Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:17

Belarusda Rusiya təyyarəsinə dron hücumu edildiyi deyilir


Beriev A-50 erkən xəbərdarlıq təyyarəsi
Beriev A-50 erkən xəbərdarlıq təyyarəsi

Belarusun antihökumət fəalları fevralın 26-da Minsk yaxınlığındakı hərbi aerodromda Rusiyanın A-50 müşahidə təyyarəsinə dron hücumu etdiklərini bildiriblər.

Reuters agentliyi Polşada mənzillənmiş Belsat xəbər kanalına və teleqram kanallara istinadən yazır ki, hücum Belarusun antihökumət BYPOL təşkilatının lideri Alyaksandr Azarovun başçılığı ilə beloruslar tərəfindən həyata keçirilib.

Azarov həmin belorusların artıq xaricdə və təhlükəsizlikdə olduqlarını bildirib.

Reuters bildirir ki, bu xəbəri müstəqil şəkildə təsdiq edə bilmir. Belə ki, hadisə Rusiya və ya Belarus tərəfindən rəsmən şərh edilməyib və iki ölkənin müdafiə nazirlikləri agentliyin sorğusuna cavab verməyiblər.

Yayınlarını Polşadan aparan Belsat telekanalı Belarusda terrorçu təşkilat elan edilib.

Beriev A-50 təyyarəsi

Belarus müxalifətinin lideri Svyatlana Tsixanovskayanın müşavirlərindən Franak Vyaçorka Twitter-də hadəsinin 2022-ci ildən bəri “ən uğurlu sabotaj aktı” olduğunu yazıb.

BYPOL-un verdiyi xəbərə görə iki partlayış nəticəsində təyyarənin qabaq və orta hissələri, habelə antenası zədələnib.

NATO təsnifatında Mainstay adlandırılan Beriev A-50 təyyarəsi erkən xəbərdarlıq sisteminə malikdir.

Komandanlığı göyərtəsində yerləşən bu təyyarə eyni zamanda 60-dək hədəfi izləmək qabiliyyətinə malikdir.

Bu da məlumdur ki, Rusiyanın Ukrayna üzərinə dron, aviasiya və artilleriya hücumları bu təyyarədən idarə olunur.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlanandan bəri Belarusda və Rusiya ərazisində xüsusilə də dəmir yolları şəbəkəsində bir neçə sabotaj aktları törədilib.

Bir qadın həbs edilib

Prezident Alyaksansr Lukaşenka Rusiyanın Ukraynaya qarşı müharibəsində birbaşa iştirak etməsə də öz ölkəsinin ərazisini Ukraynaya hücum edən Rusiya ordusu üçün platsdarma çevirib.

Rusiya və Belarus birgə hərbi birləşmə yaradıblar. Bu birləşmə Belarus ərazisində yerləşdirilib.

Rusiyanın bir neçə hərbi təyyarəsi, o cümlədən erkən xəbərdarlıq təyyarəsi Belarusda saxlanır.

Tsixanovskaya Twitter-də yazıb:

"Mən Rusiyanın hibrid işğalına qarşı hücumları davam etdirən beloruslarla fəxr edirəm”.

Belarusun Vyasna (Bahar) insan haqları qrupu fevralın 27-də Maçulişşi hava bazasının yaxınlığında bir qadının həbs edildiyini bildirib. Amma bu həbsin səbəbi və qadının hazırda harada olması barədə məlumat verilmir.

Bu həbsin hərbi aerodroma hücumla bağlı olub-olmadığı da bilinmir.

Belarusda ən xırda siyasi fəallığa, məsələn sosial media şəbəkələrində şərh yazılmasına görə həbslər adi haldır və avtoritar lider Alyaksandr Lukaşenka 2020-ci il seçkisindən sonra müxalifətin repressiyasını davam etdirir.

XS
SM
MD
LG