Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:30

'Səhra arvadı'. 'Rus cəmiyyəti müharibədə qadınları fahişə kimi görür'


Sankt Peterburq, 29 mart, 2023-cü il
Sankt Peterburq, 29 mart, 2023-cü il

"Bəzən mənə elə gəlir, pəncərənin yanında kimsə gəzir. Bəzən elə bilirəm əşyalar tərpənir, ya da kimsə mənim üstümdə oturur. Daim kabus görürəm və panik ataklarım olur”, – rusiyalı hərbi tibb işçisi Marqarita deyir. O, Ukraynada xidmət etdikdən sonra psixiatrik müalicə almaq üçün Belqoroda tibbi məzuniyyətə göndərilib.

Bu yazıda başına gələnləri danışdığı üçün təqib oluna biləcəyindən qorxan Marqaritanın əsl adı göstərilmir. O, Azadlıq Radiosunun “Sever.Realii” portalına Ukraynada işğalçı müharibə aparan Rusiya ordusunun tərkibində xidmət edərkən başına gələnlərdən sonra müalicə aldığını və güclü antidepressantlar qəbul etdiyini deyib. Ancaq ən çox yenidən Ukraynaya göndəriləcəyindən qorxur.

Marqarita Ukraynada hərbi tibb işçisi olduğu müddətdə ağır cinsi zorakılığa məruz qaldığını və onunla birlikdə xidmət edən qadınların da cinsi təcavüzə və başqa cinayətlərə məruz qalmasına şahid olduğunu deyir. O, zabitlərin döyüşə getmək istəməyən əsgərləri hədələməsi və təhqir etməsi halları haqda eşidib və evə göndərilmək üçün özünü yaralayan əsgərləri görüb.

Yemək bişirmək, təmizləmək...

42-yaşlı Marqarita 11 il orduda radio operatoru işlədikdən sonra 2017-ci ildə ordunu tərk edib. Ölkənin qərbindəki Belqorod şəhərində məskunlaşan qadın mülki həyata uyğunlaşa bilməyib və yeni karyeraya başlamayıb. O, 2022-ci ilin yayında təqaüd statusunu təsdiqlətmək üçün yerli hərbi komissarlığa gedib. Burada ona ordunun tibb bölməsində işləmək üçün yeni xidmət müqaviləsi təklif olunub.

Onun sözlərinə görə, başına gələn kabus ona hərbi forma verilməmişdən də qabaq başlayıb.

"Nijni Novqorod bölgəsinə, Novosmolinoya çatan kimi polkovnik sırada məni gördü. 10-cu zirehli diviziyanın komandiri idi. Mənə dedi ki, “Marqo, mənimlə gəl”.

Mənə hərbi forma verdirdi və dedi ki, mən onun qərargahına raport verəcəyəm. Orada bəzi adamlarla tanış olandan sonra onlar mənə dedilər: “Polkovnikin səndə gözü var. Güman ki, sən onun səhra arvadı olacaqsan”, – o deyir.

O bunun nə demək olduğunu soruşanda ona deyiblər: “Ona yemək bişirmək, təmizləmək və (cinsi) ehtiyaclarını ödəmək”.

“Bəzən yemək payımı da vermirdilər”

Marqarita bir ay ərzində artan təzyiqlərə müqavimət göstərdiyini, zabitin onun “səhra arvadı” olmağa razı olmayacağını görüb onun həyatını cəhənnəmə döndərdiyini deyir.

"Bir ay ərzində faktik olaraq çöldə yaşadım. Hamıya bina və baraklarda yer verdilər, mənsə yol kənarındakı səhra çadırında yerdə yatdım. Bəzən yemək payımı da vermirdilər. Məni sındırmaq istəyirdilər ki, onunla yatmağa razı olum. …Təslim olmayacağımı anlayanda isə məni cəbhə xəttinə yaxın artilleriya birliyinə keçirdi. Elə bildim orada öləcəyəm”, – Marqarita söyləyir.

Onun sözlərinə görə, onun tibbi hissəsində 23-38 yaşlarında daha yeddi qadın olub və onların hamısı zabitlərin “səhra arvadı” olmaları üçün təzyiqə məruz qalıb:

"Biri kəşfiyyat zabitinin, digəri tank komandirinin, üçüncüsü piyada zabitinin [təzyiqinə məruz qalırdı]”.

Marqarita bir zabitin bir qadın əsgəri güllə ilə vurub ağır yaraladığını gözü ilə gördüyünü deyir:

"O bunu elə göstərməyə çalışdı ki, guya bunu ukraynalılar edib. Hətta öz qolunu da yaraladı və onu müdafiə etdiyini dedi”.

Qadının sözlərinə görə, daimi əlil olan və evinə, Buryatiyaya qayıdan həmin qadın zabitin yetirdiyi xəsarətdən qurtulmaq üçün beş əməliyyat keçirib.

Açıq sirr

“Səhra arvadları” fenomeni Rusiya və sovet hərbi mədəniyyətində uzun zamandan bəri mövcud olub. Britaniyalı tarixçi Aleksander Vud Balsom (Alexander Wood Balsom) II Dünya müharibəsində sovet ordusunda qadınların durumu haqda yazdığı məqalədə bu fenomeni təsvir edib. Balsom yazır ki, “səhra arvadları” fenomeni PPJ (poxodno-polevaya jena) abbreviaturası ilə tanınırmış.

Sankt-Peterburqdan Marina Zaytseva 2001-2006-cı illərdə Çeçenistan müharibəsi zamanı Rusiya ordusunda xidmət edib. O, Azadlıq Radiosuna deyib ki, "səhra arvadları” orduda açıq sirdir.

"Bəzi qadınlar müqavimət göstərə bilir, bəzilərinə isə müdafiə lazımdır. Mən müqavimət göstərdim”, – Zaytseva deyir.

O əlavə edib ki, Rusiya ordusunda qadınlar təcavüz və diskriminasiyanın müxtəlif formalarına məruz qalırlar. Onun sözlərinə görə, bir zabit onun vəzifəsini qaldırdığı üçün ondan pul almağa çalışıb.

Qadınlar sakit durduqca...

Zaytseva öz təcrübəsindən çıxış edərək qadınlara hərbi karyera haqda düşünməyi məsləhət görmədiyini söyləyir.

"Rus cəmiyyəti müharibədə qadınları sadəcə fahişə kimi görür və bu çox kədərlidir”, – o bildirir.

Peterburqlu professor Maksim Arzamstsev iş yerində cinsi təcavüz haqda araşdırmanın müəllifidir. O yazır ki, Rusiya ordusunda bütün qadınların ¼-i bu və ya digər formada cinsi qısnama və ya təcavüzə məruz qalıb.

Rusiyada qadağan edilmiş Rusiya Əsgər Anaları Komitəsindən Valentina Melnikova hərbçi qadınlardan yalnız bir neçəsinin zorlama və ya qısnama haqda şikayətləri ilə rastlaşdığını deyir. O hesab edir ki, əksər cinayət qurbanları irəli çıxıb başlarına gələnləri danışmaq istəmirlər.

"Onlar sakit durduqca təcavüz də davam edəcək. Bilmirəm onlar niyə sakit dururlar və təcavüzə dözürlər. Bu, psixoloqların cavab verəcəyi sualdır”, – Melnikova vurğulayır.

Təkcə qadınlar deyil

O əlavə edib ki, Rusiya ordusunda cinsi təcavüz qurbanlarının heç də hamısı qadın deyil. Onun təşkilatına zorlama və cinsiləşdirilmiş zorakılıqdan şikayət edən çox sayda kişi də müraciət edib.

"Sovet ordusunda hər şeyi, o cümlədən insanları alıb-satırdılar. Əsgərlər sağa-sola satılırdı. Bizim komitə 1989-cu ildən işləyir. Qorbaçov dövründə orduda ölüm və təcavüz komissiyası var idi və mən orada işləyirdim. 4 minə yaxın hərbçi kömək üçün o komitəyə müraciət etmişdi”, - o deyir.

Melnikova rusiyalı zabitin öz “səhra arvadını” güllə ilə vura biləcəyinə şübhə etmədiyini deyib.

"İkinci Çeçen müharibəsində (1999-2009-cu illər arasında davam edən münaqişə nəzərdə tutulur) zabitlərin bayramlarda sərxoş olaraq öz əsgərlərini güllələməsi halları var idi. Bəzən ağır yaralanmalar olurdu”, – o deyir.

XS
SM
MD
LG