Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:03

İranda aktrisa azadlığa buraxılıb


Həngamə Gaziani
Həngamə Gaziani

Ötən həftə hökumətə qarşı etirazları dəstəklədiyinə görə saxlanmış iranlı aktrisa Həngamə Gaziani azadlığa buraxılıb. Məlumatı ISNA dövlət xəbər agentliyi noyabrın 27-də yayıb.

Riahi haqda açıqlama verilmir

Film və teatr aktrisası olan Gaziani noyabrın 20-də həmkarı Katayun Riahi ilə birlikdə həbs olunmuşdu. Onlar rejimə qarşı çıxanlara dəstək əlaməti olaraq baş örtüklərini çıxarmışdılar.

ISNA Gazianinin azadlığa buraxılmasının detallarını açıqlamayıb. Riahinin durumuyla bağlı məlumat yoxdur.

Sentyabrın ortasından başlamış etirazlarda 15 mindən çox insanın saxlandığı bildirilir. Etirazlara 22 yaşlı Məhsa Əmininin polisdə ölməsi səbəb olub. O, guya hicabı düzgün bağlamadığına görə saxlanıb, bu zaman döyüldüyünü görənlər olub.

Hakim orqanlar isə onun qəfil ürək tutmasından vəfat etdiyini açıqlayıblar.

Gazianinin sosial media postları

Riahi Əmininin ölümündən sonra hicabını çıxaran ilk tanınmışlardan olub. Gaziani isə Tehranda küçədə hicabsız, saçı at quyruğu formasında yığılmış fotosunu paylaşıb At quyruğu saç düzümü son həftələr İranda mübarizə simvoluna çevrilib.

Gaziani və Riahi “provokativ” sosial media postları və media fəaliyyətinə görə dindirilməyə çağrılandan sonra saxlanmışdılar. Bu məlumatı IRNA dövlət xəbər agentliyi yaymışdı.

Gaziani həbsindən öncə fotoları ilə birlikdə belə bir bəyanat da yaymışdı: “Bu mənim son postum ola bilər. Bu məqamdan sonra başıma nə gəlirsə, gəlsin, son nəfəsimədək İran Xalqıyla birlikdəyəm”.

Daha öncə isə Instagram postunda İranı “uşaq qatili ölkə” adlandırmışdı.

Həbs olunan kinematoqrafçılar

İranda etirazçıları dəstəklədiyinə görə bir sıra tanınmış incəsənət xadimi dindirilib.

Üç tanınmış kinematoqrafçı – Mustafa əl-Əhməd, Məhəmməd Rasulof Cəfər Pənahi isə həbs olunublar. Onlar 300 iranlı kinorejissorla birlikdə təhlükəsizlik qüvvələrini “korrupsiya, oğurluq, səriştəsizlik və repressiya” ilə bağlı ictimai qəzəb fonunda “silahı yerə qoymağa” çağırmışdı. Bu çağırış mayda Əbədan şəhərində 41 nəfərin ölümüylə nəticələnmiş bina uçqunundan sonra baş vermişdi.

Oktyabrın 3-də Tehran İslam İnqilab Məhkəməsi əl-Əhmədə altı illik həbs hökmü çıxarıb.

Rənahi və Rasulofun aylardır Tehrandakı bədnam Evin həbsxanasında saxlandığı bildirilir.

XS
SM
MD
LG