonra isə bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasının vacib sayıldığı daha iki bəyanat qəbul etmişdilər.

Amma ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Keçmişi arxada qoymaq...

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın sülhə doğru "cəsarətli" addımlar atmasını alqışlayıb. İki ölkənin xarici işlər nazirləri noyabrın 7-də Vaşinqtonda bir araya gəliblər.

Blinken Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Ağ evdən aralı dövlət qonaq evi olan Blair House-da görüşüb.

“İki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə doğru irəliləmək üçün real və cəsarətli addımlar atdığını görürük”, – Blinken deyib.

Blinkenin sözlərinə görə, danışıqlar daha öncə Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsindəki müzakirələrin, eləcə də Ermənistan, Azərbaycan və ABŞ rəsmilərinin digər söhbətlərinin davamı olacaq.

“Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın dostu olaraq bu səylərdə sizi dəstəkləmək üçün əlindən gələni etməyə sadiqdir”, – Blinken deyib.

Bundan sonra görüş qapalı keçirilib.

Danışıqlardan öncə Ermənistanla Azərbaycan bir-birini sərhəddə atəşkəsi pozmaqda suçlayıb.

Kremlin sözçüsü Dmitri Peskov noyabrın 7-də tərəfləri “gərginliyin qızışmasına apara biləcək hərəkətlərdən çəkinməyə” çağırıb.

Qarabağa silah daşınır?

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə imzalanan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Davit Babayan Rusiya hərbçilərinin regiona silah daşıması haqda həftəsonu yayılmış məlumatları təkzib edib. O, Laçın dəhlizindən Qarabağa hərbi avadanlıq transferi haqda yayılan xəbərləri “informasiya terrorçuluğu” adlandırıb. Babayanın iddiasına görə, Azərbaycan bu xəbərlərdən regiondakı etnik ermənilərə qarşı “daha bir provokasiya üçün bəhanə” kimi istifadə edə, Laçın dəhlizi üzrə razılaşmanı “poza” bilər.

“Təbii ki, heç bir hərbi avadanlıq daşınmayıb, çünki kameralar var. Hər şey nəzarət altındadır”, – Babayan deyib.

12 ton humanitar yük

Qarabağdakı Rusiya hərbi kontingentinin noyabrın 5-də Telegram-da bildirdiyinə görə, regiona 12 ton humanitar yük çatdırılıb. Artıq sülhməramlıların Xocavənddə (Martuni) 324 ailəyə vacib əşyalar və yemək bağlamaları çatdırdığı bildirilir.

Elə həmin gün internetdə yayılmış videoda Yerevan aeroportunda yük təyyarəsindən aralanan, üzərində Rusiya Ordusunun işarəsi olan bir neçə yük maşınının Qarabağa yollandığı görünürdü. Azərbaycanda Telegram kanalları iddia ediblər ki, Bakı Rusiya təyyarəsinin öz ərazisindən Ermənistana uçmasına icazə verməyib və guya silah daşıyan təyyarə İranın hava məkanından Ermənistana gedib.

Bakı, Moskva və Yerevandan bu məsələyə rəsmi münasibət açıqlanmayıb.

XS
SM
MD
LG