Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:55

Əliyev Ermənistanın 29.8 min kvadrat kilometrlik ərazisini tanıyırmı?


Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev (Arxiv fotosu)

İyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

Daha sonra, iyulun 21-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün planlaşdırıldığı xəbər verilib.

İlham Əliyev mayın sonunda Moskvada keçirilən üçtərəfli görüşdə demişdi ki, Bakı və Yerevanın bir-birinin ərazi bütövlüyünü tanımasından sonra tərəflər arasında bütün başqa məsələlərin həlli xeyli asanlaşacaq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 5-də demişdi ki, tərəflər arasında sülh müqaviləsi artıq bu ilin sonunadək imzalana bilər.

“Ümid edirəm ki, Azərbaycan yaxın zamanda məhz belə bir bəyanatla çıxış edəcək”

Lakin Ermənistan politoloqlarından Akop Badalyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində belə nikbinliyi bölüşmədiyini bildirib.

Politoloq xatırladıb ki, iki dövlət arasında sərhədin hansı xəritələr əsasında delimitasiya olunacağı bəlli deyil.

Badalyan xatırladıb ki, Ermənistan Azərbaycanın Qarabağ da daxil 86,6 min kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat metrlik sahədə tanıdığını açıq bəyan etməyib.

Azatutyun yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanın belə bir bəyanat vermədiyini etiraf edib:

“Siz düzgün diqqət vermisiniz ki, Azərbaycan prezidenti Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdığını açıq bəyan etməyib. Ümid edirəm ki, Azərbaycanın yüksək rəhbərliyi ən yaxın zamanda məhz belə bir bəyanatla çıxış edəcək”.

“Sülh müqaviləsində ərazi sahəsi göstərilməyəcək”

Lakin Ararat Mirozyan iyunun 5-də parlamentdəki çıxışında bununla yanaşı demişdi ki, ərazi bütövlüyünün rəqəmlərlə göstəricisi gələcək sülh müqaviləsində olmayacaq:

“Ermənistan ərazisinin 29,8 min, Azərbaycan ərazisinin isə 86,6 min kvadrat kilometr olmasına dair bəyanatlar siyasi bəyanatlardır. Söhbət ondan gedir ki, bu iki sosialist respublikası Sovet İttifaqının tərkibində olarkən mövcud olmuş sərhədlər daxilində Ermənistanın Azərbaycana və Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur”.

Mirzoyan vurğulamışdı ki, o ərazi sahələrinə dair rəqəmlərin istənilən gələcək müqaviləyə daxil edilməsinə lüzum görmür.

Mayın 18-də keçirilən hökumət müşavirəsində Paşinyan yenə də Brüsseldə müzakirə olunmuş mövzulara toxunmuşdu.

O demişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq ediblər:

“Mayın 14-də biz mahiyyətcə daha bir addım atmışıq. Avropa Şurası prezidentinin 14 may görüşünün yekunlarına dair bəyanatında deyildiyi kimi biz qeyd etmişik ki, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazidə, Ermənistan isə Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazidə ərazi bütövlüyünü tanıyır”.

Azərbaycanla həmsərhəd kəndlərdə yaşayan ermənilər: "Paşinyan harada olduğumuzu bilsəydi..."
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Xatırlatma

Mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın i.tirakı ilə görüş keçirilib

İyunun 1-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Avropa Şurasının, Fransa və Almaniya rəhbərlərinin iştirakilə görüş olub.

Bundan əvvəl, mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilib.

İyunun 12-də iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda görüşməlidirlər.

Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG