Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:22

Türkiyəyə məcburi yardım?


 "Deyirlər, əməkhaqqınızın beş faizini yardım üçün göndərək".
"Deyirlər, əməkhaqqınızın beş faizini yardım üçün göndərək".

Azərbaycanda məktəb müəllimləri və bəzi dövlət tibb müəssisələrinin işçilərindən fevralın 6-da Türkiyədə baş vermiş zəlzələyə görə yardım kampaniyası üçün məcburi ianə toplandığı iddia edilir.

"Türkiyəyə ürəyimiz yanır, amma…"

Bakıda fəaliyyət göstərən məktəblərin birində çalışan, amma adının çəkilməsini istəməyən müəllim "Turan"a bildirib ki, onlara ərizə paylanılır: "Deyirlər, onu doldurun, əməkhaqqınızın beş faizini yardım üçün göndərək. Biz onsuz da könüllü bunu etmişik, bir neçə gün əvvəl pul göndərmişik. Türkiyəyə ürəyimiz yanır, amma bu məcburiyyətə nə ehtiyac var?".

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarından da həmin məqsədlə pul yığıldığı deyilir.

"Hər hansı məcburiyyətdən söhbət gedə bilməz"

Deyilənlər ilə bağlı Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, heç bir məcburiyyətdən söhbət gedə bilməz: "Bu, Gənc Müəllimlər Assosiasiyasının kampaniyasıdır. Elm və Təhsil Nazirliyinin buna aidiyyəti yoxdur. Azərbaycan müəllimlərinin çoxsaylı heyəti Gənc Müəllimlər Assosiasiyasına birləşib və onlar belə bir təşəbbüslə çıxış ediblər ki, kim ianə vermək istəyir, assosiasiyanın hesabı var, oradan qardaş Türkiyəyə həmin ianəni çatdırsınlar. Buna görə də burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Kim yardım etmək istəyirsə, könüllü şəkildə bu kampaniyaya qoşula bilər".

Məsələ ilə bağlı Gənc Müəllimlər Assosiasiyası ilə isə danışmaq mümkün olmayıb.

Səhiyyə Nazirliyindən də bildirilib ki, kim könüllü vəsait köçürmək istəyirsə, bunu edə bilər: "Heç bir məcburiyyətdən söhbət gedə bilməz".

Fevralın 6-da Türkiyədə 7 bal gücündən artıq iki zəlzələ baş verib. İndiyə kimi 35 mindən çox şəxsin həlak olduğu, 100 mindən çox insanın isə yaralandığı açıqlanıb. Ölənlərdən 10-nun Azərbaycan vətəndaşı olduğu bildirilir. Tələfatın arta biləcəyi ehtimal edilir. Dağıntılar altında axtarışlar davam edir.

XS
SM
MD
LG