Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:57

‘Sıfırdan başlayacağam’. Çağırış vərəqəsi gələn üç uşaq anasının hekayəti


 Renata Jiltsova
Renata Jiltsova

Renata Jiltsova gənc yaşında həyatda az şey qazanmayıb – həkim əri və üç uşağı ilə sabit həyatı, evi, bağı və neyrocərrah karyerası vardı. Di gəl, cəmi 33 yaşı olan Renata Rusiya Ukraynanı işğal etməyə başlayanda evini, işini, ölkəsini tərk etməli olub. Üstəlik, Sibirin Omsk şəhərindəki hərbi komissarlıqdan çağırış vərəqəsi də alıb.

“Bunun bir səhv olduğunu düşündüm, axı, üç uşaq anasıyam”, – Jiltsova AzadlıqRadiosuna danışıb. Amma ona deyiblər ki, cəbhə xəttinə göndəriləcək.

“Çağırış idarəsinin xanım əməkdaşları mənə gülərək deyirdilər: ‘Cəbhədə olacaqsan... səngərdə, əlində silah olacaq. Nədən narahatsan? Orada çoxlu gənc kişilər var, xoşuna gələcək’”, – hazırda üç övladı ilə Qazaxıstanda yaşayan Jiltsova danışır.

“Onlar qadın həkim olaraq təkcə məni müharibəyə göndərdimirdilər. Qadın ginekoloqlar, diş həkimi dostlarım var ki, müharibəyə cəlb olundular. Bəzilərinin körpə uşaqları vardı”, – o, sözlərinə əlavə edir.

Bu arada Jiltsovanın ərinə həkimliyinə görə hərbi xidmətdən möhlət verilib. Qadın şübhələnir ki, işğalın ilk günlərində müharibəyə qarşı çıxışına görə səfərbərliklə cəzalandırılıb.

Qohumları müharibəni dəstəkləyir

Jiltsovanın qohumlarının çoxu müharibəni dəstəkləyir. Sahibkar atası deyir ki, Prezident Vladimir Putin gərək Ukraynanı 10 il qabaq işğal edərdi. Omskda neft şirkətində işləyən anası isə Jiltsovanı müharibəyə qarşı çıxmaqdan ötrü bəzi ölkələrdən pul almaqda ittiham edir.

Artıq ayrıldığı əri də işğalı dəstəkləyir. Keçmiş əri Rusiyada məhkəməyə müraciət edərək uşaqlarına tam qəyyumluq əldə etməyə çalışır. Jiltsova narahatdır ki, məhkəmə antimüharibə baxışlarına görə ona qarşı qərar çıxaracaq, hətta Qazaxıstanda belə övladlarını əlindən alacaqlar.

Rusiyadakı valideynlərinə zəng edəndə Jiltsova müharibədən söz salmamağa çalışır. Çünki bu zaman söhbət qızğın mübahisəyə çevrilir, valideynləri dəstəyi asırlar.

Qazaxıstanda isə o, çoxlu dostlar qazanıb, deyir, yaşadığı blokda hər kəs onu tanıyır.

Dəyişən ictimai rəy

Ancaq Rusiyadakı qohumları kimi yeni dostları və qonşularının çoxu da Kremlin Ukraynadakı müharibəsini dəstəkləyir.

“Burada adamlar gözəl, açıq, dostcasına davranırlar, amma anladım ki, yerlilər də Putini dəstəkləyir. Hamı qəti şəkildə bir fikirlə razılaşır ki, Ukraynaya hücumun vaxtı çatmışdı”, – Jiltsova vurğulayır.

Ancaq noyabrda aparılmış bir rəy sorğusu Qazaxıstanda Ukrayna müharibəsinə dair ictimai fikrin münaqişənin ilk ilində dəyişdiyini üzə çıxarıb. Yəni, ictimaiyyət getdikcə Kremlə mənfi yanaşır.

Demoscope sorğu şirkətinin məlumatına görə, respondentlərin 22 faizi Ukraynaya dəstək bildirib ki, bu da münaqişənin əvvəlindən iki dəfə çoxdur.

Rusiyanı isə respondentlərin cəmi 13 faizi dəstəkləyib. 2022-ci ilin martında bu göstərici 39 faiz idi.

Qazaxıstana axışan rusiyalılar

Ötən ilin fevral-mart aylarında Qazaxıstana xeyli sayda rusiyalı axışıb. Sentyabrın sonunda, Moskva hərbi səfərbərlik elan edəndə isə mühacirlərin ikinci dalğası başlanıb.

İkinci dalğada Qazaxıstana əsasən çağırış yaşında olmaqla 930 mindən çox rusiyalının getdiyi bildirilir. Sonradan onların əksəriyyəti başqa ölkələrə gedib.

Qazaxıstanda isə 146 min rusiyalı qalıb. Rəqəmləri ötən ilin dekabrında Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

Jiltsova artıq Qazaxıstanda müvəqqəti iş tapıb, uşaqları məktəbə gedirlər. Ancaq o, Qazaxıstandan getmək, Avropaya köçmək istəyir.

Deyir, Rusiyadan çıxmağına peşman deyil. Yaxşı işini, evini, bağını, uşaqlarının yaxşı məktəblərini qoyub getmək “asan olmasa da”...

“Digər tərəfdən xoşbəxtəm ki, döyüş səngərində deyiləm, sağam, uşaqlarım yanımdadır. Özümü 16 yaşında hiss edirəm, hər şeyi sıfırdan başlayacağam”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG