Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:16

Ərdoğan seçkiöncəsi müxalifət partiyasını yasaqlamaq istəyir


HDP-nin seçki yürüşü, 2018-ci il
HDP-nin seçki yürüşü, 2018-ci il

Dünən – yanvarın 10-da Türkiyənin baş prokuroru kürd müxalifət partiyasının bağlanmasından ötrü məhkəmədə yekun arqumentlərini səsləndirib.

2021-ci ilin martından bəri Prezident Rəcəb Tayyib Ərdoğan hökuməti parlamentin üçüncü böyük partiyası olan Xalqların Demokratik Partiyasını (HDP) qadağan olunmuş kürd yaraqlılarla əlaqələrini əsas gətirərək bağlamağa çalışır.

56 mandat sahibi

Partiya isə bildirir ki, kürdlərin hüquqlarını müdafiə etdiyinə, hökumətin siyasi azadlıqlara və narazılara təzyiqinə qarşı çıxdığı üçün hədəfdədir.

Konstitusiya Məhkəməsində bu iş üzrə dinləmələr sona yaxınlaşır. “AFP” yazır ki, bu işin Ərdoğanın iyun seçkisində təkrar seçilməsinə, parlamentin gələcək tərkibinə böyük təsiri olacaq.

HDP 2018-ci ildə 12 faiz səs yığıb, 579 yerlik parlamentdə 56 mandat sahibidir. Onun buraxılması isə milyonlarla kürd seçicinin seçim hüququnu məhdudlaşdıra, Türkiyənin Qərblə onsuz da mürəkkəb münasibətlərini daha da qəlizləşdirə bilər.

“Çağırış idarəsi”

Ərdoğan HDP-ni Kürdüstan Fəhlə Partiyasının (PKK) siyasi qanadı adlandırır. PKK-nı ABŞ və Aİ, eləcə də Ankara terrorçu təşkilat kimi tanıyıb.

Baş prokuror Bekir Şahin məhkəmədə HDP-nin PKK-nın “çağırış idarəsi” olduğunu deyib.

“Təqsirləndirilən partiyanın ölkənin bölünməz bütövlüyünə zidd hərəkətlərin mərkəzinə çevrildiyini nümayiş etdirdik”, – Şahin məhkəmədə yekun arqumentləri səsləndirəndən sonra jurnalistlərə söyləyib.

“Onun PKK ilə əlaqələri bəlli faktdır. Bütün cəmiyyətimiz bunları bilir”, – o, sözlərinə əlavə edib.

Türkiyə hökuməti HDP-yə qədər digər kürdpərəst partiyaları bağlayıb. Bəziləri isə təqiblər fonunda buraxılıb, sonradan başqa adlarla yenidən formalaşıb.

HDP-nin minlərlə üzvü, onlarla yerli rəsmisi həbs olunub.

İki il öncə baş verənlər

Hökumət HDP-yə hazırkı işi 2021-ci ilin fevral hadisələrindən sonra açıb. Onda İraqın şimalında mağaralarda PKK-nın girov saxladığı əsirlərin azad olunması əməliyyatında 13 əsgər həlak olub. Ərdoğan PKK-nı Türkiyə hərbçilərini edam eləməkdə suçlayıb.

HDP isə başsağlığı bəyanatında PKK-nın hərəkətini birmənalı pisləməmişdi.

Ötən həftə Konstitusiya Məhkəməsi partiyanın dövlət vəsaitini aldığı bank hesabını dondurub. Bu isə HDP-nin seçki kampaniyası öncəsi əsas gəlir mənbəyindən məhrum olması deməkdir. Partiya bunu siyasi qərar adlandırıb.

HDP bir ay ərzində məhkəmədə özünümüdafiəyə hazırlaşacaq. 15 hakimi olan məhkəmə üçdə iki səs çoxluğu ilə siyasi qadağanı gerçəkləşdirə bilər.

Partiya bildirib ki, “gələn aylarda, seçkidən öncə” işin yekunlaşacağını gözləyir. Baş prokuror isə deyib ki, hökmün nə vaxt çıxarılacağı “Konstitusiya Məhkəməsinin səlahiyyətində” olan məsələdir.

XS
SM
MD
LG