Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:27

Paşinyan şahid kimi dindirilib


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində şahid kimi dindirilib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti “Azatutyun” yazır.

İstintaq orqanından “Azatutyun”a verilən məlumata görə, baş nazir 2022-ci il mayın 4-dən ilkin təhqiqat aparılan bir cinayət işi üzrə şahid kimi dindirilib. Söhbət 2020-ci ilin 44 günlük Qarabağ müharibəsi vaxtı Ermənistanın yüksək vəzifəli rəsmilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları üzrə açılan cinayət işindən gedir.

Bu ilin aprelindən başlayaraq müharibədə həlak olan hərbçilərin qohumları hökumətin, Baş prokurorluğun qarşısında müxtəlif etiraz aksiyaları keçiriblər. Onlar Paşinyanın dindirilməsini, onun təqsirləndirilən şəxs kimi işə cəlb olunmasını tələb edirdilər. Baş nazir də məhz həmin iddialar üzrə dindirilib.

Baş nazirin nə vaxt dindirildiyi açıqlanmır

Etirazlar vaxtı ozamankı baş prokuror Artur Davtyan valideynlərlə görüşüb, onların müraciətini öyrənərək onları zərərçəkmiş kimi tanıyıb, İstintaq komitəsinin başçısı Arqişti Kərəmyana Baş nazir Paşinyanı dindirmək göstərişi verib.

İstintaq Komitəsi Paşinyanın nə vaxt dindirildiyini açıqlamır. Eləcə də etirazçıların Paşinyana ittiham irəli sürülməsi ilə bağlı tələbinin yerinə yetirilib-yetirilməyəcəyi aydın göstərilmir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Müharibədə Azərbaycan 2 min 900, Ermənistan isə 3 min 800 civarında əsgərinin həlak olduğunu açıqlayıb.

XS
SM
MD
LG