Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:48

'Nə qədər ki, islahatlar aparılmayacaq, dəm qazı can alacaq'


Dəm qazı fəlakəti: Günah kimdədir? (Araşdırma)
Gözlə

No media source currently available

0:00 0:12:32 0:00

Dəm qazı fəlakəti: Günah kimdədir? (Araşdırma)

Yanvarın 1-də Gədəbəy rayonunda bir, Qazax rayonunda iki dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Ötən il də Azərbaycanda belə halların tez-tez yaşandığı bildirilir. Səhiyyə qurumlarının məlumatına görə, təkcə paytaxt Bakıda dekabrda 14 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Dəm qazından Azərbaycanda zəhərlənmə əvvəlki illərdə də qış aylarında tez-tez baş verib.

"Qazla işləyən cihazlar hamamda deyil,…"

"Azəriqaz" İstehsalat Birliyindən (İB) "Turan"a bildirilib ki, Azərbaycanda dəm qazının yaranması halları ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

Qurumdan vurğulanıb ki, bu, son illər aparılan maarifləndirmə işləri ilə bağlıdır: "Son 10 ilin statistik məlumatlarına əsasən, dəm qazı hallarının azı 95 faizi hamam otaqlarında baş verir. Əgər biz hamam otağından hadisənin mənbəyini uzaqlaşdırsaq, dəm qazından zəhərlənmə hallarının 95 faizi də yoxa çıxacaq. Qazla işləyən cihazlar hamamda deyil, havaya çıxışı olan mətbəxdə quraşdırılmalıdır".

"Azəriqaz" İB-dən həmçinin deyilib ki, vətəndaşlar qış aylarında kustar üsulla tüstü bacaları quraşdırmamalıdırlar: "Eyni zamanda, tüstü bacalarının zamanında təmizlənməsinə diqqət edilməlidir".

Qurumdan əlavə olunub ki, 2022-ci il fevralın 25-də Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb: "Evlərdə texniki müayinələrin keçirilməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə həvalə olunub". Vurğulanıb ki, həmin sənəddən irəli gələn qaydalar "Azəriqaz" İB-yə təqdim olunandan sonra onların əsasında fəaliyyətə başlanacaq.

Əvvəl məsuliyyət hansı qurumda idi?

Bu sualın cavabı Nazirlər Kabinetinin "Qazdan İstifadə Qaydaları"nda var idi. Orada yazılırdı ki, Fövqəladə Hallar və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri istehlakçını beş iş günü əvvəldən məlumatlandırmaqla qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməlidirlər.

"Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı da AzadlıqRadiosuna xatırladıb ki, 2009-cu ildə "Azəriqaz" SOCAR-ın tərkibinə verilib: "Amma qurum müstəqil olmalıdır, çünki qazı çıxardanla qazı satan bir əldə olmamalıdır".

"Bizdə yoxlama və nəzarət yoxdur"

Onun sözlərinə görə, tüstü bacaları mütləq yoxlanmalı və texniki nəzarət olmalıdır: "Praqada ildə bir dəfə gəlməzdən iki gün əvvəl xəbərdarlıq edərək xüsusi aparatlarla qaz istismar qurğularına baxış keçirirlər. Bizdə isə yoxlama və nəzarət yoxdur. Əvvəl gəlib hamam otağını yoxlayırdılar, indi isə bu da yoxdur".

Ekspert qeyd edib ki, kommunal xidmətlər sektorunda ciddi islahatlar aparılmalıdır: "Nə qədər ki, islahatlar aparılmayacaq, o qədər də dəm qazı can alacaq".

Xatırlatma

Dəm qazından zəhərlənmə ilə bağlı, hələlik, başa vurduğumuz 2022-ci illə bağlı rəsmi statistika açıqlanmayıb. Amma 2021-ci ilin sonunda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən təkcə Bakı şəhərində il ərzində onlara 250-dən çox dəm qazından zəhərlənmə ilə bağlı müraciət daxil olduğu bildirilmişdi…

XS
SM
MD
LG