Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:25

İstanbuldakı partlayışa görə 22 şübhəli saxlanıb


Hadisə qurbanları yad edilir, 14 noyabr, 2022-ci il
Hadisə qurbanları yad edilir, 14 noyabr, 2022-ci il

İstanbulun mərkəzi ticarət küçəsində partlayışa görə indiyədək 22 şübhəli saxlanıb. TRT dövlət televiziyası bombanı qoymaqda şübhəli bilinən qadının saxlanması videosunu yayıb.

Daxili işlər naziri Süleyman Soylu hücuma görə PKK-nın və Suriyada kürd silahlı qruplaşması olan YPG-nin məsuliyyət daşıdığını bildirib. Ankara YPG-ni PKK-nın qanadı sayır.

Soylunun sözlərinə görə, hücum əmri Kobanidə verilib, hücumu törədən şəxs Suriyanın digər şəhəri Afrindən də keçib. Son illər Türkiyə qüvvələri Suriyanın bu iki şimal şəhərində YPG-yə qarşı əməliyyatlar aparıb.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Qıvrım saçlı, üstündə “New York” yazılmış bənövşəyi koftalı qadının polis şöbəsinə gətirilməsi görüntüləri yayılıb. Polis mənzildə axtarış zamanı itdən istifadə edib, qızıl, pul, sursat aşkarlanıb.

Hücumda həlak olan 6 türkiyəli hərəsinin iki üzvü olmaqla üç ailədəndir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Prezident seçkisi öncəsi

“Reuters” yazır ki, bu hücum 2023-cü ilin iyununda gərgin keçəcəyi gözlənən prezident seçkiləri öncəsi Türkiyədə daha çox insidentin baş verə biləcəyi sarıdan narahatlığı gücləndirib.

2015-ci ildə, noyabr seçkisi ərəfəsində Ankara ilə PKK arasında atəşkəs pozulub, bir sıra hücumlar həyata keçirilib. Sonuncu böyük hücum isə 2017-ci ildə Yeni il gecəsi İstanbulda gecə klubunda baş verib, 39 nəfər öldürülüb.

Kürd, islamçı, solçu silahlılar İstanbulda əvvəllər də hücumlar təşkil edib.

Türkiyə 2019-cu ildə Suriyanın şimalında YPG-yə qarşı üç əməliyyat gerçəkləşdirib, yüz kilometrlərlə ərazini tutub. Bu ilin əvvəlində Prezident Rəcəb Tayyib Ərdoğan daha bir əməliyyatın qaçılmaz olduğunu deyirdi.

ABŞ-ın YPG-yə dəstəyi

ABŞ Suriyadakı münaqişədə YPG-ni dəstəkləyir və bu da NATO üzvü Türkiyə ilə fikir ayrılığına səbəb olur.

Dünənki hücumu bir sıra ölkələr pisləyib, ABŞ, Avropa İttifaqı (Aİ), Misir, Ukrayna və Yunanıstan başsağlığı verib.

Türkiyə isə Vaşinqton və digərlərinin YPG-yə dəstəyini partlayışla əlaqələndirib.

Prezidentin kommunikasiya idarəsinin direktoru Fahrettin Altun deyib ki, belə hücumlar “bəzi ölkələrin terrorçu təşkilatlara dəstəyinin birbaşa və dolayısı ilə nəticəsidir”.

Soylu ABŞ-nin başsağlığını “qatilin cinayət yerinə ilk qaçanlardan biri olmasına” bənzədib.

PKK 1984-cü ildən Türkiyə dövlətinə qarşı qiyamçılıqla məşğuldur, toqquşmalarda 40 mindən çox insan həlak olub. Türkiyə, Aİ və ABŞ PKK-nı terrorçu təşkilat sayır.

2016-cı ilin dekabrında İstanbulda futbol stadionunda qoşa partlayışlarda 38 nəfər həlak olub, 155 nəfər yaralanıb. Bu hücumlara görə PKK-nın qanadı məsuliyyət götürüb.

+++

İstanbulun mərkəzindəki İstiqlal küçəsindəki partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Bunu Daxili işlər naziri Süleyman Soylu TRT Haber-in efirində deyib.

Nazirin sözlərinə görə, “bombanı qoyan şəxs saxlanıb”. Soylu deyib ki, hücum edənin Ankaranın terrorçu saydığı Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olduğu güman edilir.

“Daha öncə 21 nəfər saxlanıb. Bombanı qoyan şəxs də saxlanıb. Bizə bu ağrını vurana yaxın gələcəkdə daha böyük zərbə vuracağıq”, – Soylu bildirib.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

İki yaralının vəziyyəti ağırdır

Nazir 81 zərərçəkmişdən 50-nin evə yazıldığını, beş nəfərin reanimasiyada, ikisinin ağır vəziyyətdə olduğunu deyib. Daha öncə altı nəfərin öldüyü xəbəri yayılmışdı.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay Anadolu agentliyinə demişdi ki, baş verən hadisə terror hücumudur. O, partlayıcı qurğunu terrorçu qadının işə saldığını söyləyib. Ancaq həmin qadının partlayış nəticəsində ölüb-ölmədiyi bildirilmir.

Partlayış noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verib. Bu küçə turistlər arasında çox populyardır. Türkiyə mediası 6 nəfərin öldüyünü, 81 nəfərin xəsarət aldığını yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan sonra bunun terakta oxşadığını deyib.

XS
SM
MD
LG