Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:04

Ukrayna Baxmutu niyə təslim etmək istəmir?


Baxmutdakı tibb məntəqəsi
Baxmutdakı tibb məntəqəsi

Ukrayna qüvvələri bildirir ki, şərqi Donetsk regionunda artilleriya və hava zərbələri ilə həmlə etməyə çalışan Rusiya qoşunlarının onlarca hücumu dəf olunub.

Aprelin 11-də verilmiş məlumatda deyilir:

"Texnika və canlı qüvvə sarıdan verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmən özünün əsas hücum əməliyyatlarını Liman, Baxmut, Avdiyivka və Maryinka istiqamətlərində davam etdirir”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, gün ərzində Rusiya ordusunun 52 hücumu dəf edilib.

Rusiya ordusu artıq aylardır ki, Baxmut şəhəri üzərində nəzarəti ələ ala bilmir.

Bu şəhər uğrunda döyüşlər Moskvanın Ukraynaya müdaxiləsindən bəri ən qanlı vuruşmadır.

Ukrayna müqavimətinin rəmzinə çevrilmiş bu şəhər uğrunda döyüşlərdə hər iki tərəf böyük itkilərə məruz qalıb.

Əslində bu kiçik şəhər demək olar ki, yerlə yeksan edilib.

“Vəziyyət çətin, lakin idarə olunandır”

Ukrayna quru qoşunlarının komandanı Oleksandr Sırski deyib ki, Baxmutda vəziyyət “çətin, lakin idarə olunandır”.

Sırski Rusiyanı Baxmutda da Suriyada olduğu kimi “yandırılmış torpaq” üsulundan istifadədə ittiham edib.

O bildirib ki, Rusiya bu istiqamətdə özünün elit və desant qoşunlarını göndərir, çünki Vaqner özəl hərbi şirkətinin döyüşçüləri artıq “tükənmək” üzrədir.

Donetsk regionunun qubernatoru Pavlo Kirilenko isə bildirir ki, Rusiya Avdiyivkaya da hava zərbələri endirərək şəhəri “tam xarabazarlığa” çevirir.

Qubernator əlavə edib ki, şəhərdə qalmaqda olan 1800 mülkinin həyatı risk qarşısındadır.

İndiyədək bir çox analitik mərkəzlər və hərbi ekspertlər Baxmut şəhərini almaqla Rusiyanın heç bir strateji üstünlük əldə edə bilməyəcəyini dəfələrlə bildiriblər.

Baxmut əsas zərbəni öz üzərinə götürüb

Lakin Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ukraynalıların bu şəhəri niyə belə fədakarcasına müdafiə etməsinin səbəblərini açıqlayıb.

O Ukrayna televiziyasında gedən telemarafonda deyib ki, Rusiya özünün müdaxiləçi ordusunun əsas qüvvələrini məhz Baxmut istiqamətində cəmləşdirib.

Malyar bildirib ki, Rusiya ordusu bu şəhəri ələ keçirdikdən sonra Ukraynanın içərilərinə doğru irəliləmək imkanı əldə edə bilər:

“Faktiki olaraq Baxmut Rusiya ordusunun əsas qüvvələrinin zərbəsini öz üzərinə götürüb. Buna görə də şəhərin rusiyalılara təslim edilməsi onlara Ukrayna ərazisinin dərinliklərinə irəliləmək imkanı verərdi”.

Malyar bildirib ki, Rusiyanın daimi artilleriya atəşləri və hava zərbələri Baxmutu “Suriyanın Hələb şəhərinə” çevirib.

Ukrayna əks-hücum xəbərini son anda verəcək

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov Almaniyanın Tagesschau televiziya proqramına deyib ki, Ukrayna ordusunun böyük əks-hücumuna dair söz-söhbətlər mənasızdır, belə ki, bu hücum barədə ən son anda məlumat veriləcək.

Danilovun sözlərinə görə Kiyevin əks-hücum üçün bir neçə variantları var.

O bildirib ki, Ukrayna hərbiyyəsi ABŞ, Britaniya, Almaniya və Polşa kimi strateji müttəfiqləri ilə daimi təmaslardadır.

XS
SM
MD
LG