Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:44

Rusiyada onlayn çağırış vərəqələri göndəriləcək


Rusiyada çağırışçı
Rusiyada çağırışçı

Rusiya Dövlət Duması aprelin 11-də hərbi xidmətə cəlb olunanların vahid reyestrinin yaradılması və elektron çağırış vərəqələrinin tətbiqini nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

“Novaya Qazeta. Yevropa” 395 deputatın üçüncü oxunuşda qanunun lehinə səs verdiyini, yalnız birinin bitərəf qaldığını yazır.

Parlamentin aşağı palatasının portalında dərc olunan dəyişikliklərə görə, çağırışçılara bildirişlər xüsusi portal vasitəsilə elektron formada göndəriləcək. İndiyədək çağırış vərəqələri ya şəxsən, ya da işəgötürənlər vasitəsilə çatdırılırdı.

Rusiyada həmçinin hərbi xidmətə cəlb olunanların vahid reyestri yaradılacaq. Buraya sözügedən şəxslərin şəxsi məlumatları, o cümlədən yaşayış yerləri, hərbi-təlim bacarıqları daxil ediləcək. Bazaya informasiya avtomatik olaraq, dövlət resurslarından daxil olacaq.

Ölkədən çıxış qadağan olunacaq

Hərbi komissarlığa getməyənlər üçün məhdudiyyətlər nəzərdə tutulur. Buraya ölkədən çıxışa qadağa daxildir və çağırış təqdim olunan gündən qüvvəyə minir.

Orduda xidmətdən yayınanların fərdi sahibkar kimi qeydiyyata qalınmasına, nəqliyyat vasitələrinin dövlətə qeydiyyatına, onların idarə olunmasına, kredit müqaviləsi bağlamasına da qadağa qoyulacaq. Bu məhdudiyyətlər çağırış göndəriləndən sonra 20 təqvim günü ərzində hərbi komissarlığa getməyəndə tətbiq oluna bilər.

Bu qanun layihəsi üzrə müzakirələr 2018-ci ildə başlasa da, bir il sonra təxirə salınıb. Yalnız aprelin 10-da Dövlət Dumasına təqdim olunub.

SOTA Telegram kanalının yazdığına görə, deputatlar 60 səhifəlik düzəlişlərlə tam tanış ola bilməyiblər. Kommunist partiyasından iki deputat bununla bağlı şikayətlərini dilə gətirsə də, Dumanın spikeri Vyaçeslav Volodin onları parlamentin “işini pozmamağa” çağırıb.

Yaz çağırışına aid deyil

Kremlin mətbuat katibi Dmitri Peskov aprelin 11-də jurnalistlərə söhbətində deyib ki, elektron çağırış vərəqələri haqda qanun layihəsinin qəbulu əhali arasına çaxnaşma salmamalı, emiqrasiyanın yeni dalğasına səbəb olmamalıdır, məqsəd hərbi çağırışı qaydaya salmaqdır. İkinci səfərbərlik dalğasında elektron çağırış vərəqələrinin portala salınacağı haqda suala Peskov “heç bir ikinci dalğa yoxdur” deyə cavab verib. Bu haqda “Kommersant” yazır.

Yeni qaydaları təkcə çağırışçılara deyil, bütün hərbi mükələfiyyətlilərə aid olduğu bildirilir. Ancaq elektron vərəqələr yaz çağırışında tətbiq olunmayacaq.

Sözügedən qanun layihəsini Federasiya Şurası bu gün – aprelin 12-də təsdiqləyə bilər. Bundan sonra onu Rusiya prezidenti imzalamalıdır.

Moskva ötən ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücuma başlayıb. Qərb mediası ötən il Rusiyanın orduya 500 min nəfəri cəlb etdiyini yazır.

XS
SM
MD
LG