Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:41

ABŞ Bakı və Yerevanı birbaşa dialoqa çağırır


Vedant Patel
Vedant Patel

Amerika Birləşmiş Ştatları (ABŞ) Qarabağdakı son vəziyyətdən narahatdır və davamlı sülh naminə birbaşa dialoqa çağırır.

TURAN-ın xəbərinə görə, bu barədə martın 27-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

"Dövlət katibinin köməkçisi Karen Donfrid bu gün (martın 27-si) səhər xarici işlər naziri Ceyhun Bayramovla danışıb və Azərbaycan ordusunun hərəkətindən narahatlığını bildirib. O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb", - o vurğulayıb.

Patel əlavə edib ki, bu münaqişənin hərbi həlli yoxdur: "Biz Ermənistanı və Azərbaycanı ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlara başlamağa çağırırıq".

Bayramov ABŞ rəsmisi ilə danışıb

Martın 27-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədə cari vəziyyəti, Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

XİN-in bildirməsinə görə, Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, “o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət, hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları” və onların “ güc tətbiq etmədən” atdıqları addımlar barədə məlumat verib.

Məlumata görə, Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb.

“Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib”- məlumatda qeyd edilir.

Azərbaycan nazirinin ittihamına, hələlik, qarşı tərəfin münasibəti bəlli deyil.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir.

Amma son bir ayda istər Qarabağda, istərsə də iki ölkənin sərhəddində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir.

Hətta martın 5-də Qarabağdaki toqquşmada hər iki tərəfdən itkilərin də olduğu açıqlanıb.

Azərbaycan Ermənistanı Qarabağa hərbi sürsat daşımaqda ittiham edib. Lakin Ermənistanın Müdafiə Nazirliyi belə məlumatları "dezinformasiya" adlandırıb.

Son günlər baş verənlər…

Üstəlik, Azərbaycanın Müdaifə Nazirliyi bildirib ki, martın 25-i Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı biləşmələrinin səngər qazma cəhdinin qarşısı alınıb. Qarabağdakı separatçı qurumun yaydığı məlumatda isə vurğulanıb ki, martın 25-də Azərbaycan ordusu Şuşa istiqamətində müəyyən mövqe irəliləyişini təmin edib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG