Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Putinin yeni fərmanının Azərbaycan vətəndaşlarına təhlükəsi…


Rusiyada səfərbərlik
Rusiyada səfərbərlik

Noyabrın 14-də Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərman hüquq-informasiya internet portalında dərc olunub.

Yeni qaydaya əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaq. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı.

Son illərdə Rusiyada vətəndaşlıq alan xaricilərin bir çoxunun Orta Asiya respublikaları, o cümlədən Azərbaycandan gəldiyi bildirilir. Onlardan bəzilərinin ölkələrində heç vətəndaşlıqdan çıxmadıqları deyilir. İndi Rusiyada yaşayan belə azərbaycanlılardan bir çoxu narahatdır ki, bu fərman onların da Rusiya ordusuna cəlb edilməsinə yol aça bilər.

"İndi Rusiyadan hər cürə qəribəlik gözləyirik"

"İndi Rusiyadan hər cürə qəribəlik gözləyirik. Burada tək mən yox, bir çox azərbaycanlı narahatdır", - Rusiyada Smolensk şəhərində işləyən bir şəxs AzadlıqRadiosuna deyib.

Oktyabr ayından isə Rusiyaya gələn miqrantların bu ölkənin vətəndaşlığını alma proseduru yüngülləşdirilib. Ancaq bir şərtlə ki, onlar Rusiya Silahlı Qüvvələrində bir ildən az olmayaraq xidmət etməklə bağlı müqavilə imzalasınlar. Bundan sonra Moskvanın "Saxarovo" miqrasiya mərkəzində Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə çağırış mərkəzi öz işinə başlayıb. Moskva meri Sergey Sobyanin də onu "xarici vətəndaşların hərbi xidmətə cəlbi üçün tam yararlı infrastruktur" adlandırıb.

F.Ağamalı
F.Ağamalı

"Əgər Azərbaycan vətəndaşlığını daşıyan şəxslər…"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, sözügedən fərman Rusiyada müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına şamil edilməməlidir: "Rusiyada ikili vətəndaşlıq var. Məncə, bu ikili vətəndaşlığı olan insanlara şamil edilir".

Deputat qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur: "Yəni, Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşı ola bilməz... Əgər Azərbaycan vətəndaşlığından çıxmayan, Azərbaycan vətəndaşlığını daşıyan şəxslər Rusiya vətəndaşlığını qəbul ediblərsə, onlar həmin fərmanın əhatəsinə düşür".

Komitə üzvünün sözlərinə görə, müvəqqəti Rusiyada yaşayan və işləyən, amma yalnız Azərbaycan vətəndaşı olan şəxslər Rusiya ordusunda xidmət və müharibədə iştirak edə bilməz: "Azərbaycan vətəndaşı miqrant kimi Rusiyada müvəqqəti kimi yaşayıb çalışırsa, bu fərman ona şamil edilə bilməz".

"Məhkəməyə müraciət etsinlər"

Hüquqşünas Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qanunla ikili vətəndaşlıq qadağandır. Amma başqa ölkənin vətəndaşlığını qəbul edib və bu barədə Azərbaycan rəsmi qurumlarına məlumat verməyən şəxslər çoxdur.

Ə.Məmmədli
Ə.Məmmədli

Onun sözlərinə görə, bir nəfərin hərbi mükəlləfiyyəti bir ölkədə keçərlidir: "Yəni, əgər Azərbaycan vətəndaşlığından sonra Rusiya vətəndaşlığını qazananlar öz hərbi mükəlləfiyyətini Azərbaycanda həyata keçiriblərsə, onların Rusiyada təkrar hərbi mükəlləfiyyəti ola bilməz. Yox, əgər şəxs Azərbaycan vətəndaşı olub Azərbaycanda hərbi mükəlləfiyyətini keçmədən Rusiya vətəndaşlığına keçibsə və orada hərbi mükəlləfiyyət qazanıbsa, o zaman həmin şəxs bütün qaydalara uyğun həm səfərbərliyə, həm də məcburi hərbi xidmətə cəlb oluna bilirlər".

Hüquqşünasın deməsinə görə, əgər kimsə Azərbaycanda hərbi xidmətdə olubsa, onu təkrar Rusiyada hərbi xidmətə çağırırlarsa, məhkəməyə müraciət etməsi yaxşı olar.

Hazırda Smolensk şəhərində yaşayan və adının çəkilməsini istəməyən şəxs isə vəziyyəti belə izah edir: "Yaxın illərə qədər kimsə Rusiya vətəndaşlığı üçün müraciət edirdisə, onun sənədlərinin arasında Azərbaycan vətəndaşlığından imtina etməsi üçün notariusun təsdiq etdiyi ərizə olmalı idi. Həmin ərizə Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilirdi. Son illər isə artıq belə tələb olmadığından faktiki ikili vətəndaşlığı olan şəxslər yaranıb".

"Azərbaycan vətəndaşları üçün risk yaradır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Putinin imzaladığı fərman Rusiyada yaşayan və çalışan Azərbaycan vətəndaşları üçün risk yaradır: "Putin fevral ayında Ukraynaya qarşı müharibəyə başlayanda düşünürdü ki, qısa müddətdə qələbə çalacaq. Amma bu, olmadı və Rusiya ordusu ciddi itkilərlə üzləşib".

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloq deyir ki, artıq bir neçə ay əvvəl Rusiya pasportu daşıyan azərbaycanlılar üçün müharibəyə göndərilməklə bağlı müəyyən təhlükənin olması bəlli idi: "Putin açıq deməsə də, onun məntiqi belədir: əgər miqrant gəlib Rusiyada pul qazanırsa, onda zəhmət çəkib Rusiya uğrunda vuruşsun".

"Azərbaycanda iş yerləri ilə bağlı problemlər var"

E.Şahinoğlunun sözlərinə görə, miqrantların bir hissəsi Rusiyanı müharibə və çətinləşən iqtisadi vəziyyətə görə tərk edib: "Qalanları isə müharibəyə göndərilə bilərlər. Azərbaycan hökuməti də əgər miqrantlara təhlükə gözləyirsə, onları geri qaytarmaq barədə düşünməlidir. Bunu isə reallaşdırmaq çətindir, çünki Azərbaycanda iş yerləri ilə bağlı problemlər var".

XS
SM
MD
LG