Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:35

Fransa deputatları Qarabağa görə Makrona məktub yazıblar


Emmanuel Makron Fransa Senatında çıxış edərkən (Arxiv fotosu)
Emmanuel Makron Fransa Senatında çıxış edərkən (Arxiv fotosu)

“Emmanuel Makron Dağlıq Qarabağ ermənilərinin və Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməlidir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, sağ və sol təmayüllü yüzdən çox Fransa millət vəkilinin Makrona Le Monde qəzetində dərc olunmuş birgə məktubunda belə deyilir.

Məktubda qeyd olunur ki, Makron Ermənistan və Qarabağ ətrafında cərəyan edən proseslərə müdaxilə etməklə “sonradan önlənməsi mümkün olmayacaq hadisələrin” qarşısını almalıdır.

Birgə məktubda Fransa parlamentinin hər iki palatasını təmsil edən deputatlar “Azərbaycan tərəfindən blokadaya alınmış Qarabağdakı” vəziyyətin “humanitar fəlakətə” səbəb ola biləcəyini vurğulayırlar.

Məktub müəllifləri bildirirlər ki, 2020-ci ildən yaranmış vəziyyət Bakının geri çəkilməyəcəyini, ermənilərin “etnik təmizlənməsi” üçün istənilən bəhanədən istifadə edəcəyini göstərir.

Siyasətçilər qeyd edirlər ki, aralarındakı bütün fikir ayrılıqlarına baxmayaraq, onlar Ermənistan və Qarabağa dəstəkdə həmrəydirlər.

Onlar hesab edirlər ki, Fransa bu məsələdə “100 il gecikib”.

Beynəlxalq sülhməramlılar göndərilsin

Məktubda “Azərbaycanın beynəlxalq hüququ pozmasının, Ermənistan ərazisini işğal etməsinin və hərbi cinayətlərinin” pislənməsinə, habelə Qarabağda humanitar təmsilçiliyə, Ermənistana təcili iqtisadi yardım göstərilməsinə, Qarabağ nümayəndələri ilə görüş keçirilməsinə” çağırış edilir.

Məktubda vurğulanır ki, “Makron Avropa İttifaqı və ABŞ partnyorlarını birlikdə Azərbaycan üzərinə sanksiyaların qoyulması zərurətinə inandırmalıdır”.

Fransa millət vəkilləri prezidenti Xankəndi hava limanının istismara verilməsinə və BMT Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsinə nail olmağa çağırırlar.

Azərbaycan səfirinin cavabı

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə planlaşdırılan son görüş məhz erməni tərəfinin bu danışıqlarda Makronun iştirakını istəməsinə görə baş tutmayıb.

Azərbaycan rəsmiləri bundan əvvəl Fransa Senatının Qarabağa dair qətnaməsini pisləyiblər və Parisi tərəfkeşlikdə ittiham ediblər.

Dekabrın 28-də Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bəyan edib ki, Qarabağ Laçın dəhlizi də daxil Azərbaycanın suveren ərazisidir.

O Twitter hesabından Fransa millət vəkillərinin Le Monde qəzetində dərc olunmuş məktubuna münasibət bildirib:

“Qarabağ erməniləri Azərbaycan vətəndaşı sayılırlar. Universal dəyərlər, mənəvi vəzifəniz və şərəfiniz sizdən Azərbaycanın sülh səylərinə dəstək vermənizi tələb edir”.

Fransa səfirinə nota verilib

Fransanin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon bugün, dekabrın 28-də bu ölkənin Xrici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan XİN-in məlumatına görə, Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası ona təqdim olunub.

Bildirildiyinə görə, görüş zamanı, “Fransanın müxtəlif siyasi qüvvələrinin Azərbaycana qarşı açıq böhtan, qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub və məktubda əks olunmuş iddialar rədd edilib.”

Qeyd edildiyinə görə, bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından bu ölkənin prezidentinə ünvanlanmış məktubda “Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin” qəbuledilməz olduğu bildirilib.

Hələlik, bu açıqlamaya Fransanın Azərbaycandakı Səfirliyindən ayrılıqda münasibət almaq mümkün olmayıb.

İran pulu dollara nisbətdə rekord həddə ucuzlaşıb
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG