Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:38

Ukrayna Rusiyanın öz atəşkəsini pozduğunu bildirir


Rusiya ordusunun Xersonu atəşə tutması nəticəsində 12 yaşlı oğlan da daxil 6 nəfər həlak olub
Rusiya ordusunun Xersonu atəşə tutması nəticəsində 12 yaşlı oğlan da daxil 6 nəfər həlak olub

Rusiya prezidenti Vladimir Putinin yanvarın 6-da Ukraynada 36 saatlıq atəşkəs elan etməsinə baxmayaraq Rusiya qüvvələri Baxmut və Liman şəhərləri yaxınlığında “uğursuz” hücum əməliyyatlarını davam etdirib.

Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Rusiya qüvvələri yanvarın 6-da habelə Xersondakı yanğınsöndürmə məntəqəsini atəşə tutub. Nəticədə bir nəfərin öldüyü, 4 nəfərin yaralandığı xəbər verilir.

Bu barədə Xerson vilayəti administrasiyasının başçısı Yaroslav Yanuşeviç teleqram kanalında məlumat verib.

Yanuşeviç əlavə edib ki, yaralılardan birinin vəziyyəti ağırdır:

"Rusiyanın üzdəniraq Milad atəşkəsi Milad ərəfəsində öz evində atəş altına düşən nənə, əbəs yerə öz qəhrəmanının evə qayıtmasını gözləyən xilasedici ailəsi, Miladı xəstəxanada keçirəcək 4 yanğınsöndürən deməkdir”.

Rusiya ordusunun bir gün əvvəl Xersonu atəşə tutması nəticəsində 12 yaşlı oğlan da daxil 6 nəfər həlak olmuşdu.

“Həyasız hərəkət”

Ukrayna Kremlin pravoslav Miladı günü üçün verdiyi atəşkəs təklifini dərhal rədd etmişdi.

Ukrayna prezidenti Volodimir Zelenskinin ardınca bir neçə Qərb rəsmiləri də Moskvanın atəşkəs təklifinə inamsızlıqla yanaşmışdılar.

ABŞ prezidenti Co Bayden (Joe Biden) demişdi ki, Vladimir Putinin Ukraynada 10 ay davam edən müharibədən, minlərlə insan itkisindən sonra 36 saatlıq atəşkəs təklif etməsi onun “bir az oksigen axtardığını göstərir”.

Bayden xatırladıb ki, Putin Qərb xristianlarının qeyd etdiyi Milad günüdə - dekabrın 25-də və Yeni il gcəsi xəstəxanaları, uşaq bağçalarını və kilsələri atəşə tutub.

Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə Putinin qısa fasilədən sonra müharibəni davam etdirəcəyi aşkardır.

O deyib ki, “əgər Putin həqiqətən də sülh istəsəydi əsgərlərini çəkib Rusiyaya qaytarardı və müharibə də qurtarardı”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, “Rusiyanın bu şəkildə atəşkəs elan etməsi onun Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirməsi qədər həyasız hərəkətdir”.

XS
SM
MD
LG