Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:34

Krımda Rusiya aerodromu yaxınlığında partlayış olub


Ukrayna, 3 yanvar, 2023-cü il
Ukrayna, 3 yanvar, 2023-cü il

Yanvarın 4-nə keçən gecə Ukraynanın işğal olunmuş Krım yarımadasında Belbek aerodromu yaxınlığında partlayışlar eşidilib. Moskva isə Ukraynanın mülki infrastrukturuna havadan zərbələr endirməkdədir.

Sevastopol liman şəhərinə Rusiyanın təyin etdiyi başçı Mixail Razvojayev Telegram-da yazıb ki, Rusiya qüvvələri iki dronu vurublar. AzadAvropa/AzadlıqRadiosu bu məlumatı təsdiqlədə bilməyib.

İnfrastruktur vurulur

Belbekdə Rusiya hava qüvvələrinin 38-ci qırıcı alayı yerləşir. 2022-ci ilin avqustunda aerodroma dron zərbəsi endirilib. O vaxtdan Krımda havadan müdafiə sistemləri mütəmadi işə salınır. Yarımadanın işğalçı başçısı Sergey Aksyonov əraziyə dron hücumlarının “əsas təhdid” olduğunu deyib.

Ukrayna Baş Qərargahının yanvarın 4-də yaydığı məlumata görə, Rusiya havadan onlarla zərbə gerçəkləşdirib, raket atıb, onların çoxu Kramatorsk, Zaporojye və Xersonda mülki infrastrukturu hədəfə alıb. Ötən gecə ölkə boyunca bir çox yerlərdə hava həyəcanı siqnalı eşidilib.

Rusiya oktyabrda Ukraynanın enerji sisteminə intensiv zərbələr endirir, istilik və su təchizatında böyük kəsintilər yaranır.

Bu arada Ukrayna tərəfi qismən işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin bir sıra rayonlarında döyüşlərin getdiyini bildirib.

Makeyevkada əsgərlərin yeri necə aşkarlanıb

Yanvarın 3-də Rusiyanın mərkəzi Samara vilayətinin sakinləri Yeni il gecəsi Donetsk yaxınlığında öldürülmüş əsgərləri yad ediblər. Ukraynanın Makeyevkaya endirdiyi zərbələrdə 89 əsgərin öldürüldüyünü Moskva təsdiqləyib.

Ukrayna ordusu, kremlyönlü hərbi blogerlər isə artilleriya zərbəsində 400-dək əsgərin öldüyünü, yaxud yaralandığını xəbər verib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 3-də iddia edib ki, Ukrayna əsgərlərin yerini onlar mobil telefonlarını işə saldığı zaman aşkarlayıb. “Conflict Intelligence Team” açıq mənbələrlə işləyən kəşfiyyat qrupunun təsisçisi Ruslan Leviyev AzadlıqRadiosuna deyib ki, Ukrayna silahlı qüvvələrinin əsgərlərin yerini necə müəyyənləşdirdiyi aydın deyil, informasiyanı yerli sakinlər, yaxud kəşfiyyatçılar da ötürə bilərdi.

Əsgərlər üçün yardım yığılır

Samara vilayətinin qubernatoru Dmitri Azarov yanvarın 3-də Müdafiə Nazirliyi rəsmiləri ilə görüşərək hücumda yaralanan əsgərlərə tibbi və digər yardımı müzakirə edib. Makeyevkaya zərbədə yaralanan əsgərlərin çoxunun Samara vilayətindən olduğu deyilir. Rəsmilər və əsgərlərin ailələri corab, alt paltarı, ayaqqabı, əlcək kimi vacib əşyalar yığırlar.

Azarovun ofisi qurbanların çoxunun bu yaxınlarda səfərbər olunmuş şəxslərin olması haqda məlumatları təkzib edib.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan bəri Makeyevka insidenti ən çox qurban verilən hücumlardan biri olub.

XS
SM
MD
LG