Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

İranda universitet şəhərciklərində geyimə nəzarət gücləndirilir


İranda tələbə qızların etirazı
İranda tələbə qızların etirazı

İranda tələbə təşkilatları paytaxt Tehrandakı Elm və Texnologiya Universitetində geyim kodeksinə nəzarətin gücləndirildiyini, tələbələrin intizama dəvət olunduğunu deyirlər. Ötən ilin sentyabrında gənc qadının guya hicabı düzgün taxmadığına görə saxlandıqdan sonra polisdə vəfatı ölkə boyunca etirazlara səbəb olub. Hakim orqanlar son vaxtlar geyim kodeksinə nəzarəti sərtləşdirib.

11 professor da çağrılıb

Tələbə Gildiyaları Şurasının iyunun 5-də bildirdiyinə görə, ötən həftə sözügedən universitetdə xeyli sayda tələbə, o cümlədən azı 11 professor İntizam Komitəsinə çağırılıb. Onların məcburi hicab qaydasına əməl etmədiyi, universitet rəhbərliyinin təbirincə, “qeyri-adekvat geyindiyi” bildirilir.

Tələbələrin İntizam Komitəsinə çağırılması ilə yanaşı, patrul xidməti göstərən təhlükəsizlik qüvvələrinin universitet şəhərciyində tələbələri geyim qaydaları bəhanəsi ilə təqib etdiyi bildirilir.

Tələbə Gildiya Şurası hətta yataqxanalarda belə tələbələrin həyatına müdaxilə olunduğunu qeyd edir.

Azı 11 professor isə “məktəblərə və qadın tələblərə hücumlara” etiraz ifadə olunan bəyanata imza atdıqlarına görə “Fakültə İntizam Şurası”na çağırılıblar.

Azı 720 tələbə saxlanıb

22-yaşlı Məhsa Əmini ötən sentyabrda polis nəzarətində vəfat edəndən sonra İran universitetləri iğtişaş ocağına çevrilib.

Polis Əmininin ölümünə onun səhhətinin səbəb olduğunu əsas gətirməyə çalışsa da, tərəfdarları deyirlər ki, şahidlər onun nəzarətə götürülərkən döyüldüyünü görüblər. Ailəsi bildirir ki, onun heç bir tibbi problemi olmayıb və səhhəti yaxşı olub.

Universitetlərdə və məktəblərdə etirazçılarla hakimiyyət arasında toqquşmalar baş verib. Təhlükəsizlik qüvvələri isə ölkəboyu təhsil ocaqlarında reydlər keçirib, tələbələri, xüsusilə də qız tələbələri zorakılıqla həbs ediblər.

“Saxlanılanların Vəziyyətini İzləyən Komitənin” hesabatına görə, 2022-ci ilin sentyabrında etirazlar başlayandan indiyədək 720-dən çox tələbə həbs edilib, onlardan bəziləri hələ də həbsdədir.

XS
SM
MD
LG