Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:30

Əhalinin Bakıya axışmasının önünü necə kəsmək olar?


Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'

Son dövrlər Azərbaycanda ən çox dartışılan bir məsələ vətəndaşların yaşadığı yerdə qeydiyyata düşməsi ilə bağlıdır. Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə yaydığı məlumatda bildirib ki, yaşadığı ünvan üzrə qeydiyyata düşməyənlər cərimələnəcək. Artıq bu məsələ üzündən cərimələnən şəxslər də var. Məsələnin aktuallığı ölkə daxilində miqrasiyanın yetərincə çox olmasından qaynaqlanır. Rəsmi rəqəmlərə görə, paytaxt Bakının əhalisi 2 milyon 300 min nəfərdir. Ancaq müstəqil ekspertlərin hesablamalarına görə, Abşeron yarımadasında yaşayanların sayı təxminən dörd milyon nəfər civarındadır. Müxtəlif hökumət rəsmiləri də öz açıqlamalarında paytaxtda gerçək əhali sayının rəsmi rəqəmlərdən yetərincə yüksək olmasını təsdiqləyib. Bu baxımdan, xeyli insan yaşadığı yerdə qeydiyyatda olmadığından cərimələnmək riski ilə üz-üzədir.

Köçün iqtisadi səbəbləri

Bəs əhali niyə bölgələrdən paytaxta axışır? Rəsmi rəqəmlərin təhlili göstərir ki, Azərbaycanda Bakı və əyalətlər arasında iqtisadi göstəricilər bir-birindən kəskin fərqlənir. Ötən il ölkədə istehsal edilən sənaye məhsulunun 90 faizə yaxını və əsas kapitala yatırılan sərmayənin yarıdan çoxu tək Bakının payına düşüb. Ölkə üzrə ictimai iaşə dövriyyəsinin də 60 faizindən çoxu Bakıdadır. Bu rəqəmlərdən aydın olur ki, paytaxtda iqtisadi aktivlik səviyyəsi ilə rayonlar arasındakı kəskin fərqlər mövcuddur. İqtisadi fəaliyyətin daha aktiv olması insanlara daha çox gəlir əldə etmək imkanı yaradır. Rəsmi rəqəmlərə görə, Bakıda orta aylıq əməkhaqqı miqdarı 1000 manatdan yüksəkdir. Ancaq ölkənin digər rayon və şəhərlərinin mütləq əksəriyyətində bu göstərici 400-500 manat arasında dəyişir. Başqa deyimlə, paytaxtla müqayisədə iki dəfə aşağıdır.

Gəlir imkanları ilə yanaşı, iş baxımından da bölgələr Bakıdan çox geri qalır. Məşğulluğa aid göstəricilərdən aydın olur ki, ölkə üzrə sayları 1 milyon 700 min nəfərə yaxın muzdlu işçilərin tən yarısı paytaxt Bakıda, qalan yarısı isə ölkənin geri qalan bölümündə fəaliyyət göstərir. Bölgələrdə yaşayan insanların dövlət idarəetməsi, təhsil, səhiyyə və hüquq-mühafizə sistemindən kənar sektorlarda iş tapmaq imkanı çox azdır. Mövcud iş yerləri ilə yanaşı, yeni açılan iş yerləri sayının da Bakıda çox olması diqqət çəkir. Sonuncu açıqlanan rəqəmlərə görə, ölkədə yeni açılan iş yerlərinin 80 faizdən çoxu təkcə Bakının payına düşür. Ötən ilin ilk yarısında ölkədə 33 min 511 yeni iş yeri açılıb. Bunların 27 min 177-i məhz Bakıda açılan iş yerləridir. Eyni dövrdə ölkədə yeni yaradılmış 7 min 900 müəssisə və təşkilatın da 6 min 635-i Bakı ilə bağlıdır. Bu baxımdan, regionlarda iş yeri sayının məhdud, gəlirinsə az olması əhalinin iqtisadi fəallığın nisbətən yüksək olduğu Bakıya axışmasına səbəb yaradır.

Sosial fərqlər də yüksəkdir

İqtisadi göstəricilərlə yanaşı, Bakı və regionlar arasında sosial göstəricilər baxımından da önəmli fərqlər var. Məsələn, Bakıda əhalinin hər 10 min nəfərinə düşən tibb işçilərinin sayı 100 nəfərə yaxın olduğu halda, əksər rayonlarda bu göstərici 20 nəfər civarındadır. Məktəbəqədər təhsilə çıxış imkanları baxımından da regionlar və paytaxt arasında kəskin fərqlər var. Bakıda kommunal xidmətlərlə təminat 100 faizə yaxınlaşdığı halda, qazla təminat, kanalizasiya sisteminin əhatəliliyi kimi göstəricilərdə əksər rayonlar Bakıdan bir neçə dəfə geri qalır. Regionlarda məktəblərin təmir səviyyəsinin aşağı olması, yol problemləri kimi məsələlər tez-tez Azərbaycan mətbuatında işıqlandırılır. Bu baxımdan iqtisadi səbəblərlə yanaşı, Azərbaycanın regionlarında sosial xidmətlərin paytaxtla müqayisədə kəskin geri qalması da insanları daxili miqrasiyaya yönəldir.

Azərbaycan nümunəsində daxili miqrasiyanın daha bir problemi köç istiqamətinin təkcə paytaxt Bakıya olması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, sosial-iqtisadi səbəblərlə əhalinin miqrasiyası bir çox ölkədə müşahidə edilir. Ancaq Azərbaycanla bağlı özünəməxsus məqam hətta ölkənin ikinci, üçüncü böyük şəhərləri ilə də paytaxt arasında çox ciddi fərqləri üzə çıxarır. Ölkənin rayon mərkəzləri və digər respublika tabeli şəhərlər regional mərkəzlər statusunu qazana bilmir. O üzdən, miqrasiya etməyə məcbur qalan əhali yaşadığı rayonun mərkəzinə və ya digər bir şəhərə deyil, məhz Bakıya gəlməyi seçir. Beləcə, Azərbaycanın rayon mərkəzləri "asfaltlı kənd" adını qazanır. Axı həmin rayon mərkəzlərinin nə iqtisadi aktivliyi, nə də infrastruktur, sosial yaşam kimi göstəriciləri Bakı ilə rəqabət apara biləcək səviyyədə deyil.

Əhalini regionlara qaytarmaq mümkündürmü?

Qeyd olunduğu kimi, dünyanın bir çox ölkəsində şəhərlərə miqrasiya çətinliklər törədir. Di gəl, Azərbaycandan fərqli olaraq bəzi ölkələrdə bu məsələnin yaratdığı çətinlikləri önləmək üçün hökumət proqramlar gerçəkləşdirir. Məsələn, qonşu Türkiyədə "kəndə qayıdış" proqramları çərçivəsində kəndlərə köçən şəxslərin aktiv təsərrüfat fəaliyyəti göstərməsi üçün vətəndaşlara faizsiz, güzəştli və müddətli kredit vəsaitləri verilir. Belə proqramlar vasitəsilə hökumət həm kəskin miqrasiyanın şəhərlərdə yaratdığı problemləri çözməyi, həm də kənd təsərrüfatı məhsuldarlığını artırmağı hədəfləyir.

Qonşu Gürcüstanda isə vətəndaşlara təyin edilən pensiya məbləği yaşayış yerinə görə fərqlilik göstərir. Belə ki, təbii amillərlə bağlı iqtisadi inkişaf səviyyəsi daha geridə qalan yüksək dağlıq ərazilərdə yaşayanlara ödənilən pensiya məbləği ölkənin digər yerlərində yaşayanlarla müqayisədə daha yüksək olur. Bu baxımdan, daha çətin iqtisadi vəziyyətin olduğu bölgələrdə əhalinin sosial ödənişlərinin fərqli tariflərlə hesablanması da insanları yaşayış yerini tərk etməməyə təşviq edir.

Paytaxt Tokionun əhalisi 40 milyon nəfərə yaxınlaşdığından Yaponiyada da əhalini digər regionlara getməyə təşviq edən layihələr icra olunur. Məsələn, hökumətin bu ilin əvvəlində açıqladığı proqramda elan edilib ki, Tokiodan kənar ərazilərə köçən uşaqlı ailələrə hər uşaq üçün aylıq 1 milyon yapon yeni ödəniləcək. Bu, indiki məzənnə ilə təxminən 7 min 500 dollar və hazırda qüvvədə olan şərtlərlə müqayisədə, az qala, üç dəfə yüksək ödəniş deməkdir. Yaponiya hökuməti vətəndaşlarla yanaşı, şirkətləri də digər ərazilərə köç etməyə həvəsləndirir. Bu zaman vergi güzəştləri tətbiq ediləcək.

XS
SM
MD
LG