Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:07

'Tərtər işi' üzrə bəraət alan iki nəfərin hərəsinə 118 min manat ödənəcək


Vətənə xəyanətdə suçlanan hərbçilərin ailələri prezidentə şikayətə gəlib
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Vətənə xəyanətdə suçlanan hərbçilərin ailələri prezidentə şikayətə gəlib (2019)

Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub 5 il 6 ay sonra bəraət alanlardan bir neçəsinə dövlət 118 min manat təzminat ödəməlidir. Bu barədə Nəsimi rayon Məhkəməsində hakim Nail Abbasov mayın 19-da iki qərar çıxarıb. Bu qərarlardan biri Zaur Abdullayev, digəri isə Vəli Xəlilovun iddia tələbi üzrə çıxarılıb.

Onların hər ikisi 2017-ci ilin mayında həbs olunub, 2022-ci ilin dekabrında bəraət alaraq azadlığa çıxıblar. Həm Abdullayev, həm də Xəlilov məhkəməyə müraciətində göstərib ki, heç bir cinayət törətmədikləri halda, həbs olunublar, ilk aylarda dözülməz işgəncələrə məruz qalıblar. Onlar vurğulayıb ki, özləri ilə yanaşı, yaxınları da iztirab çəkib, ailələri dağılıb, uşaqları atasız böyümək məcburiyyətində qalıb.

Təzminat tələbi

Həm Abdullayev, həm də Xəlilov müddətdən artıq xidmət edən (MAXE) hərbçilər olub. Abdullayev 17 il, Xəlilov isə 10 il azadlıqdan məhrum edilib.

35-yaşlı Abdullayev mənəvi zərərə görə 150 min, maddi zərərə görə isə 52 min 905 min manat təzminat tələb edib. O göstərib ki, aylıq maaşı 801 manat idi və həbsdə olduğu 66 ay ərzində bu məbləğin maddi ziyanın əvəzi olaraq ona ödənilməsini istəyir.

36-yaşlı Xəlilov isə mənəvi ziyana görə 200 min, maddi ziyana görə isə 46 min manat tələb edirdi.

Maliyyə Nazirliyi etiraz edib

Hər iki işdə cavabdeh qismində Maliyyə Nazirliyi qoyulmuşdu. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına qatılmasa da, elektron vasitə ilə məhkəməyə etiraz göndərilib. Etirazda göstərilib ki, Maliyyə Nazirliyi bu şəxslərin hüquq və azadlıqlarını pozmayıb.

"Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, kompensasiya tələbinin Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Maliyyə Nazirliyinin büdcə təşkilatlarının əvəzinə vəsaiti hər hansı təyinata yönəltmək səlahiyyəti yoxdur", – etirazda belə yazılıb.

Nazirlik yada salır ki, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Tərtər hadisələri ilə bağlı 2017-ci il mayın 7-də bəyanat yaymışdı. Ona görə də həmin orqanlar bu məhkəmə işinə cəlb olunmalıdır.

Lakin məhkəmə bu etirazla razılaşmayıb. Kompensasiyanın məbləğinə gəlincə, mənəvi ziyanın əvəzi olaraq hər ay üçün 1000 manat olmaqla, 66 min manat hesablanıb. Maddi ziyan isə həbsdə olduqları 66 ay ərzində alacaqları maaş hesablanıb.

Zaur Abdullayevə mənəvi ziyana görə 66 min və 52 min 879 min manat olmaqla, ümumilikdə 118 min 879 manat, Vəli Xəlilova isə 66 min və 52 min 649 manat olmaqla, ümumilikdə 118 min 649 manat təzminat ödənilməsi haqda qərar qəbul edilib.

Xatırlatma

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib.

Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib. Bunlardan hər birində dörd nəfər olan iki qrup Tərtər, beş nəfərlik bir qrup isə Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.

XS
SM
MD
LG