Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

Ukraynanın əkshücumundan gözləntilər. ‘Miladadək çəkə bilər’


Rusiyanın Belqorod vilayətindən Ukraynanın Xarkov vilayətinə raket atılır, 8 may, 2023-cü il
Rusiyanın Belqorod vilayətindən Ukraynanın Xarkov vilayətinə raket atılır, 8 may, 2023-cü il

Böyük Britaniyanın istefada olan generalı Aleksandr Riçard David Şirreff (Alexander Richard David Shirreff), Avropa Müttəfiqləri Ali Baş Komandanının keçmiş müavinidir. Həmçinin “Rusiya ilə müharibə: Ali Hərbi Komandanlığın təcili xəbərdarlığı” romanının müəllifidir.

Keçən həftə AzadlıqRadiosunun Gürcüstan xidmətinin müxbiri Vaja Tavberidzeyə geniş müsahibəsində Şirreff Rusiyanın Moskvaya hücumlardan şikayətlənməsini qəribə hesab etdiyini deyib:

“Rusiya müharibə başlayandan bəri Ukraynanın şəhərlərinə dəfələrlə hücumlar təşkil edib. İndi isə Moskvaya hücumlardan narazıdır. Keçən həftə Kiyevdəydim və gecənin çox hissəsini bunkerdə keçirdim. Çünki Rusiya Ukraynaya qanadlı raketlər atırdı. Düzünü desəm, bir az qəribə vəziyyətdir. Ukrayna milli baxımdan sağ qalmaq uğrunda mübarizə aparır...

...Digər tərəfdən, Ukraynanın məxfi məlumatların ortalığa çıxmasından sonra öz əks-hücum planlarının ayrıntılarını ABŞ-la bölüşmək istəməməsi məni təəccübləndirməz. Buna görə də Ukrayna təfərrüatları ancaq bilməli olanlara ötürməli və çox kənara sızdırmamalıdır. Təhlükəsizlik müharibənin əsas prinsiplərindən biridir. Bu həm kəşfiyyatın təhlükəsizliyinə, həm də qüvvələrin təhlükəsizliyinə aiddir”.

Əkshücum olmalıdır, amma...

İstefada olan general Rusiyanın Ukrayna tərəfindən dron hücumlarına məruz qalması məsələsini şərh edərkən əlavə edib: “Ukraynanın hərbi məqsədləri hər bir rusiyalı əsgərini suveren Ukrayna ərazisindən çıxarmaq və özünü qorumaqdır. İddia edilən pilotsuz təyyarə hücumları Ukrayna və Amerika arasında gərginlik yaratmaq üçün düşünülmüş Rusiya dezinformasiyası olsa, təəccüblənmərəm. Çünki Amerika haqlı olaraq, münaqişənin nüvə mərhələsinə keçməsini önləməyə çalışır və təbii olaraq, Ukraynanın Rusiya ərazisinə hücumundan narahat olacaq. Ona görə də bu, Amerikanın Ukraynanı bir az yumşaltması üçün hazırlanmış Rusiya dezinformasiyası ola bilər”.

Jurnalistin Kiyevin mümkün əkshücumundan gözləntilərlə bağlı sualına cavabında Şirreff deyib ki, Ukrayna bunu mütləq reallaşdırmalıdır:

“Ukraynanın planlarının nə olduğunu açıq şəkildə bilmirəm, bilməli deyiləm, bilmək də istəmirəm. Onsuz da bunu mənimlə bölüşməyəcəklər. Düşünürəm ki, bir neçə məqamı başa düşməliyik. Əks-hücum olmalıdır. Ukrayna öz torpaqlarını geri almalıdır. NATO ölkələri və digər tərəfdaşlardan verilən dəstəkdən sonra uğur qazana bilməlidir.

...Qışda Rusiyanın bir sıra əks-hücumları uğursuz oldu. Sözsüz ki, Ukrayna Donbası Putinə təhvil vermədi, bu da onların məqsədi idi. Amma eyni zamanda Rusiya vacib müdafiə qurğuları qura, mühüm mina sahələri yerləşdirə bildi. Müdafiə və mina sahələrini keçmək Ukrayna üçün çox böyük problem olacaq. Bu, müharibənin ən çətin əməliyyatlarından biridir”.

Say üstünlüyü

Qüvvələr arasında say nisbətinə, Rusiyanın üstünlüyünə gəlincə, hərbçi deyir ki, hər şey hansı istiqamətə hücum etməkdən asılıdır:

“Amma ümumi hərbi prinsip, düşmənin güclü olduğu yerə hücum etməməkdir. Bu nöqtədə aldatma və təəccübləndirmə əsas prinsiplərdir. Yəni, məqsəd gücü düşmənin ən zəif olduğu yerə cəmləməkdir. Say üstünlüyü olmaya bilər, amma ağıllısınızsa və düşmənin tarazlığını pozursunuzsa, nəticə yaxşı ola bilər. Hərbi tarixdə say üstünlüyü olmayan qüvvələrin uğur qazandığı bir çox nümunə var.

Ümumi prinsip gözləntiləri idarə edə bilməkdir. Pessimist olmaq istəmirəm. Çox istərdim ki, qarşıdan gələn əks-hücum Rusiyanın fəlakətli məğlubiyyəti ilə nəticələnsin, amma məncə, bunun baş vermə şansı olduqca zəifdir. Düşünürəm ki, Ukrayna uğur qazanacaq, ancaq Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisinin həcmini nəzərə alsaq, bu, hələ bir sıra əks-hücumların lazımlığını və ardıcıllığını tələb edəcək. Bu əks-hücumlar Rusiyanın tarazlığını pozan və ard-arda edilən hücumlar olmalıdır. Düşünürəm ki, bu, bir az vaxt aparacaq. Amma ümumi prinsip olaraq deyərdim ki, burada gözləntiləri idarə etməliyik.

Yeri gəlmişkən, Ukrayna Rusiyanın davam edən dağıdıcı hücumlarına qarşı, şərqdə min kilometrdən çox cəbhə xəttini qorumalıdır. Beləliklə, bir əks-hücum olacağını və Ukraynanın bütün hərbi məqsədlərinə çatacağını güman etmək əvəzinə, bunun Milad bayramına qədər bitməyəcəyini düşünmək daha realdır. Məncə, biz burada potensial olaraq iki və ya üç il davam edəcək kampaniyadan danışırıq.

Bu məsələdə NATO və Qərbin Ukraynaya dəstəyinin əhəmiyyəti önə çıxır. Onlar Ukraynanı uzunmüddətli kampaniyada ayaqda saxlamaq üçün effektiv müharibə iqtisadiyyatını inkişaf etdirməyə və investisiya qoymağa başlamalıdırlar”.

“Hesab edirəm ki, Qərb Ukraynanın ehtiyac duyduğu F-16-ları ora çatdırmağa gecikdi. Mütəxəssislər döyüş pilotunun hazırlanmasının nə qədər vaxt aparacağını və sair məsələlərlə bağlı çox danışıblar. Təbii ki, bu cür təlimlər 2022-ci il fevralın 24-də, hətta 2014-cü ilin martında başlasaydı, Ukrayna indi çox fərqli vəziyyətdə olardı”, – istefada olan general deyib.

“İkiqat dəstək” nə deməkdir

Yanvarda yazdığı məqalədə dəstəyin “ikiqat artırılması” məsələsinə toxunan Şirreff AzadlıqRadiosuna müsahibədə bu məsələyə də toxunub: “Dəstəyi “ikiqat artırmaq” Ukraynaya F-16-ların və gərəkən sursatların verilməsi deməkdir. Bu, hər bir Qərb tərəfdaşının hərbi texniki təchizatı artırması üçün müharibə iqtisadiyyatı gerçəkləşdirməsi deməkdir. Həmçinin “ikiqat artım” NATO-nun öz hərbi gücünü də artırması deməkdir. ...Bunu müharibə başlayandan bəri deyirəm. Qərb ən pis vəziyyətə hazır olmalıdır. "Ən pis vəziyyət" nədir? Yəni, Rusiya ilə müharibə. Buna hələ çox var, amma yeni yanaşma görmürük.

...Məncə, Qərb davamlı əks-hücumlar üçün, Ukraynaya gərəkən təchizatı ikiqat artırmalıdır. Digər ehtimal isə iki-üç il ərzində Ukraynanın yekun qələbəsi dəstəkləmək üçün NATO-nun birbaşa müdaxiləsi ola bilər. Bu təkcə Ukraynaya qarşı müharibə deyil, həm də Qərbə qarşı müharibədir. Yeri gəlmişkən, bir faktı da əlavə etmək istərdim ki, Gürcüstan da Ukrayna kimi Qərbin bir hissəsidir. Və Gürcüstanın 20 faizi Rusiya tərəfindən işğal olunub.

...Moskva ikinci Rusiya İmperiyasını yenidən qurmaqda qərarlıdır və danışıqlar yolu ilə atəşkəsə nail olarsa, istirahət edəcək, özünə gələcək və hər şeyə yenidən başlayacaq. Bu dəfə onun hədəfi təkcə Ukrayna yox, həm də Gürcüstan, Moldova, Baltikyanı ölkələr və Polşanın şərqi olacaq. Ukrayna və Avropanın təhlükəsizliyinin yeganə yolu Ukraynanın NATO-ya üzv olmasıdır. Gürcüstanı və Moldovanı da bura aid edərdim.

...Və son olaraq demək istəyirəm ki, Rusiya Sovet İttifaqının etdiklərini təkrarlaya bilməyəcək. Çünki Sovet İttifaqı təkcə Rusiyadan ibarət deyildi, ölüm-dirim müharibəsi aparırdı, bütün sovet respublikalarının əhalsinini səfərbər etmişdi. İndiki müharibə isə işğalçı müharibədir və son nəticədə Rusiya bunu davam etdirə bilməyəcək”.

XS
SM
MD
LG