Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Kiyevdə ‘beton qutunun içində oturan’ rusiyalı bloger


Kyevdə Milad yolkası
Kyevdə Milad yolkası

"Gündə yeddi saatdan artıq işığımız olmur. İşığın nə vaxt yanacağını da bilmirik. İşıq olmayanda istilik və su da olmur. Lift işləmir. Beton qutunun içində otururuq”, – Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada yaşayan 36 yaşlı rusiyalı bloger deyir.

“Telegram”dakı adı Roman Yuxnovets olan, ancaq Rusiyadakı yaxınlarının təhlükəsizliyini düşünərək əsl adının çəkilməsini istəməyən bloger Rusiyadan Kiyevə 2015-ci ildə, həyat yoldaşı Mariya ilə tanış olduqdan iki il sonra köçüb. O, Mariya ilə Ukraynada iş səfərində zamanı tanış olub. Hazırda cütlük altı həftəlik qızları Polina ilə birlikdə bir göydələnin 24-cü mərtəbəsində yaşayır.

Rusiyanın tammiqyaslı hücuma başlamasından sonra onların pəncərələrindən açılan mənzərə dəyişib. İndi mənzillərindən çölə çıxmamış çox düşünməli, ehtiyatlı davranmalı olurlar. Xüsusən də körpə uşaqla liftdə ilişib qalmaqdan qorxurlar.

“Liftlə dəhlizə çıxırıq”

"Həyəcan siqnalı çalınanda zirzəmiyə düşməliyik, ancaq yalnız elektrik varsa. Elektrik yoxdursa, o qədər yolu vaxtında gedib çatmaq mümkün deyil. Ona görə də hava hücumları zamanı liftlə dəhlizə çıxırıq. Ora az-çox təhlükəsizdir", – Yuxnovets deyir.

Oktyabrın əvvəlindən bəri Rusiya Ukraynanın elektrik şəbəkəsi və mülki infrastrukturunu sıradan çıxarmaq üçün çoxsaylı hava hücumları həyata keçirib. Nəticədə ölkədə elektrik, su və istilik kəsintiləri başlayıb. Dekabrın 16-da Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrell) bu hücumları "barbarcasına” və "müharibə cinayəti” adlandırıb və “bütün məsuliyyət daşıyanların cavab verəcəyini” deyib.

BMT-nin dekabrın 27-sinə olan məlumata görə, Ukraynada 18 min mülki vətəndaşın həyatını itirməsi təsdiqlənib. Ancaq əslində, ölənlərin ümumi sayı bundan “xeyli yüksək” olduğu bildirilir.

“Ağacla selfi çəkmək istəyirsinizsə...”

Yuxnovets “Telegram”da müharibə zamanı Kiyevdəki həyatı haqda paylaşımlar edərək dünyadakı minlərlə insana Ukraynadakı gündəlik həyat haqda həqiqətləri çatdırır.

"Kiyev vağzalında yolka qurublar. Ancaq elektrik şəbəkəsinə yük olmamaq üçün işıqları generatora qoşublar. Ağacla selfi çəkmək istəyirsinizsə, pedalı çevirməlisiniz", – o, dekabrın 18-də paylaşdığı video postunda deyir.

"Əslində mən Belarusdanam, ancaq illərlə Rusiyada yaşamışam. Hazırda Ukraynada insanlar Rusiya haqda nə düşünürlər? Ukrain dilində bir söz var – lyut. Gələn raketi gözlərinlə izləyərkən dişlərini qıcadığın və təhlükənin sovuşun getməsini gözlədiyin …an hiss etdiyin qəzəb kimi bir şeydir”, – bloger AzadlıqRadiosunun “Sever.Realii” xidmətinə Kiyevdən telefonla müsahibəsində deyib.

“Maşa mənsiz getməkdən qəti imtina etdi”

Moskvanın Ukraynaya qarşı hücuma başlamasından bir neçə gün sonra Yuxnovets və ailəsi necə kömək edə biləcəklərini düşünməyə başlayıblar. O bir neçə dostu ilə birlikdə qatar mühəndisləri və köçkünlər üçün yemək bişirməyə başlayıb. Mariya isə səyahət agentliyindəki həmkarları ilə birlikdə balaca uşaqları olan ailələrin paytaxtdan evakuasiyasına kömək etməyə başlayıb. Elə həmin vaxtlarda cütlük Mariyanın hamilə olduğunu öyrənib.

"Martda Kiyevin ətraflarında artilleriya var idi. Dəhşət idi. Biz uzun müddət valideynlərimizə demədik ki, qorxmasınlar. Bütün variantları müzakirə etdik. Əlbəttə, Maşa, anası və körpə çıxıb getsəydi, mən daha rahat olardım. Ancaq Maşa mənsiz getməkdən qəti imtina etdi. Mənsə gedə bilmirdim. Bu, xəyanət olardı. Düşündüm ki, faydalı ola bilərəm”, – Yuxnovets deyir.

“İnsanları axtardıq”

Martın sonlarında gözləmədikləri müqavimətlə qarşılaşan Rusiya ordusu Kiyevin şimalında tutduğu əraziləri tərk etdi. Bir neçə həftə sonra, təhlükə bir qədər azalanda bloger və dostları həmin əraziyə keçərək buranı tərk edə bilməyən yaşlı və əlilliyi olan insanlara kömək etməyə başlayırlar.

"Biz ora plansız getdik, sadəcə boşalmış və dağılmış kənddə insanları axtardıq. Bir evdə yaşlı cütlük tapdıq. Rusiyalılar onların hasarında bu sözləri yazmışdılar: 'Qonaqpərvərlik üçün çox sağ olun'”, – Yuxnovets aprelin 22-də paylaşdığı bloq postunda yazır.

Bloger “insanların zombi kimi” dağıdılmış küçələrdə gəzdiyi və Rusiya əsgərlərinin 20-30 adamı bir evə doldurub çölə çıxmasına icazə verməməsindən danışdığı ilk səfərlərini xatırlayır.

Terapiya

O, dostları ilə birlikdə kiçik qəsəbələri müntəzəm ziyarət etməyə başlayır. Burada onlarla insana, əsasən yaşlılara kömək edirlər. Bloq yazısında o, artilleriya zərbələri altında insanlara ərzaq paylamalarından və “deyəsən 100 yaşı olan” bir qadına rusiyalıların həyətində qazdığı səngəri doldurmağa kömək etmələrindən danışır. Layihənin başlanmasından bəri qrup azı min torba ərzaq paylayıb.

İlk vaxtlar insanlar ərzağı götürüb evlərinə girirdilər. Ancaq tədricən onlar açılışmağa başlayıblar.

"Bizim səfərlərimiz onlar üçün terapiya kimi idi. Məsələ ərzaqda deyildi – onlar bizi gözləyirdilər”, – o deyir.

Qurabiyə bişirən qadın

Bəzi qadınlar onlara sadə hədiyyələr də hazırlayıblar. Onlardan biri “başını qatmaq üçün qurabiyə bişirirdi”. “Bu ona həyatını davam etdirməyə səbəb verirdi”, – o deyir.

"Tənha insanlar üçün əsas məsələ yoldaşlıqdır”, – Yuxnovets deyir.

O öz bloqunda bu dünyanın hər yerindən bu könüllü təşəbbüsə ianələr gəldiyini də yazır. İnsanlar bir neçə dollardan bir neçə min dollara qədər pul ianə edirlər. Bu ianələr sayəsində qrup insanlara odun çatdıra, dağılmış dam və pəncərələri bərpa etdirə bilir.

Martda bloger Katya adlı təqaüdçünün evinin uçmaqda olduğunu yazanda Meksikadan bir qadın bir neçə min dollar ianə edib. Həmin qadın müharibənin başlanmasına qədər Rusiyanın Meksikadakı fəxri konsulu olub.

Yuxnovets ianəçilərin çoxunun Rusiya və xaricdə yaşayan rusiyalılar olduğunu deyir.

XS
SM
MD
LG