Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Putinin paradına gedən Orta Asiya liderləri nələri gözə alıb


Putin paradda
Putin paradda

Keçən həftəyədək Qırğızıstan prezidenti Sadır Japarov Rusiyanın Qələbə Günü hərbi paradında iştirak etməyi planlaşdıran yeganə Orta Asiya Asiya lideri idi.

Pilotsuz təyyarənin Kreml binasının bir hissəsini yandırmasından sonra Japarovun parada gedəcəyinə şübhələr vardı. Moskva dron hücumunun Rusiya lideri Vladimir Putinə sui-qəsd planı olduğunu iddia etsə də, Kiyev dərhal ittihamı rədd edib.

Lakin 9 May Qələbə günü ərəfəsində Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri Moskvada miqyası daraldılmış, ciddi nəzarət altında keçiriləcək hərbi parada gəlmişdilər.

Belarus lideri Aleksandr Lukaşenkanın və Ermənistanın baş naziri Nikol Paşinyanın da Moskvada olması, Orta Asiyanın son 15 ayda beynəlxalq aləmdən daha çox təcrid olunan Rusiya üçün dayaq rolu oynadığını bir daha vurğuladı.

Onların hamısı Putinin Qərbi tənqid etdiyi çıxışını dinlədilər. Putin həmçinin “xüsusi hərbi əməliyyat”ın döyüşçüləri ilə qürur duyduğunu ifadə edib və vurğulayıb ki, digər liderlərin Moskvada onunla birlikdə olması “çox vacibdir”. Onlar birlikdə “qeyri-rəsmi səhər yeməyi” yeyiblər.

Litvada yerləşən Şərqi Avropa Araşdırmaları Mərkəzindən Dionis Cenusa Twitter-də yazıb ki, Orta Asiya liderlərinin hər birinin Kremllə öz “işgüzar əlaqələri” var.

Müharibə başlayandan bəri Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək Orta Asiyada ən qabarıq mövqe tutdu, eyni zamanda Moskvaya sanksiyalara zərbə vurmayacağını vəd edib.

Qazaxıstana təhdidlərin sonu

Buna baxmayaraq, keçən il işğal başlayandan bəri verilən bəyanatların heç birində Moskva birbaşa tənqid olunmadı. Bəzi rusiyalı ekspertlərin və siyasətçilərin cənub qonşusunu Ukraynaya bənzər işğalla təhdid etməsinə baxmayaraq, Astana nisbi təmkinlilik nümayiş etdirdi.

Politoloq Dimaş Aljanov AzadlıqRadiosunun qazax xidmətinə bildirib ki, prezident Qasım-Jomart Toqaevin mayın 9-da keçirilən paradda iştirakı “Qazaxıstanın müstəqil olması və balanslaşdırılmış xarici siyasət yürütməsi ilə bağlı bütün söhbətləri dağıtdı”.

“İqtisadi və siyasi müstəqilliklərinin əsasını qoya bilməyən Orta Asiya ölkələri Kremlə qarşı dura bilməz”, – Aljanov əlavə edib.

Ötən həftələrdə Qazaxıstan, ABŞ, Böyük Britaniya və Aİ-nin Rusiyaya qarşı sanksiyalarının icrasını müzakirə etməyə gələn bir çox Qərb rəsmilərini qəbul edib.

Qazaxıstan regionda ikinci dərəcəli sanksiyalara ən çox məruz qala biləcək ölkə olmasına baxmayaraq, hələ də Rusiyanın böyük təsiri altındadır.

Bu vəziyyət, ötən il Qazaxıstan xam neftini Rusiya ərazisindən daşıyan və Rusiyanın Qara dənizdəki Novorossiysk limanında qurtaran neft kəmərində çoxsaylı fasilələr zamanı özünü qabarıq göstərib. Qazaxıstan rəsmiləri tərəfindən dilə gətirilməsə də, kəsintilər Qazaxıstandan daha çox dəstək almaqdan ötrü Moskvanın boru kəmərindən təzyiq vasitəsi kimi istifadə etməsi sarıdan narahatlığı artırıb.

Japarov səhər yeməyinə qatılmayıb

Orta Asiyanın iki ən kasıb ölkəsi olan Qırğızıstan və Tacikistan məntiqi olaraq regionun Rusiyadan ən çox asılı ölkələridir.

Keçən il Ukraynadakı müharibəyə baxmayaraq, Rusiyada işləyən yüzminlərlə Tacikistan və Qırğızıstan vətəndaşının evlərinə göndərdiyi pul köçürmələrinin sayı artıb. Bu iş yeri çatışmazlığı və yüksək inflyasiya ilə üzləşən iqtisadiyyatları dəstəkləməyə kömək etdi.

2021-ci ildə, koronavirus pandemiyasının davam etdiyi 9 May paradında iştirak edən yeganə xarici lider Tacikistan prezidenti Emomali Rəhmon idi. Bu, Tacikistan və Qırğızıstanın sərhəd münaqişələri dövrünə, hər iki tərəfdən onlarla insanın ölümü ilə nəticələnən toqquşmalardan bir həftə sonraya təsadüf edirdi. Onda bir çox qırğızıstanlı Rusiyanın Tacikistana səssiz dəstək verdiyini düşünmüşdü.

Paraddan əvvəl keçirilən qeyri-rəsmi səhər yeməyinin fotoları Japarovun yeməkdə iştirak etmədiyini göstərir. Sosial şəbəkələrdə yayılan söhbətlərə görə, o, Rəhmonla eyni masa arxasında oturmaq istəməyib.

Türkmənistanda Kreml təbliğatı

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Moskvadakı paradda iştirakı, son illərdə Türkmənistan-Rusiya münasibətlərinin istiləşməsini göstərir.

Aşqabadın Çinə təbii qaz satışından asılı olduğu bir vaxtda, Rusiyanın enerji nəhəngi “Qazprom”un Türkmənistan qaz bazarına yenidən daxil olmaq və bu asılılığı bir qədər kompensasiya etmək qərarı, ölkənin avtoritar rejimi üçün mükəmməl dərman oldu. Qərbin isə bu təcrid olunmuş ölkəyə təsiri çox azdır.

AzadlıqRadiosunun müxbirləri keçən il xəbər verirdilər ki, Türkmənistan təhlükəsizlik xidmətləri gənclərlə görüşlərində anti-Qərb və anti-Kiyev xəttini fəal şəkildə təbliğ edir, Ukrayna müharibəsini Qərb mediasının “toksik təsiri” ilə əlaqələndirirlər.

Özbəkistanın seçki dərdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ona 2040-cı ilə qədər vəzifədə qalmağa imkan verəcək növbədənkənar prezident seçkiləri təyin etdikdən sonra Moskvaya gedib. Bundan öncə isə konstitusiya dəyişikliklər ilə bağlı referendum keçirib. Özbəkistan lideri 9 iyul seçkisində heç bir real rəqiblə qarşılaşmayacağına əmin ola bilər, çünki ölkədərəqabətli seçkilər ənənəsi yoxdur.

Bununla belə, o, son vaxtlar Qaraqalpaqıstan muxtar respublikasında qanlı iğtişaşlar, xroniki enerji çatışmazlığı və davamlı inflyasiya ilə sarsılan hakimiyyətinə dəstək cəlbi üçün Moskvayla ehtiyatlı davranacaq.

Bu ilin martında Mirziyoyev müttəfiqi Moskvaya hərtərəfli dəstək təklif edərək, Rusiya və Özbəkistanın "ən çətin anlarda" birlikdə olduqlarını və birlikdə olacağını vəd edib.

Ötən ilin oktyabrında o, Putini Özbəkistanın ən yüksək “Dostluq” ordeni ilə təltif edib.

Lakin iki ölkə arasında möhkəmlənən əlaqələr, Özbəkistanı, 2012-ci ildə tərk etdiyi və Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yenidən qoşulmağa razı sala bilməyib. Özbəkistan Avrasiya İqtisadi Birliyinə də qoşulmağa razı deyil.

Yaxın münasibətlər Daşkəndin BMT-dəki mövqeyini də dəyişməyib; Özbəkistan və daha dörd Orta Asiya ölkəsi Rusiyanın Ukraynadakı müharibəsini pisləyən BMT qətnamələrində indiyədək bitərəf qalıb və ya səsvermədə iştirak etməyib.

XS
SM
MD
LG