Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:33

Gürcüstanı Saakaşvilini ‘tibbi əsaslarla’ azad etməyə çağırırlar


Tbilisidə Saakaşviliyə azadlıq tələbiylə etiraz aksiyası
Tbilisidə Saakaşviliyə azadlıq tələbiylə etiraz aksiyası

Gürcüstan hökuməti həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin həyatını qorumaqdan ötrü təcili tədbirlər görməlidir, onu səhhəti ilə əlaqədar azadlığa buraxmalıdır. Human Rights Watch (HRW) and Amnesty International (AI) insan haqları qrupları martın 2-də belə bir birgə bəyanatla çıxış ediblər.

50 kiloqramdan çox çəki itirib

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili hakimiyyətdən sui-istifadə ittihamıyla altı illik həbs cəzası çəkir, özü və tərəfdarları ittihamı siyasi motivli adlandırır.

Həbsinə etiraz olaraq yeməkdən imtina edən Saakaşvili bir neçə aydır xəstəxanada qalır.

Keçmiş prezidentin səhhətinin tədricən pisləşdiyi, 2021-ci ildə həbs olunandan bəri 50 kiloqramdan çox çəki itirdiyi deyilir. Bunu Gürcüstanın insan haqları ombudsmanının yaratdığı həkimlər şurasının üzvü Giorgi Qriqoliya deyib və Saakaşvilinin “düzgün tibbi müalicə almadığını” sözlərinə əlavə edib.

İnsan haqları qruplarının dediyinə görə, Gürcüstan hakimiyyəti Saakaşvilini adekvat müalicə etməməklə “onu ölüm riski, əbədi əlillik, yaxud sağlamlığına başqa formada qarşısıalınmaz ziyanla üz-üzə qoyurlar”.

“Ölüm cəzası”

Gürcüstan rəsmiləri isə Saakaşvilinin sağlıq durumunun kritik həddə olmasına şübhəylə yanaşırlar. Ötən ay məhkəmə onun cəzasının ləğviylə bağlı müraciətini rədd edib.

Saakaşvili bu addımı siyasi opponentlərinin ona kəsdiyi “ölüm cəzası” adlandırıb.

“Mixeil Saakaşviliyə adekvat tibbi müalicə göstərməkdən imtina işgəncə, yaxud qəddar, qeyri-insani, yaxud alçaldıcı rəftara bərabərdir, onun həyatına ağır risk yaradır”, – AI-dən Denis Krivoşeyev martın 2-də deyib.

“Gürcüstan hakimiyyəti Saakaşvilinin səhhətinin qorunması, o cümlədən onun tibbi əsaslarla azadlığa buraxılması üçün təcili tədbirlər görməlidir”, – Krivoşeyev sözlərinə əlavə edib.

HRW-dan Hyu Uilyamson (Hugh Williamson) isə qeyd edib ki, “həbsxana cəzası ölüm cəzası anlamına gəlməməli, müalicə oluna bilən şərtlər faciəvi şəkildə ölümə gətirməməlidir”.

XS
SM
MD
LG