Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:43

ABŞ Ukrayna müharibəsində 200 mindən çox itki olduğunu deyir


Ukraynalı hərbçilər Xersonda
Ukraynalı hərbçilər Xersonda

Ukrayna qüvvələri şərqi Donetsk vilayətində Rusiyanın yeni hücumlarını dəf ediblər. Moskva isə Baxmut və Avdiyevka istiqamətlərində hücumu davam etdirir. Bu arada ABŞ-ın aparıcı generalı müharibənin ukraynalılara “nəhəng” əziyyət və itkiyə başa gəlməsi haqda xəbərdarlıq edib.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qismən işğal olunmuş Xerson vilayətindəki qüvvələrin Dnepr çayının qərb sahilindən çıxarılmasına göstəriş verib.

Ukrayna ordusu Luqanskda da Rusiyanın hücumlarının dəf olunduğunu bildirib. Luqansk Donetkslə birlikdə ölkənin şərqi Donbas regionunu təşkil edir.

Hər iki tərəfdən 100 minlik itki

Ordu Rusiya qüvvələrinin Donetsk, Luqansk, Dnepropetrovsk, Zaporojye, Nikolayev, Sumı və Xerson vilayətlərində 30-dan çox yaşayış məntəqəsinə raket zərbələri endirdiyini bildirir.

ABŞ Birgə Qərargahlarının başçısı general Mark Milli (Mark Milley) isə noyabrın 9-da deyib ki, müharibədə indiyədək 100 minədək rusiyalı və 100 minədək ukraynalı əsgər öldürülüb, ya da yaralanıb.

Nyu Yorkda bir tədbirdə çıxış edən Millinin sözlərinə görə, münaqişə 40 minədək dinc sakinin həyatına son qoyub.

Ancaq bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün deyil.

Kiyevlə Moskva itki sayını ehtiyatla açıqlayırlar.

Qaçqın sayı

Rusiya sonuncu dəfə sentyabrda bildirib ki, fevralın 24-də müharibə başlayandan 6 minə yaxın əsgəri öldürülüb.

“Ortalıqda nəhəng əziyyət, insan əziyyəti var”, – deyən Milli münaqişənin 15-30 milyon qaçqının yaranmasına səbəb olduğunu vurğulayıb.

BMT isə indiyədək 7.8 milyon ukraynalı qaçqının Avropaya, o cümlədən Rusiyaya getdiyini bildirib. Ancaq Ukraynanın özündə evindən didərgin düşənlər buraya daxil deyil.

Şoyqunun Xersondan çıxmaqla bağlı əmrinə gəlincə, Milli deyib ki, ilkin indikatorlar Rusiyanın çıxma prosesinə davam etdiyini göstərir, ancaq bunun tamamlanmasının zaman alacağını sözlərinə əlavə edib.

20 min- 30 min əsgər

Bir çox hərbi təhlilçilər Xersonu sentyabrda Moskvanın ilhaqını elan etdiyi dörd vilayətdən ən vacibi sayırlar. Çünki Xerson Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına yeganə quru yolun, eləcə də Ukraynanı ikiyə bilən Dnepr çayının üzərindədir.

Milli deyib ki, Rusiyanın qüvvələrini Dneprin cənubuna keçirməsi günlər, hətta həftələr çəkə bilər. Onun dəyərləndirməsinə, Dneprin şimalında 20 min - 30 min Rusiya əsgəri ola bilər.

Kiyev də Rusiyanın qüvvələrini çıxarması xəbərinə ehtiyatla yanaşıb, Xersonda qüvvələrin qaldığını, vilayətə əlavə qüvvələr göndərildiyini qeyd edib.

“Onlar çıxırlar, ancaq tamamilə çəkilmə, yaxud yenidən qruplaşma formasında deyil”, – Prezident Volodimir Zelenskinin müşaviri Oleksey Arestoviç noyabrın 9-da axşam videomüraciətində deyib.

XS
SM
MD
LG