Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:46

Xameneyinin karikaturalarına görə Fransa səfiri XİN-ə çağrıldı


"Charlie Hebdo"da dərc olunmuş karikatura
"Charlie Hebdo"da dərc olunmuş karikatura

İran Tehrandakı Fransa institutunu bağlayır

İran bildirir ki, Fransanın Charlie Hebdo satirik jurnalında ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyiyə qarşı “təhqiramiz” karikaturaların dərcinə cavab olaraq ilk addım kimi Tehrandakı Fransa Araşdırmaları İnstitutunu bağlamaq qərarına gəlib.

İran Xarici İşlər Nazirliyinin bu barədə bəyanatında deyilir:

"Fransa ilə mədəni əlaqələri və Fransanın İranda mədəniyyət sahəsində fəaliyyətlərinin davam etdirilməsinin mümkünlüyü məsələsini bir daha gözdən keçirdikdən sonra nazirlik ilk addım kimi İrandakı Fransa Araşdırmaları İnstitutunun bağlanması qərarına gəlib”.

***

Yanvarın 4-də İranın Xarici İşlər Nazirliyi Fransanın səfirini çağıraraq “Charlie Hebdo” satirik jurnalında Ali dini lider Ayətullah Əli Xameneyinin “təhqiredici” karikaturalarının dərcinə etirazını bildirib. Bu haqda İranın dövlət mediası xəbər yayıb.

Jurnal Xameneyinin onlarla karikaturası çap edərək bildirib ki, İranda hökumətə qarşı etirazları dəstəkləmək üçün müsabiqə elan edib.

Səfirə deyilib ki...

XİN-in sözçüsü Nasir Kənani Fransa səfiri Nikola Roşeyə (Nicola Roche) deyib ki, karikaturaların dərci “hakimiyyət, müqəddəslik, dini və milli dəyərlərin təhqiridir” və İran heç bir halda bu təhqirləri qəbul etmir.

“Charlie Hebdo” hökumət nəşri olmasa da, İran rəsmisi qeyd edib ki, Tehran “bu hərəkətin yaratdığı məsuliyyəti” Fransa hökumətinin diqqətinə çatdırır.

Jurnalın son nömrəsində Xameneyinin bir neçə karikaturası dərc olunub, onun ölkədəki etirazların yatırdılmasındakı rolu qabardılıb.

Nazirin təhdidi

Səfirin çağrılmasından öncə isə İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahyan tvitində “Charlie Hebdo” və Fransa hökumətini “qətiyyətli cavab”la hədələyib.

Nazir mümkün reaksiya haqda detalları açmayıb. Ancaq Tehran daha öncə bu jurnalı sanksiya siyahısına salıb.

Fransa səfirinin XİN-ə çağrılması ilk dəfə deyil. Ölkədə etirazçılara divan tutulmasını pisləyən Qərb ölkələrinin səfirləri dəfələrlə bu quruma çağrılıblar.

İranda sentyabrın ortasından başlanan etirazlarda minlərlə insan saxlanıb, azı 400 nəfər öldürülüb. 22 yaşlı qadın Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib və onun ölümü hökumətə qarşı etirazlara yol açıb.

XS
SM
MD
LG