Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:30

'Radio Vovan': Moskvanın işğalı haqda ‘saxta’ xəbərlərə görə həbs


Vladimir Rumyantsev məhkəmədə
Vladimir Rumyantsev məhkəmədə

Vladimir Rumyantsev adaşı, Prezident Vladimir Putinin Ukraynaya hücum əmri verməsindən az sonra öz mənzilindən işğalla bağlı müstəqil medianın xəbərlərini paylaşmağa və hətta yayımlamağa başlayıb. Bu zaman Rusiya ordusunun törətdiyi cinayətləri də vurğulayıb.

Moskvadan təqribən 500 kilometr şimalda yerləşən Voloqda şəhərinin sakini Rumyantsev Putini sevmədiyini, onun Ukraynaya hücumunu dəstəkləmədiyini deyir. O, rusiyalıların hökumətin hərəkətlərinə qiymət verə bilmək üçün müstəqil informasiyaya ehtiyacı olduğunu, paylaşımlarına da məhz buna görə başladığını söyləyir. Müstəqil informasiyanınsa çox hissəsi rəsmi təbliğatdan fərqlidir.

Ancaq rəsmilər bununla razılaşmadılar. Bir çox başqaları kimi Rumyantsev də müharibə əleyhinə baxışlarına görə təqib edilib. Dekabrın 22-də məhkəmə onu Rusiya ordusu haqda “saxta məlumat” yaymaqda təqsirli bilərək üç illik həbs cəzasına məhkum edib.

Rumyantsev hər hansı yanlışa yol vermədiyini, apelyasiyaya müraciət edəcəyini deyir.

Altı video araşdırılıb

"Bu gün Rusiya postsovet dövrünün ən repressiv halına gəlib. Hökumət tənqidi medianı təqib, dinc etirazçılara hücum edir, müstəqil qruplara qarşı qarayaxma kampaniyaları düzəldir və onları cərimələrlə boğur. Xarici təşkilatlar get-gedə daha çox “arzuedilməz” adlandırılaraq qadağan olunur, Rusiya vətəndaşları və təşkilatları onlarla əməkdaşlığa görə cəzalandırılır”, – “Human Right Watch” insan haqları təşkilatı bildirir.

Məhkəmə Rumyantsevin 18 mart – 22 iyun tarixləri arasında “VKontakte” sosial şəbəkəsində paylaşdığı altı videonun tərkibində “Rusiya Federasiyasının silahlı qüvvələrinin üzvlərinin guya mülki şəxsləri qarət etməsi, öldürməsi və zorlaması, xəstəxanaları, doğum evlərini, məktəb və uşaq bağçalarını dağıtması haqda yanlış məlumatların” olduğunu bildirib.

Hökm çıxarılanadək Rumyantsev artıq beş ayını təcridxanada keçirib.

"Rəsmi dairələrin hərəkətlərini dəyərləndirmək üçün insanın informasiyaya ehtiyacı var, özü də təkcə rəsmi informasiyaya yox. Rəsmi versiyaya gəlincə, artıq həyat mənə ona inanmamağı öyrədib. Özümü təqsirsiz bilirəm", – Rumyantsev məhkəməyə deyib.

“Proletariatın adamı”

Rumyantsevin vəkili Sergey Tixonov onun “proletariatın adamı” olduğunu, illərlə Voloqdada trolleybus sürücüsündən maşın hissələri zavodunda fəhləyə qədər mavi yaxalıqlı işlərdə çalışdığını deyib. Onun sonuncu işi ocaqçılıq olub, yerli şirkətlərin istilik sistemlərinə qulluq edib. Vəkil Tixonov müvəkkilinin nümunəvi işçi olduğunu, içki içmədiyini və siqaret çəkmədiyini, işə vaxtında gəldiyini deyib. O, Rumyantsevin apelyasiyaya müraciət edəcəyini bildirib.

Rumyantsev illərlə boş vaxtında həvəskar radio ilə məşğul olub. O, aşağı güclü FM ötürücü alıb və yuxarı mərtəbədəki mənzilindən öz radio proqramını yayımlamağa başlayıb. O, radiosunu zarafatla “Radio Vovan” adlandırıb.

Tixonovun sözlərinə görə, Rumyantsev öz radiosunda əsasən musiqi (klassikadan pop musiqisinədək) səsləndirib. O, mahnıların hamısını köhnə sovet arxivlərindən endirirmiş.

Siqnal heç vaxt güclü olmadığından böyük ehtimalla, qonşu binadan o yana getməyib.

Fevralın 24-dən sonra...

Ancaq fevralın 24-dən sonra Rumyantsev radiosunun formatını dəyişərək müstəqil və müxalif Rusiya blogerlərinin, o cümlədən “Meduza” və “Exo Moskvı”nın audio yazılarını yenidən yayımlamağa başlayıb.

Rumyantsevi kimin satdığı dəqiq məlum deyil. Ancaq görünür, dinləyicilərindən biri olub. Aprelin əvvəllərində artıq onun avadanlığı müsadirə edilmişdi.

"Onlar Vladimirin evinə axtarış orderi ilə gəlib bütün ötürücüləri müsadirə ediblər. Özünü tutmayıblar, ancaq tapşırıblar ki, bütün müxalifət materialını yayımlamağı dayandırsın. O da deyib ki, yayımı dayandırsa, qorxaq kimi görünər və bundan çox utanar”, – Tixonov danışır.

Ukraynada bu qəsəbənin sakinləri 10 aydır zirzəmidə yaşayırlar
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

“VKontakte”də də yazdıqları

Sonra FSB Rumyantsevi sorğu-sual edib. Bunun ardınca o, “VKontakte”də böyük hərflərlə post paylaşıb. Bu statusda Rusiyanın Ukraynadakı hərəkətlərinin beynəlxalq hüququn pozulması, müharibə cinayəti və soyqırım olduğuna inandığını yazıb.

FSB Rumyantsevin özünün “VKontakte” səhifəsində də müharibə əleyhinə videolar paylaşdığını müəyyən edib. Hücumun ilk günlərində onun izləyici sayı 20 nəfəri keçmirmiş.

Müstəntiqlər Rumyantsevin Buça, İrpin və Mariupol haqda paylaşdığı materialları da görüblər.

Kiyev bölgəsindəki Buça və İrpin şəhərləri Rusiya hücumunun əvvəlində qısa müddətə işğal olunsa da, çox böyük dağıntıya məruz qalıb. Mariupolsa bombalanaraq xarabalığa çevrilib. Bu şəhərdə minlərlə mülki şəxsin qətlə yetirildiyi bildirilir.

Putin haqda dedikləri

Sorğu-sual zamanı Rumyantsev Putin haqda xoş olmayan baxışlarını bölüşüb. Məhkəmə iclasında onun bu sözlərinin transkripti də oxunub.

"Mən qətiyyətlə Rusiya Federasiyasının hazırkı hökumətinə, o cümlədən Prezident Putin V.V.-yə qarşıyam. Düşünürəm ki, o, hakimiyyətdə çox uzun müddət qalıb… və real dünyada deyil, illüziyalarda yaşayır", – deyən Rumyantsev bu sözlərinin ardınca Putinin Ukraynaya hücum qərarını sərt tənqid edib. Ukraynada "Rusiyanın hücumundan öncə heç kimin heç kəsi öldürmədiyini və hər şeyin sakit olduğunu” bildirib.

Rumyantsev məhkəmədə müharibə əleyhinə materiallar paylaşdığını və yayımladığını sərbəst etiraf edib və bunu cinayət saymadığını vurğulayıb.

Məhkəmədə prokuror Rumyantsevə altı il həbs cəzası verilməsini tələb edib. Bu zaman o, təqsirləndirilənin digər müxalif hərəkətlərini, o cümlədən müharibə əleyhinə piketdə iştirakını, 60 min rubl (857 dollar) cərimə cəzası almasını və həbsdə olan müxalif siyasətçi Aleksey Navalnını dəstəkləməsini əsas gətirib.

Məktub

Məhkəmənin hökm oxuduğu gün polisin ölkə boyu gerçəkləşdirdiyi həbsləri monitorinq edən “OVD-Info” adlı Rusiya QHT-si Rumyantsevin öz keçmişi və həvəskar mikroradiosuna başlamasının səbəblərini izah etdiyi məktubunu yayıb.

Məktubda Rumyantsev tanınmış satirik və sovet dissidenti Vladimir Voynoviçin 1987-ci ildə yazdığı məşhur “Moskva 2042” distopik romanının adını çəkib. Romanda ölkəni özündə sovet Kommunist Partiyası, Rusiya Pravoslav Kilsəsi və KQB gizli polisinin elementlərini birləşdirən "Dövlət Təhlükəsizliyi Kommunist Partiyası” idarə edir.

"Bunun reallıq olacağını gözləmirdim”, – Rumyantsev yazıb.

XS
SM
MD
LG