Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:35

ABŞ generalı: Bu hücum Ukraynanı məqsədlərinə çatdıracaq


Devid Pitreas
Devid Pitreas

İstefada olan dörduzlduzlu general Devid Pitreas (David Petraeus) 40 ilə yaxın ABŞ ordusunda xidmət edib. O, İraq və Əfqanıstandakı ABŞ qüvvələrinin komandirlik edib, 2011-2012-ci illərdə isə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru olub.

General Pitreas AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiyanın hərbi rəhbərliyinin “heyrətamiz uğursuzluğundan”, səhvlərindən öyrənmək istəməməsindən, Qərbin “erkən çıxış” edə bilməməsinin səbəblərindən danışıb.

O deyib ki, Rusiyanın qış hücumu öz məqsədlərinə nail olmayıb və hətta Rusiya Baxmutu ələ keçirsə belə, bu ona o qədər baha başa gələcək ki, nəticə etibarilə bu, ağılsız hücum sayılacaq.

Düz tankların üstünə hava müdafiəsi yerləşdirmək

“Bundan sonra isə Ukraynanın yazın sonu və yayın əvvəlini əhatə edən hücumu başlayacaq. Burada Qərb tankları, Qərb piyada döyüş maşınları, artilleriyası, bir çox başqa sistemlər, habelə Ukraynaya bu müharibədə ilk dəfə birləşmiş silahlı əməliyyatları həyata keçirmək imkanı verən təlim və ordu quruculuğu iş başında olacaq. Bu, Rusiyanın keçmişdə etmədiyi, Ukraynanınsa ötən payız Xarkovda müəyyən qədər etdiyi bir şeydir. Birləşmiş silahlı əməliyyatlar deyərkən tanklardan piyadalarla birgə istifadəni nəzərdə tuturam. Bu, düşmənin piyadalarını və tank əleyhinə yönəldilən raketlərini artilleriya və minaatanların köməyilə yaxına buraxmamaq üçün edilir. …Düşmənin hava qüvvələrini yaxın qoymamaq üçünsə düz tankların üzərinə hava müdafiəsi yerləşdirilir.

Ukraynanın tərəfində Polşa və digər NATO dövlətlərinin verdiyi MiQ təyyarələrinin yaxın dəstəyilə, logistika, əlavə sursat, qida, yanacaq, su, tibbi dəstək və təchizat, yaxşı komandanlıq və nəzarət sistemi, rusların kommunikasiyalarını kəsmək üçün elektron silahlar var. Bundan başqa, bəlkə də ən vacibi… odur ki, əlavə birliklər əsas birliklərin əldə etdiklərindən yararlana bilir. Ötən il Xarkovda bu, kifayət qədər deyildi. Qoşunların fiziki gücü tükənəndə … yolüstü onların yerini tutub nail olduqlarını davam etdirməyə bir şey yox idi. Düşünürəm ki, bu yay bunu görəcəyik.

Biz indi bu nöqtədəyik. Rusiyanın Kiyev, Xarkov, Sumı, Çerniqov və Xerson döyüşlərində məğlub olduğu, qış məqsədlərinə nail olmadığı bir ili geridə qoyduq. İndi isə onlar Ukraynanın Almaniya, Polşa və ABŞ tərəfindən təlimləndirilən yeni qüvvələrinin yaz və yay hücumu ilə üzləşəcəklər. Düşünürəm ki, bu hücum Ukraynanı qarşısına qoyduğu məqsədlərə çatdıracaq”, – general söyləyir.

İki məqsəd

General Pitreas deyir ki, Ukraynanın bu yeni hücumunun əsasən iki məqsədi olacaq: “Birincisi, Rusiyanın Ukraynanın cənub-şərq hissəsindən keçərək Krımı möhkəmləndirməsinin və təchiz etməsinin qarşısını almaq. İkincisi isə, Ukraynanın cənubunda kifayət qədər geniş ərazidə Rusiyanın ötən il ələ keçirdiyi torpaqların daha çox hissəsini azad etməklə Rusiya qüvvələrinin aşınmasına, ola bilsin ki, [hətta] çöküşünə nail olmaq”.

O qeyd edir ki, ABŞ-ın verdiyi yüksək dəqiqlikli raket sistemləri və 150 kilometr məsafəyə atıla bilən kiçik diametrli bombalar Ukraynanın cənubunda Rusiya ordusuna dəstək verən Krımdakı mövqeləri – “hava bazalarını, qərargahları, logistika məntəqələrini, ehtiyat qüvvələrinin olduğu yerləri və s.” vurmağa kömək edəcək. Ancaq onun sözlərinə görə, bu, tezliklə olmaya bilər.

Generalın sözlərinə görə, hətta ukraynalıların özləri belə Baxmutun heç bir real, coğrafi əhəmiyyətinin olmadığını görürlər: “Baxmut bəzi başqa məntəqələr kimi real dəmir və ya quru yolu habı deyil. [Rusiya tərəfindən] itkilər heyrət doğurur, qazanc isə cüzidir və inanılmaz dərəcədə baha başa gəlir. Məncə, zamanla Zelenski də anlayıb ki, Rusiyaya qələbə, yaxud rus ordusunun uğuru kimi qələmə verə biləcəyi heç nəyi vermək lazım deyil”.

“Başqa alternativləri yoxdur”

AzadlıqRadiosunun müsahibi deyir ki, rusiyalılar bu vaxtadək Baxmutda tələyə düşdüklərini anlaya bilərdilər. Buna baxmayaraq hücumu davam etdirirlər:

“Problem ondadır ki, onların başqa alternativləri yoxdur. Onların yaxşı təlim görmüş, yaxşı silahlanmış qüvvəsi, birliklərinin kollektiv təlimi yoxdur.

Məncə müşahidəçilər anlamalıdırlar ki, bu yaz və yay hücuma keçəcək Ukrayna qüvvələri hazırda cəbhə xətlərində deyil. Onlar Almaniya, Polşa, Britaniya, Ukrayna və digər yerlərdə təlimdədirlər. Onlar hücum başlamazdan, bütün fərqli elementlər, bacarıqlarla, döyüş, döyüşə dəstək qüvvələri ilə yerində olacaqlar.

…Ruslar isə bunu etməyiblər. Onlar sadəcə birliklərə yeni əsgərlər gətiriblər. Əlaqələndirmə yox, təşkilatlanma yox. Əlbəttə, onların bəziləri həbsxanadan buraxılmış …məhbuslardır. Guya altı ay sağ qala bilsələr, azad olunacaqlar. Ancaq əlbəttə ki, rusların onları istismar etdiyi şərtlər altında sağ qalmaq… Bu, xeyli dərəcədə I Dünya müharibəsi kimidir. …

Ukraynalıların qarşıdakı hücumlarda edəcəyi isə çox fərqli olacaq. Bu, rusiyalıların heç başlanğıcda belə nail olmadığı birləşmiş silahlı əməliyyatlardır. Halbuki onlar aylarla Belarus və Rusiya ərazisində, Ukrayna sərhədləri yaxınlığında dislokasiya olunarkən bu istiqamətdə təlim görə bilərdilər. Fikrimcə bu, heyrətamiz uğursuzluqdur. Mənə komandir olaraq hücum üçün təlim vermək tapşırılsaydı, daha yaxşı iş görə bilərdim”.

General Pitreas Rusiyanın bu müharibədə etdiyi səhvlər haqda ayrıca danışarkən belə deyib: “Onlar ən yüksək səviyyədə Ukraynanın gücünü düzgün qiymətləndirməyiblər. Rusiyanın gücünü olduğundan çox yüksək qiymətləndiriblər. Kampaniyanı düzgün dizayn edə və ordunu kampaniyanı aparmaq üçün hazırlaya bilməyiblər. Bundan əlavə, onların müasir kommunikasiya sistemləri yox idi – generallar buna görə öldürülürdü. Bir daha deyirəm ki, onlar qoşunlarına təlim verməyiblər. Biz hər zaman bilmişik ki, onlarda peşəkar orta rütbəli zabit korpusu çatışmır. Halbuki bunlar bizim orduların onurğa sütunudur. Ancaq onlar həddindən artıq çox sayda çatışmazlıq nümayiş etdirdilər. Onların bəziləri gözlənilən, digərləri isə müəyyən qədər təəccüblü idi”.

XS
SM
MD
LG