Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:14

'İran təxribatlar, Azərbaycan isə dindarların kütləvi həbsini həyata keçir'


İran istehsalı olan "Kövsər" qırıcısı
İran istehsalı olan "Kövsər" qırıcısı

Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri bildirdi ki, İrana məxsus hərbi təyyarə martın 11-də dövlət sərhədi boyunca uçuş həyata keçirib. Rəsmi açıqlamaya görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Üstəlik, əlavə edilib ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdar etməyə dair beynəlxalq təcrübəyə əməl olunmayıb: "İran hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması… iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir".

Məlumatda əlavə edildi ki, bununla bağlı İrana nota verilib.

Hələlik, rəsmi açıqlamaya qarşı tərəfdən münasibət almaq mümkün olmayıb.

Bakı səmalarında "şahinlər"in uçuşu

Azərbaycanın yerli media orqanlarında yazılanlara görə, belə hal birinci dəfə yaşanmır. 2001-ci ilin avqustunda Bakı səmalarında Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin ("Şahinlər") uçuşunun da belə hallara cavab olduğu bildirilirdi.

H.Babaoğlu
H.Babaoğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, müstəqillik əldə edilən (1991) dövrdən indiyə kimi İranın Azərbaycana münasibəti dəyişməyib: "Bu, həmişə aqressiv və bir müstəmləkə baxışı olub. Sadəcə bəzən bu açıq, gizli və aqressiv mərhələlərdən keçirdi".

O, İranın bundan heç vaxt qazanmadığını düşünür: "Vətən (İkinci Qarabağ) müharibəsi dövründə İran Ermənistana silah göndərdi və heç bir nəticə əldə edə bilmədi. Qafan-Gorus yolu vasitəsilə Azərbaycan sərhədlərini pozaraq Qarabağa yenə silah və terrorçu göndərdi, amma bu yolu da biz bağladıq. Son dəfə Qarabağa göndərdiyi 19 terrorçunun siyahısı da var bizdə. Nəticə etibarilə İran heç nə əldə edə bilməyib. Əksinə, həm beynəlxalq münasibətlər sistemində getdikcə daha çox terroru dəstəkləyən dövlət kimi özünü tanıtdı, həm də öz vətəndaşları olan 30 milyondan çox bizim soydaşlarımızın etibarını itirib".

"İran… cəsarət edə bilməz"

Babaoğlunun sözlərinə görə, İran bundan o tərəfə addım atmağa cəsarət edə bilməz: "Çünki nəticə etibarilə bir suveren ölkənin hüquqlarına müdaxilə etmiş olacaq ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan qardaş Türkiyə ilə 2021-ci ildə Şuşa bəyannaməsini imzalayıb, eyni zamanda, Azərbaycanın çoxsaylı dost ölkələri var ki, birlikdə regionda Azərbaycan diktə edən tərəfdir".

Onun fikrincə, paralel olaraq yumşaq güc vasitəsilə İran Azərbaycanın daxili işlərə qarışmağa çalışır, buna qarşı da hazırda ölkənin hüquq-mühafizə orqanları tədbirlər görür: "Elə bir gün bundan öncə (martın 12-də) Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində Azərbaycan dövlətinə qarşı iş aparmağa cəhd edən bir qrup vətəndaş ifşa edildi. İran daha çox bundan sonra dinin müəyyən radikal qruplaşmaları üzərindən insanların inanclarını istismar edərək Azərbaycana qarşı hücumlar təşkil edə bilər. Amma bu, effektiv olmayacaq, çünki Azərbaycan dindarları da savadlıdır və vətənpərvərdir".

Ə.Oruclu
Ə.Oruclu

""İran casusu" adı altında dindarların kütləvi həbsi…"

Siyasi şərhçi Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla İran arasında belə sərhəd insidentləri olub: "Təkcə hava sərhədində deyil, dəniz sərhədində də olub. Bütün bunlara müxtəlif formalarda o vaxt da ciddi reaksiya olmuşdu. İndi reaksiyanın nota şəklində ifadə olunması Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlıdır".

Onun sözlərinə görə, münasibətlər kifayət qədər gərgindir: "İran tərəfdən müxtəlif təxribatlar həyata keçirilir, Azərbaycan tərəfdən isə "İran casusu" adı altında dindarların kütləvi həbsi həyata keçirilir. Bu, hələlik, diplomatik qarşılıqlı bir sərt jestlərdir. Amma şübhəsiz ki, ikitərəfli münasibətlərin daha da gərginləşməsinə doğru atılan bir addımlardır".

"Burada bir imitasiyanı da görürəm"

Bəzi yerli təhlilçiləri hesab edir ki, İranla "idarə edilən" konflikt Azərbaycan hakimiyyətinə də sərf edir. Onların fikrincə, bununla Qərb təsisatları qarşısında demokratiya ilə bağlı gözləntilərdən sığortalanmaq istəyirlər.

Oruclu da deyir ki, "burada bir imitasiya da görürəm". Lakin o, bir qədər fərqli düşünür: "Sanki Azərbaycan bir növ İranla münasibətləri gərginləşdirməyi imitasiya edir. Ola bilsin ki, Azərbaycan-İran konfliktində daha çox Moskva maraqlıdır. Azərbaycan da bunu nəzərə alaraq münasibətləri gərginləşdirmək istiqamətində addımlar atmır, sadəcə imitasiya edir. İran da öz növbəsində. Bütün bunları Yaxın Şərqdəki hadisələrlə əlaqələndirmək lazımdır. İran Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası ilə bağlı anlaşma əldə olunduğu haqda məlumatlar yaydı və bu, Moskvanı ciddi narahat edir".

Oruclu qeyd edib ki, Moskva bütün vasitələrlə Cənubi Qafqazda konflikt yaratmağa və bundan istifadə edərək bölgəyə qoşun yeritməyə çalışır. Lakin o, bölgədə miqyaslı qarşıdurma və ya müharibə gözləmir: "Bu, daha çox hansısa lokal konfliktlərə gətirib çıxara bilər. Amma bunun da ehtimalı hazırkı mərhələdə çox azdır".

Yazıda səslənən fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma İran rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, bütün qonşularla, o cümlədən Azərbaycanla sülh və mehriban münasibətlərdə maraqlıdırlar. Onların fikrincə, sadəcə bəzi üçüncü qüvvələr iki ölkə arasında münasibətlərin gərginləşməsinə çalışırlar. Üstəlik, İran rəsmiləri Qarabağa terrorçular göndərilməsi və Ermənistana hərbi yardımlar etməsi ilə bağlı iddiaları da yalanlayırlar.

XS
SM
MD
LG